Главная » Müxtəlif

Riya

23 августа 2010 Один комментарий

Tərk edilməsi zəruri olan əsas xüsusiyyətlərdən sayılan riya barədə qısaca məlumat versək, məqsədəuyğun olar. Riya insanın diqqətini özünə cəlb edib, əməllərinin aşkarlanması və özünü göstərməsi üçündür.

Riyanın əlamətləri

Ayə və rəvayətlərə əsasən riyakarlara aşağıdakı xüsusiyyətləri aid etmək olar:

münafiq və ikiüzlüdürlər ;

xalqın gözü qarşısında həvəslə, böyük ruhiyyə ilə ibadət edirlər;

təklikdə düşkün və halsızdırlar (ibadətə qarşı) ;

bütün işlərdə hamının onları tərifləməsini sevirlər;

onları tərifləyəndə əməllərini artırırlar;

təriflənməyəndə əməllərini azaldırlar;

hiyləgər və kələkbazdırlar;

etdikləri yaxşı əməlləri başqalarının üzünə vururlar;

insanların boynuna minnət qoyurlar;

insanların əlinə göz dikib Allaha təvəkkül etmirlər;

Allahı qəlbən yox, dildə zikr edirlər;

özünüsevən və lovğadırlar;

qarınqulu və rahatlıq sevərdirlər.

Bununla əlaqədar bir neçə ayə və hədislərə diqqət yetirək:

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət və əziyyət verməklə puça çıxarmayın…” («Bəqərə» — 264).

“Münafiqlər Allahı aldatmağa çalışırlar. Hadbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər.” («Nisa» — 142).

“Vay halına o namaz qılanların ki, onlar namazlarında qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtı-vaxtında qılmazlar). Onlar (ibadətlərində) riyakarlıq edər, (xalqa) zəkat verməyi qadağan edərlər.” («Maun» — 4,5,6,7).

“(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər kimi olmayın” («Ənfal» — 47).

Peyğəmbər(s) buyurur: “….(Riyakar) təklikdə süst və halsız, xalqın gözü qarşısında isə fəal və çalışandır. Onun bütün işləri başqalarının tərifinə həris, bütün əməlləri insanlar arasında özünü gözəl və xeyirxah cilvələndirmək üçündür.”

Əmirəl-möminin(ə) buyurur: “Riyakarın üç əlaməti vardır: başqalarının gözü qarşısında (ibadətə qarşı) yüksək ruhiyyəli, təklikdə isə süst və halsızdır. Xalqın onu əməllərinə görə tərifləməsini sevir.”

Riya nəticəsində əməlin batil olması. Riya insanın ibadətini batil və məhv edir. Allah-təala “Bəqərə” surəsinin 264-cü ayəsində riyakarlıqla sədəqə paylamağı minnət qoymaq, əziyyət verməklə yanaşı çəkərək batil bilir. Fəqih və ariflər də əməllərin heçə uğramasında riyanı ən əsas amil hesab edirlər. Riya cüzam mikrobu kimi ibadəti içəridən çürüdüb mənasız edir. Riyakarlıqla görülmüş əməllər bircə dəfə küləyin əsməyi ilə kökündən qopan qurumuş ağac kimidir. Amandır, riyadan çəkinin, bu barədə həmişə Allaha pənah aparın. Ağlar göz və təvəssül etməklə özünüzü bu uçurumdan qoruyun. Qoy “Səhifeyi-Səccadiyyə” dualarının bu sətirləri göz yaşları ilə bircə dilinizin əzbəri olsun:

“…İlahi! İbadətlərimizi riya ləkəsindən təmizlə ki, ibadət edərkən başqasını Sənə şərik etməyək və məqsədimiz Səndən başqa heç kim olmasın.” (44-cü dua).

İmam Sadiq(ə) buyurur: “Riyakarlıqla görülmüş əməldən başqa Allah bütün xeyir əməlləri qəbul edir.”106

Başqa bir rəvayətdə isə o ali Cənab söyləyir: “Allah-təala buyurur: «Mən ən yaxşı şərikəm. (Demək, ey bəndəm, ibadətdə başqasını mənə şərik qoşma! Çünki) Saf niyyətlə görülmüş əməldən başqa kim nə qədər riyakarlıqla xeyir əməl görərsə, onun heç birini qəbul etmərəm.”

“Bütün riyakarlıqlar şirkdir. Kim xalqa görə işləyərsə, muzdu xalqın boynuna, Allah üçün işləyərsə, savabını Allah verəcəkdir.”

Məhəmməd ibn Ürfə belə yazır: İmam Riza(ə) mənə buyurdu: “Vay olsun sənə, ey Ürfənin oğlu! Başqalarının xatirinə yox, saf niyyətlə hərəkət et. Çünki hər kim Allahdan qeyrisi üçün əməl edərsə, Tanrı onu əməlinin öhdəsinə qoyar.”

Başqa bir hədisdə Peyğəmbər(s) buyurur: “Mələklər bir bəndənin əməlini yuxarı aparanda sevinir, lakin yaxşı işlər kimi görünən o əməli yuxarı aparanda Allah-təala buyurar: «O əməlləri Siccinə (günahkarların əməllərinin məhkəməsinə) atın, çünki həmin əməllər mənə xatir yox, riya üzündən yerinə yetirilmişdir.”

Əməldən sonra riya.

