Ramazanla bağlı Hacı Şahin Həsənli ilə müsahibə
Müsəlman dünyası üçün əlamətdar ay olan müqəddəs Ramazan ayı sabah başlayır. Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, «Mənəvi dünya» İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik./ans
— Ramazan ayı nə üçün müqəddəs adlandırılır?
— Ramazan Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Müqəddəs kitabda başqa heç bir ayın adı çəkilməyib. Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız…”. Bu ayədə oruc tutmağın fəlsəfəsi açıqlanır. Yəni oruc təqva kəsb etmək üçün vacibdir. Təqva isə günahdan çəkinmək qüvvəsinə deyilir. İnsan nəfsilə mübarizədə günahın qarşısında müqavimət göstərə bilirsə, bu xüsusiyyətin adına “Təqva” deyilir. Təqvalı insan günahın qarşısında dayana bilən insandır. Ramazan ayında oruc tutmaq insanda iradəni gücləndirir. Ramazan ayında müəyyən saatlarda adi günlərdə halal olan qidalar haram buyrulur. Bu ayda insan halallardan keçməklə sanki, Allaha sadiqliyini nümayiş etdirir. İnsan digər canlılardan bu ayda fərqlənir. İnsan öz nəfsinə qalib gəlməklə bəndəlik zirvəsinə ucalmış olur.
— İnsan bu ayda təkcə ac qalmaqla imtahana çəkilir?
— Təbii ki, orucluq tək ac və susuz qalmaq demək deyil. Oruc zamanı insan bütövlükdə günahlardan çəkinməlidir. İnsanın bütün bədən üzvləri oruc halında olmalıdır. Gözü harama baxmamalıdır. Dili yalan, böhtan, şər, qeybət, nəlayiq və digər haram söz danışmamalıdır. Qulağı haram söz eşitməməlidir. İnsan bütün vücudu ilə oruc halında olmalıdır. Yalnız ac-susuz qalmaq insanın mənəvi təkamülünə səbəb ola bilməz. İnsan təkamülə çatmaq istəyirsə çalışıb günahlardan çəkinməlidir. Məhz oruc tutmaq da insana bu baxımdan gərəklidir. Ramazan ayında yaxşı olar ki, müsəlmanlar orucun mənəvi tərəflərinə diqqət etsinlər. Bu ayda haramdan, günahdan çəkinmə məsələsi önəmli olmalıdır. Muhəmməd peyğəmbər (s.ə.s) özü Şərəbanuyə xütbəsində, yəni Şərəban ayının sonuncu cümə günü orucluq barədə danışarkən Ondan soruşurlar ki, “bu ayda ən fəzilətli əməl hansıdır?”. Hz Peyğəmbər cavabında buyurur ki, “haram işlərdən, haram fikirlərdən uzaq olmaq ən gözəl əməldir”. Hətta insan bu ayda düşüncəsinə də hakim olmalıdır. Bu ay həm də həmdərdlik deməkdir. Məhz bu ayda varlı və kasıb insanlar eyni aclığı dadır. Bu zaman imkanlı şəxslər aclığı dadmaqla kasıbların halından hali olur. Onlarda ehsan xüsusiyyəti yaranır. İnsan başqalarının dərdini bilməsə onlarla şərik ola bilməz. Oruc fərdi olduğu qədər, həm də ictimai ibadətdir.
— Xəstəlik və ya digər fiziki qüsurları olan kəslər oruc tutmaqdan azaddır. Bəs onlar savab qazanmaq üçün nə etməlidir?
— Qurani-Kərimdə buyurulur ki, Allah insanı daşıya biləcəyindən artıq yükləməz. İnsanlar gücü çatan qədər Allaha ibadət edə bilər. Müqəddəs kitabda qeyd olunur ki, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. Orucun da tutulması kiminsə səhhətinə zərər vurarsa onlar oruc tuta bilməz. Xəstə, uşaq, yaşlı kəslər bu qrupa aid insanlardır. Oruc bütünlükdə cəmiyyətin məsuliyyətini insana xatırladır. İnsan bütün cəmiyyətin məsuliyyətini öz üzərində hiss edir. Məhz bu səbəbdən də oruc tutmaq nə qədər fəzilətli əməldirsə, iftar vermək, digər insanları düşünmək, onların halına yanmaq hətta oruc tutmaqdan da fəzilətli əməl hesab olunur. Kimin ki, imkanı var, onlar orucun hər günü müqabilində sədəqə ayırsın. Əgər buna imkan yoxdursa, hər gün çalışsınlar istixvar etsinlər. Yəni tövbə etsinlər, Alahın dərgahına yönəlsinlər, Allahdan bağışlanmaq diləsinlər. İnsanlar bu ayda daha çox istixvar və tövbə etsinlər. Tövbə yalnız bir dəfə olmur. İnsan hər dəfə Allahın dərgahına yönəlməyə ehtiyaclıdır. Bu zaman insan ruhi və mənəvi dəyərlərə yiyələnə bilər.
