Səhifeyi-Səccadiyyə duaları
Qəmli və kədərləndirici Aşura faciəsindən sonra Bəni Üməyyə xəlifələri İslam ümmətinin rəhbərliyini öz əllərinə alaraq kəskin zülm və diktatorluq etdilər və həddindən artıq nahaq qanlar axıtdılar, islami məarif və təlimlərə batil və qondarma şeylər daxil etməklə İslamın köksünə ağır zərbələr vurdular. İmam Səccad (əleyhis-salam) belə bir şəraitdə pərişan və müsibətli halda bir kuşəyə çəkilmişdi. Heç kəs onun hüzuruna gedə bilmirdi. O Həzrət də hakimlərin güclü nəzarəti altında idi və camaatın arasına çıxıb onların şəri vəzifələrini bəyan edə bilmirdi.
Naçar qalıb dua, münacat və raz-niyaz yolunu seçdi və onların vasitəsi ilə (qeyd olunduğu kimi, dua nəfsi paklamaq, saflaşdırmaq üçün təlim yollarından biridir) Quran təlimləri və İslam məarifini, Əhli-beyt (əleyhimüssalam)-ın getdyi yolu bəyan edərək dinin əsl təqvalılığını onlara öyrədir, nəfsi saflaşdırma və gözəl əxlaq kəsb etməkdəki vəzifələrini onlara başa salırdı.
Bu üslub İmamın ixtira etdiyi yeganə yol idi ki, ona həmlə edənlərin heç vaxt buna gümanı gəlməzdi. İmam onun sayəsində düşmənin əlinə bəhanə vermədən islami göstərişləri və məarifi yaymağa başladı. Məhz bu məqsədlə, o Həzrət xalqa çoxlu dualar, münacatlar öyrətdi. Onların bir qismi Səhifeyi-Səccadiyyə (İmam Səccad (əleyhis-salam)-a məxsus səhifələr) adlı bir kitabda toplanmış və Ali-Mühəmmədin Zəburu adlandırılmışdır. Bu kitab özünün məram və üslubu ilə və ərəb ədəbiyyatının ən yüksək söz üslubunda hənif dinin (İslam) ali məqsədlərini, tovhid və nübüvvətin ən dəqiq sirlərini, İslami əxlaq və ədəb qaydaları öyrənilməsinin ən səhih yolunu açıb göstərir.
Bu kitab müxtəlif dini-tərbiyəvi mövzuları ehtiva edir. Həqiqətdə demək olar ki, bu kitab dua qalibində din və əxlaqı öyrədir, yaxud xüsusi səpkində əxlaq və din öyrədən münacat toplusudur. Bu kitab haqlı olaraq Quran və Nəhcül-bəlağədən sonra ərəb bəyan növünün ən yüksək zirvəsində olmaqla ilahi və əxlaqi məsələlərdə ən gözəl fəlsəfi mənbədir. Bu duanın təlimlərindən bir hissəsində Allaha necə və hansı tərzdə təzim və təqdis, həmd-sitayiş və şükür etməyi, günahlardan tövbə edib Onun dərgahına qayıtmağı öyrədir. Digər bir hissəsində isə Allahla raz-niyaz, münacat etməyin, Onunla xəlvətə çəkilməyin, hər şeydən əl çəkib Ona tərəf yönəlməyin yollarını öyrədir. Bu duaların bir qismi Allah Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm), Allahın sair peyğəmbərlərinə düzgün salavat göndərməyin mənasını açıqlayır. Bəzi yerlərində ata-anaya ehsan və yaxşılıq etməyi başa salır, bəzi yerdə ata-ananın övlad qarşısındakı vəzifələri, yaxud övladın ata-anaya qarşı hüquqlarını, qonşuların, qohum-əqrəba və bütün müsəlmanlarla qarşılıqlı rəftar, onların hüquqları, yoxsullarla varlıların qarşılıqlı hüquq və vəzifələrini bəyan edir.