Böyük fəqihlər buyurmuşlar ki, əməldən sonra riya etmək ibadəti batil etmir, çünki əməl öz yerində doğru və düzgün yerinə yetirildiyindən sonradan edilmiş riyakarlıq onun keyfiyyətini dəyişmir, amma bəzi hədislərdə söylənilmişdir ki, əməlini başqalarına demək həmin əməlin savabının azalmasına səbəb olar. Bunu təkrar etdikdə isə özünə riya rəngini alır, beləliklə, ibadəti batil və məhv edir. Buna görə də kiçik bir səhvə yol verməklə çəkilmiş zəhmətlərin hədər getməməsinə diqqət yetirməliyik.

İmam Baqir(ə)-dən nəql olunur: Əməli qoruyub saxlamaq onu yerinə yetirməkdən çətindir. Soruşdular ki, əməli qoruyub saxlamq nədir? Buyurdu: «İnsan Allaha xatir saf niyyətlə sədəqə verir və bu gizli əməl kimi onun əməllər kitabçasına yazılır. Sonra həmin hərəkəti başqalarına dediyindən aşkar xeyir əməl kimi qeyd olunur. Bunu təkrar etdikdə isə o iş onun əməllər kitabçasından silinib yenidən riya kimi oraya yazılır.»

«Nəcm» surəsinin otuz ikinci ayəsinin (“…..Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!”) təfsirilə bağlı imam Sadiq(ə)-dən belə nəql olunur: “Özünü təmizə çıxartma və tərifləmə insanın xeyir əməllərini, oruc, namaz və sair ibadətlərini başqalarına danışmasıdır”. Sonra yenə buyurur: “Möminlərdən bəzisi həzrəti-Əli(ə)-nin hüzurunda namazı, orucu və digər ibadətlərindən söhbət açmışdılar. Həzrət söylədi: «Amma mən (Əli) gecə-gündüz yatıram. Arada vaxtım olanda yenə də yatıram». Bu sözü İmam(ə) kinayə ilə nəsihət məqsədilə demişdir ki, safniyyətli bəndə özünü tərifləyib hərəkətlərini başqalarının üzünə vurmasın.

Buna görə müstəhəb əməl, ibadət, sədəqə və ehsanların gizlində edilməsi buyrulmuşdur, çünki müstəhəb əməllər vacib ibadətlərdən daha çox riya və şeytani vəsvəsələrə məruz qalır.

Riya böyük günahlardandır.

Riya əməli batil etməkdən əlavə, həm də böyük günahlardan sayılır, çünki riya şirk dərəcəsindədir. Şirk isə ən böyük günahlardan hesab olunur.

Peyğəmbər(s) bir hədisdə buyurdu: “Şübhəsiz, sizin üçün qorxduğum şey kiçik şirkdir. Soruşdular ki, ey Allahın Rəsulu, kiçik şirk nədir? Buyurdu: «Riya. Allah-təala qiyamət günü bəndələrinin mükafatını verən zaman riyakarlara belə xitab edər: Gedin ibadət etdiyiniz şəxslərin yanına! Görün, əməllərinizin mükafatını onlardan ala bilərsinizmi?” Başqa bir rəvayətdə isə Peyğəmbər(s) buyurur: “Riyakarlıqla namaz qılıb oruc tutan şəxs müşrikdir.”

Rəvayətlərin birində isə o Həzrətdən belə nəql olunur: “Həqiqətən, cəhənnəm riyakarların əlindən ah-nalə edər. Soruşdular ki, ey Allahın Rəsulu, cəhənnəmin atəşi necə ah-nalə edə bilər? Buyurdu: Riyakarların düçar olduğu atəş əzabının hərarətinin şiddətindən». (Bəlkə də burada məqsəd riyakarların atəş əzabının gurultusudur.)

Yenə Mühəmməd (s)-dən belə nəql edirlər: “.Qiyamət günü əməllərini riyakarlıqla yerinə yetirənlərə deyilər: Siz namazı, orucu, sədəqəni, cihadı, Quran oxumağı camaat arasında haqqınızda danışılmağa görə yerinə yetirdiniz. Xalq da sizin işləriniz haqda bir-birinə danışdı.” Sonra buyurdu: “Cəhənnəm atəşi ən birinci bunları yandıracaqdır.”

Həzrəti Əli(ə) buyurur: “Riya şirkdir.”

Bəhsin xülasəsi.

Keçən bəhslərdən belə nəticəyə gəlirik ki, insan səadətinin bünövrəsi saf niyyət və ixlasla bəndəlik etməkdir. Əgər biri riya qoxulu iş görərsə, İlahinin dərgahında qəbul olunmaz, Qiyamət günü əliboş məhşər çölünə daxil olar. Çünki dünyada elə bir əməl görülməmişdir ki, əcr və mükafatını axirətdə alsın. Buna görə də hər bir əməli bəndə üçün yox, yalnız və yalnız Allaha xatir etmək lazımdır. Əgər bir şəxs gizlində Allaha xatir xeyir iş görərsə, Uca Tanrı elə bu dünyada da onu xeyirli bir insan kimi xalqa tanıtdıracaqdır. Belə buyurulur: “Gizlətmək səndən, aşkar etmək məndən”

Riya yalnız ibadət və ibadət xarakterli əməllərdə haram buyurulmuşdur. Başqa əməllərdə isə əməli dəyərsiz etməsinə baxmayaraq, haram olması haqda bir dəlil, sübut tapmadıq. Allah isə daha yaxşı biləndir.

«İslamda əxlaq»

1 şərh »

  • Ülvi yazır:

    Çünki dünyada elə bir əməl görülməmişdir ki, əcr və mükafatını axirətdə alsın. (almasın olmalıdır yəqin)

    Salam, məqalənin bu cümləsində səhv var? Yoxsa səhv edirəm?