— Digər fəsillərə nisbətdə, yay aylarında oruc tutmaq daha çətindir. Əsasən də susuz qalmaq. Bu aylarda tutulan oruc nə dərəcədə fəzilətlidir?
— İslam peyğəmbərindən bir hədis var ki, ibadətlərin ən üstünü, ən fəzilətlisi daha çətin olanıdır. İbadət nə qədər çətin olarsa, bir o qədər fəziləti artıqdır. Bu səbəbdən də yay orucu digər aylara nisbətən daha fəzilətli, daha çox rəhməti var. Çətin məqamlarda ibadətlə məşğul olan insanlara Tanrı daha çox nəzər yetirər. Bu ayda oruc tutan kəslərin mənəvi sərmayəsi, qazancı daha çox olur. İnsan həyatda nəyəsə nail olmaq istəyirsə, hansısa müsbət keyfiyyətli dəyərə malik olmaq istəyirsə, hökmən əziyyət çəkməlidir. Heç bir şey rahatlıqla əldə edilmədiyi kimi, digər fəzilətlər də ən çox çətin anlarda dözüm nümayiş etdirən kəslərə verilir. İnsanın da mənəvi təkamülü, onun çətinliyə tab gətirməsidir. İnsan səbr etmədən heç bir mənəvi təkamülə çata bilməz. Allah ürəkdən iş görən insana daim kömək olur. Ola bilsin orucluğun ilk günləri insanda hansısa çətinliklər yaranar. Lakin günlər keçdikcə proses müəyyən qədər asanlaşır.
— Arıqlamaq və ya digər fiziki durumlara görə oruc tutanlara savab yazılırmı?
— İslamda buyrulur ki, biz insanları ibadətdən başqa bir məqsəd üçün yaratmadıq. İnsanın yaradılış fəlsəfəsi onun ibadəti ilə bağlıdır. Bu tək namaz qılmaq demək deyil. İbadət insanın Allahın razılığını əldə etmək üçün, Allah rizasını qazanmaq üçün görülən əməldir. Bu məqsədlə görülən istənilən əməl ibadət sayılır. İnsan ticarət dalınca gedirsə, elm oxuyursa və bunu Allahın razılığını əldə etmək üçün görürsə, bunun özü də ibadət sayılır. Xüsusi vacib ibadətlər var ki, bunların qəbul olunması üçün ilk şərt “Qürbətən İlləllah” niyyətinin yerinə yetirilməsidir. Yəni niyyət etməkdir. Ümumiyyətlə hər ibadətə “Qürbətən İlləllah” kəlməsi ilə başlamaq lazımdır. “Mən Ramazan ayının orucunu tuturam Qürbətən İlləllah” kəlməsilə iftarı açmaq lazımdır. Əgər bu niyyət olmasa ibadət batil olar. İnsanların rəğbətini qazanmaq və digər səbəbdən edilən əməllər ibadət sayılmır. Ramazan ayının orucu da, Allahın hökmünü icra etmək və onun razılığını qazanmaq üçün tutulmalıdır. Bununla bərabər oruc tutmaq əlbəttə insan sağlamlığı üçün çox xeyirlidir. Oruc tutan, Allah razılığını niyyət etməlidir.
— Bir qism insanlar oruc tutur və namaz qılır, eyni zamanda isə nalayiq əməllərlə məşğul olur. Düşünürlər ki, mən artıq ibadətlə məşğulam, Allah günahlarımdan keçər. Sizcə bu fikir nə dərəcədə doğrudur?
— Çox mühüm mövzuya toxundunuz. Əslində oruc və namaz insanları çirkinliklərdən saxlayır. Namaz əslində insanları pisliklərdən saxlamaqdan ötürü buyrulub. Lakin təkcə oruc tutub, namaz qılmaqla kifayətlənib, digər insani vəzifələri unudanlar bilməlidir ki, onların oruc və namazlarının bir qəpiklik qiyməti yoxdur. Əgər ibadət insanı dəyişmirsə, onu müsbət istiqamətə yönəltmirsə, onda mənəvi bir inqlab yaratmırsa, belə ibadətin heç bir faydası yoxdur. Buyrulur ki, Allah yalnız təqvalı şəxslərdən əməl qəbul edər.
— