Главная » Qədr gecəsi

Qədr gecəsinin əhəmiyyəti

26 августа 2010 Нет комментариев

Qədr gecəsinin iyirmi birinci gecəsi, qədr gecələrindən biridir. On doqquzuncu gecəyə münasibətdə iyirmi birinci gecənin qədr gecəsi olması daha çox ehtimal edilir. Bu əziz gecənin əhəmiyyət və əzəməti Qurani-kərimdə aydın şəkildə bəyan olunmuşdur. Fürsəti qənimət saymalı, ömrümüzün bu dəyərli anlarının boşa getməsinə yol verməməliyik. Olsun ki, kimlərsə rəvayətlərdə buyurulan, alimlərin nəql etdiyi məlumatlara şübhə ilə yanaşır. Amma Qurana zərrəcə imanı olan kəs qədr gecəsinin dəyərini inkar etmir. Allah-taala öz səmavi kitabında aydın şəkildə buyurur: “Qədr gecəsi min aydan üstündür.” Min ay səksən üç il dörd ay deməkdir. Bu həqiqətə inam insanı qədr gecəsinə diqqətli olmağa, həmin gecənin anlarının qədrini bilməyə sövq edir. Əlbəttə ki, əməllərin ən üstünü şəriətin vacib buyurduğu əməllərdir. Əgər bir insanın öhdəsində qəza namazı varsa, imkanı həddində həmin gecə qəza namazlarından qılsın. Əgər bir müsəlmanın boynunda xüms və zəkat, qohumların və qonşuların haqqı varsa, çalışsın ki, bu haqdan heç olmaya bir qədərini ödəsin. Əgər mömin şəxs kiminləsə küsülüdürsə, həmin gecə barışmağa çalışsın. Unutmamalıyıq ki, günahlara diqqət ən vacib əməllərdəndir. Vacib əməllərdən sonra Quran oxumaq, zikrlər söyləmək və Allahla raz-niyaz etmək həmin gecənin faydalı işlərindəndir.

Qədr gecəsi yerinə yetirilməsi məsləhət görülən müstəhəb əməllər din rəhbərlərinin və alimlərinin buyuruqlarında əks olunmuşdur. Mərhum Şeyx Səduq imamiyyə şiə etiqadı əsaslarından bəhs edən dərsində buyurmuşdur: “Bizim etiqadımıza əsasən, qədr gecəsi iyirmi birinci gecə ilə iyirmi üçüncü gecə arasındadır. Həmin gecələri ibadət üçün oyaq qalmaq min ay oyaq qalmaqdan üstündür.” Alim sonra belə əlavə edir: «Həmin gecələri elmi söhbətlərə məşğul olmaq daha yaxşıdır.” Əlbəttə ki, alim dini söhbətləri, insanı Allaha yaxınlaşdıran mövzuları nəzərdə tutur. Alim bunu da nəzərdə tuta bilər ki, qədr gecəsi elmi müzakirələrə məşğulluq mərifət və agahlıqdan uzaq oyaqlıqdan (ehyadan) üstündür. Bu o demək deyil ki, elmi söhbətlər bütün ibadətlərdən üstündür. Elmi müzakirələr vacib əməllərdən, başqalarının haqqının ödənməsi kimi zəruri ibadətlərdən üstün ola bilməz. Alimin nəzərdə tutduğu ibadətlərin agahlıq və mərifətlə həyata keçməsidir. Çünka agahlıq və mərifət ibadətin dəyərini yüksəldir.

Heç şübhəsiz, qədr gecəsinin ən mühüm ibadətlərindən biri Əmirəl-mömininə (ə) məhəbbətin izharıdır. Əmirəl-möminin Əli ibn Əbu Talib tarixin ən məzlum qəhrəmanıdır. Bu məsum şəxsə əzadarlıq min ayın ibadətlərindən üstündür. Mən qədr gecələrini Əmirəl-mömininə əzadarlıqla keçirən insanlar qarşısında baş əyirəm. Onların əlindən öpürəm ki, təqvalılar mövlasının xatirəsini yaşadırlar. Amma unutmamalıyıq ki, əzadarlıqlar, növhəxanlıqlar bir-birindən fərqlənir. Əzadarlığa dəyər verən əzadarların mərifətidir. Əmirəl-möminini daha yaxşı tanıyan insanın əzadarlığı daha dəyərlidir. Belə insanlar həmin əzadarlıqdan böyük ruhi qida alırlar. Mən fürsəti qənimət sayıb Peyğəmbər (s) və onun əhli-beytinin (ə) məqamı haqqında danışıram. Ümid edirəm ki, bu yolla həmin insanlarla tanışlığımız artsın.

«İnsan həyatında təqlidin rolu»

Şəhr yazma dayandırılıb.