Səbir və dözümün təsirləri
Rəvayətlərdə səbir və dözümün dəyəri və mühüm təsirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-möminin Əlinin (ə) səbir və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: “Sizə səbirli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbirsiz imanın da xeyiri yoxdur”. Həzrət Əli (ə) bu dərin mənalı müqayisəsində səbir və dözümün ali təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbir və dözüm də həmçinin belə bir funksiyaya malikdir. Səbirin sayəsində yaxşı görmək, eşitmək, hiss etmək və dərk etmək olar ki, biz kimik, hara gedirik və indi nə etməliyik? Bu fəsili İmam Əlinin (ə) digər bir dərin mənalı sözü ilə sona çatdırırıq. Həzrət (ə) buyurur: “Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını nicat gəmisi ilə yarıb irəli gedin”. Bu gəmi namazdan, duadan, təvəkküldən (ümid etməkdən), birlikdən, doğru–düzgün rəhbərə itaət etməkdən, dözümdən, həmişə şəhidliyə hazır olmaqdan, haqq qarşısında razı və təslim olmaqdan, şükür etməkdən, agahlıqdan və s. ibarətdir. Qısa bir cümlə ilə desək, müsibət və giriftarçılıq dəryasının nəhəng dağ kimi dalğalarını kamil iman gəmisi ilə yarıb irəli gedin. Şairlərin padşahı deyir:
Mıxın sıxıntısı, sarsılmazlığı
Faydalıdır ibrət götürsə bəşər.
Yağdıqca başına ağır zərbələr
O da göstərəsi daha çox əsər.
Xüsusilə dua etməyi yaddan çıxartmayaq ki, bu çox təsirlidir. İmam Sadiq (ə) buyurur: “Atam İmam Baqirə (ə) hər zaman ruzigarın hüzünlü hadisələri üz versəydi, qadın və uşaqlarını toplayıb birlikdə dua edərdilər. Sonra o hadisələr və qəm-qüssələr aradan gedərdi”.