Bəzi qismətlərdə insanın borclu olduğu şəxslərlə rəftarı və sair iqtisadi, maliyyə və s. kimi məsələlərdə qohum və dostlarla rəftar və müamilə və ümumiyyətlə bütün təbəqədən olanlarla, habelə onlardan öz mənafeyi istiqamətində istifadə tərzini şərh edir. Başqa bir hissədə layiqli əxlaqi fəzilətlərə səbəb olan amilləri təqdim edir ki, bu da əxlaq elmi üçün kamil bir yoldur. Daha başqa bir hissədə isə insana xoşagəlməz hadisələr, müsibətlər müqabilində dözüb mətanətli olmağın, sağlam və xəstə halda davranmağın yollarını öyrədir. Başqa hissədə İslam ordusunun və xalqın ordu qarşısındakı zəruri vəzifələrini bəyan edir. Ümumiyyətlə, İslam əxlaqı və ilahi şəriətin bizdən istədiklərini yalnız dua qalibində şərh edir.
İmam Səccad (əleyhis-salam)-ın bu dualarını parlaq nümuənlərini aşağıdakı bəhslərdə xülasələndiririk:
1. Allahı, Onun əzəmət və qüdrətini tanıtdırmaq, yeganə və müqədəs olduğu ən dəqiq elmi ifadələrlə bəyan olunub. Qeyd olunan mətləb müxtəlif ibarət və səpkilərdə təkrarlanıb. Məsələn, birinci duada oxuyuruq:
Həmd olsun əvvəl olan Allaha. Elə Allah ki, Ondan öncə heç bir başlancıq olmamışdır; və axır olan Allaha ki, Ondan sonra axır olacaq bir şey yoxdur. Elə Allah ki, nəzər edənlərin gözləri Onu görməyə, vəsf edənlərin vəhm (dərk) qüvvəsi Onu vəsf etməkdə acizdir. Məxluqatı Öz qüdrəti ilə heç bir nümunə olmadan, Öz istədiyi əsasda xəlq etmişdir.
Bu dua Allahın Əvvəl və Axır olmasının mənasını oxuyub pak və münəzzəh olduğunu, gözlə, dərrakə ilə dərk olunmadığını, habelə, tam dəqiqliklə xəlq və təkvin aləminin mənası göstərir.
6-cı duada Allahın qüdrət və tədbirini bəyan edən başqa bir üslubu oxuyuruq:
Həmd və sitayiş yalnız O Allaha məxsusdur ki, Öz qüvvəsi ilə gecə və gündüzü yaratdı, Öz qüdrəti ilə onların arasına fərq qoydu. Onların hər biri üçün müəyyən olunmuş hədd-hüdud, qədər qərar verdi. Onlardan hər birini digərinə (gecəni gündüzə, gündüzü də gecəyə) daxil edir (bir-birinə çevirir) ki, bunun vasitəsi ilə məxluqatı üçün qida tədarük görüb və inkişaflarını təmin etsin. Onlar üçün gecəni xəlq etdi ki, onda yorucu hərəkətlərdən, zəhmətli işlərdən rahat və asudə olsunlar; (və gecəni) onlar üçün bir libas qərar verdi ki, onun rahat yatağında dincəlsinlər və bu da onlar üçün qüvvə toplamaq və asudəlik vasitəsi oldu ki, öz əhval-ruhiyyələrini təzələyib təbii ləzzət və istəklərinə çatsınlar.
Bu duada gündüzün yaradılmasının faydaları, insanın ondakı nemətlərə şükr etmə vəzifəsi və s. xatırladılmışdır.
7-ci duada başqa bir tərzdə bütün işlərin və hadisələrin Allahın əlində olduğu belə bəyan olunur:
Ey Allah (ey O kəs ki,) yalnız Sənin vasitən və səbəbinlə xoşagəlməz hadisələrin düyünü açılar; (ey O kəs ki,) çətinliklərin şidəti Sənin vasitənlə aradan qaldırılar; (ey O kəs ki,) çətinliklərin həll olunması və asayişə çatmaq Səndən istənilər. Sənin qüdrətin müqabilində çətinliklər dalğası sakitləşər, Sənin lütfün səbəbi ilə səbəblər nizama salınar, Sənin qüdrətinlə qəzavü-qədər cərəyan edər, işlər Sənin iradən əsasında davam edər. Bu işlərin hamısı Sənin məşiyyətinlə (istəyinlə) olub, sözdə əmr etmədən kerçəkləşər və qəsd olunar; sözdə nəhy etmədən Sənin iradənlə nəhy olunar.
2. İnsanlar hər şeydən əl çəkib Allah dərgahında nə qədər ixlasla ibadət, itaət və pərəstiş etsələr də, İlahi fəzl və nemətlərin şükrünü yerinə yetirə bilməzlər.
37-ci duada belə deyilir:
İlahi, həqiqətən heç kəs Sənin şükrünü layiqincə yerinə yetirə bilməz, (şükr etməyə müvəffəq olsa da) yenidən Sənin ehsanından, o şükrü etdiyi üçün başqa bir şükür lazım gəlir. Nə qədər səy göstərsə də Sənin (layiq olduğun) itaətə çatmaz və Sənin layiq olduğun şükür müqabilində qüsurludur–Sənin sonsuz fəzl səbəbin ilə. Ən çox şükr edən bəndələr belə Sənə layiq şükr etmədə aciz, ən çox ibadət edən abidlər belə Sənə layiq itaət etməkdən acizdirlər.
Allahın bəndələrə əta etdiyi nemətlərin sonsuz olduğuna görə bəndələr onların şükrünü yerinə yetirməkdə acizdirlər. Onda tam cürətlə Allahın fərmanları qarşısında üsyan edələrin halı necə olar?! Bu günahlardan təkcə birini bərpa etməyə qabil olmayan bir bəndə nə etməlidir?
Səhifeyi-Səccadiyyənin 16-cı duası da qeyd olunan mətləbə işarədir:
İlahi, əgər gözlərimin qapaqları bir-birinin üstünə düşənə qədər ağlasam, səsim qurtarana qədər ucadan ağlasam, ayaqalarım şişənə qədər ayaqüstə dursam, Sənin üçün kürək sümüyüm yeridən qopana kimi rüku etsəm, gözlərim in qarası kor olana qədər səcdə etsəm, ömrüm boyu torpaq yeyib və ruzgarımı kül qarışıq su içməklə keçirsəm, dilim topuq vurana qədər Sənə zikr etməklə məşğul olsam, sonra isə Sənin dərgahında həya edib, xəcalətdən asimana baxmasam, bu halda təkcə günahlarımdan birini bağışlatmaq üçün layiqli olmaram.
3. Mükafat və cəzanı, cənnət və cəhənnəmi tanıtdıraraq, Allahın verdiyi bütün mükafatların Onun fəzli sayəsində olduğunu, habelə bəndənin cürət edib kiçik günaha batması ilə ilahi əzaba layiq ola biləcəyini açıqlayır və göstərir ki, Allahın günah etmək barədə bəndəyə höccəti tamam olubdur (bəhanə yollarının bağlanıbdır.)
Səhifeyi-Səccadiyyənin bütün duaları bu təsirli ahəngi–Allah əzabından qorxu və Onun mükafatına ümidi insan ruhuna təlqin edir. Bu duaların hamısı qeyd olunan mətləbə şahiddir ki, özünün rəngarəng, bəlağətli üslubları ilə düşünən insanın qəlbində günah iş görməkdə vəhşət, qorxu hissi yaradır.
Belə ki, 46-cı duada oxuyuruq:
İlahi, Sənin höccət və dəlilin öz yerində sabitdir və batil olub qüvvədən düşməz; səltənətin əbədidir və məhv olub aradan getməz. Əbədi vay olsun o kəslərə ki, Səndən üz döndəriblər. Xaredici ümidsizlik o kəslərə məxsusdur ki, Səndən məyus olmuşlar. Ən böyük bədbəxtlik o kəslər üçündür ki, Sənin (kərəm və bağışlamağından) qafildirlər. Belə şəxslər Sənin əzabında nə qədər cürbəcür hallara düşərlər! Sənin cəzanda sərgərdan qalmaları müddəti nə qədər uzundur; Asudəliyə doğru qurtuluş yolu necə də uzaq, asan xilas olmaları necə də məyusedicidir! (Bütün bunlar) Sənin mühakimə və fərmanın səbəbilədir ki, onları geri götürməzsən. Həmçinin, Öz hökmündəki insaf səbəbilədir ki, onda zülm etməzsən. Sən höccət və dəlilləri bir-birinin ardınca göndərib üzr və bəhanə yollarını bağlamısan.
31-ci duada oxuyuruq:
İlahi, Sənin hüzurundakı tənhalığıma, Sənin xovfundan (xəşyətindən) qəlbimin döyünməsinə, Sənin heybətindən əzalarımın iztirabda olmasına rəhm et! Çünki, ey İlahim, Sənin dərgahında etdiyim günahlar məni xar və zəlillik məqamına sürükləmişdir. Əgər sükut etsəm, bir kəs mənim əvəzimdən danışmaz və əgər vasitəçi tapmaq istəsəm, şəfaət olunmaq üçün ləyaqətim yoxdur.
39-cu duada oxuyuruq:
İlahi, əgər Sən haqlı olaraq məni cəzalandırsan, məni həlak edərsən; və əgər mənə Öz rəhmətini şamil etməsən məhv edərsən. Səndən istəyirəm ki, mənə ağırlıq edən günahlarımı üstümdən götürəsən. Və Səndən mənim əl-qolumu bağlayan o günahlarımı tərk etməkdə kömək istəyirəm. Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun məsum övladlarına salavat göndər. Mənim nəfsimi, özünə zülm etdiyi üçün bağışla, Öz rəhmətini mənim günah yükünün üstümdən götürülməsi üçün vəkil et!
4. Bu dualar, oxucuların qəlblərini aludəçiliklərdən paklamaq üçün pis əməllərdən, alçaq və rəzil sifətlərdən uzaqladır,
20-ci duada oxuyuruq:
İlahi, Öz lütfünlə mənim niyyətimi kamil, Öz yanında olanlarla yəqinimi səhih et, bəd əməllərimi Öz qüdrətinlə islah et!
İlahi, Həzrət Mühəmməd və onun Əhli-beytinə salavat göndər, məni səhih hidayətdən bəhrələndir ki, onu başqa yolla dəyişməyim və mən haqq yoldan bəhrələndir ki, ondan sapmayım; elə bir niyyətdən bəhrələndir ki, onda şəkk etməyim.
İlahi, mənə eyb gətirib bəd əxlaq və xislət kimi tanınan sifətlərimi islah etməyincə, məzəmmət olunmağıma səbəb olan pis sifətləri onu yaxşılığa çevirməyincə, naqis olan yaxşı xasiyyətlərimi kamillləşdirməyincə məni boşlama!
5. Bu dualar dua oxuyana ruhi qüvvə bəxş etməklə təlqin edir ki, özünü camaatdan ehtiyacsız etməklə onların müqabilində xar və zəlil olmasın, öz ehtiyaclarını Allahdan başqasına deməsin. Həmçinin başa salır ki, camaatın əlində olanlara tamah gözü dikmək insan üçün ən alçaq sifətlərdən biridir.
20-ci duada oxuyuruq:
İlahi, iztirar halında Səndən başqasından kömək istəməklə, fəqirlik halında Səndən başqasından bir şey istəyib kiçilməklə, qorxu və xoflu olan vaxtımda Səndən başqasının hüzurunda ahü-zar etməklə və nəticədə bu inhiraflar səbəbilə Sənin dərgahında xarlığa, rəhmətindən uzaq olmağa, Sənin mənə qarşı mehrsiz olmağınla imtahan etmə!
28-ci duada belə oxuyuruq:
İlahi, həqiqətən mən (başqalarından əl üzməklə) Sənə bel bağlayıb əməllərimi (riyadan) xalis etmişəm. Özləri Sənin lütf və inayətinə (köməyinə) möhtac olanlardan üz döndərmişəm, Sənin kərəm və fəzlindən ehtiyacsız olmayanlardan (bir şey) istəməmişəm və yəqin etmişəm ki, möhtacın möhtacdan bir şey istəməsi düşüncədə səhfehlik və əqldən yol azmaqdır.
13-cü duada oxuyuruq:
Hər kəs öz ehtiyaclarını təmin olunmasını Sənin dərgahından istəsə və fəqirliyinin aradan qaldırılmasında Sənə meyl etəsə, həqiqətdə ehtiyaclarını öz həqiqi yerindən istəmiş, öz məqsədinə çatmaq üçün doğru yoldan varid olmuşdur. Amma əgər hər kəs öz ehtiyacının təmin olunması üçün Sənin məxluqatından birinə üz çevirsə, yaxud Səndən qeyrisini hacətinin rəva olunması səbəbi qərar versə, hökmən ümidsizliyə, məhrumluğa doğru irəliləmiş, Sənin ehsan və bəxşişinə çatmağa layiq deyil.
6. Səhifeyi-Səccadiyyə dualarının bəzi hissələri İslam qardaşlığının həqiqi mahiyyətini insana başa salır, onlara, başqalarının hüquqularına riayət etməyi, aralarında qarşılıqlı kömək, mehr-məhəbbət, səfa-səmimiyyət, güzəşt, fədakarlıq, canıyananlıq və s.-ni öyrədir.
38-ci duada oxuyuruq:
İlahi, Səndən, mənim yanımda zülm olunan məzluma kömək etməməyim, mənə edilən ehsan və yaxşılıqlar müqabilində şükr etməməyim, mənə pislik edənin üzr istənildiyi halda, üzrünü qəbul etməməyim, məndən bir şey istəyən fəqirə kəramət etməməyimdən, möminin mənə vacib olan haqqını əda etməməyim, möminin mənim üçün aşkar olan eybini örtməməyim üçün Səndən üzr istəyirəm.
Həqiqətdə bu cür üzr istəmək ən yeni proqramlardandır ki, insan ruhunu ən üyksək ləyaqətliyə və ilahi əxlaqa yönəldir.
39-cu duada isə qeyd olunan mətləb daha ətraflı şəkildə bəyan olunur. Bu dua bir insana qarşı pislik edənləri necə əfv edib, güzəştə getmək, intiqam almaqdan uzaq olmaq yollarını öyrədir, insan ruhunu Allahın pak və müqəddəs bəndələri sırasında qərar verir:
İlahi, mənim barəmdə başqalarına haram etdiyin işləri görən, mənim onlar üçün rəva bilmədiyin ismət pərdələrini yırtan, haqqımı tapdalayıb dünyadan gedən, yaxud hal-hazırda diri olan, haqqım da onun boynunda olan şəxsin (mənə qarşı) etdiyi zülmü bağışla, mənim haqqımdan apardıqlarından keç, mənim barəmdə gördüyü işlər üçün rüsvay etmə, onlara qarşı etdiyim əfv və güzəşti, verdiyim sədəqəni, bəxşiş edənlərin ən yaxşı, ən pak ehsan və sədəqəsindən, (Sənin dərgahına) müqərrəb olanların ən ali ətasından qərar ver. Onlar üçün etdiyim əfv müqabilində mənə Öz əfvindən, onları dua etdiyim üçün Öz rəhmətindən əvəz ver ki, bizlərdən hər biri Sənin fəzl və kərəmin sayəsində səadətə çatanlardan olaq.
Doğrusu, duanın bu axır hissələri nə qədər də maraqlıdır və ləyaqətli ruhlarda necə də gözəl təsir qoyur! Çünki, bir insanın sair insanlara qarşı sağlam və pak niyyəti olmalı, onların hamısı üçün–hətta ona zülm edib haqqına təcavüz edənlər üçün də–səadət arzu etməlidir.
Bu kitabda bu sayaq ilahi təlimlərə şamil olan dualar olduqca çoxdur. İnsanların ona doğru hidayət olunduqları təqdirdə, ruhlarını paklaşdırıla, aludəliklərdən yuyulub təmizləyə bilər.
«İmamiyyə şiələrinin əqidə üsulları»
men istiyirdim ramazan dualar
salam olsun din ugrunda xeyir işlər gorənlərə
İftar duası
Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli.
İlahi sənə xatir oruc tuturam. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm.
Ey mərhəmətlilərin ən mərhəmətlisi məni bağışla.
Rubrikalar
Son yazılar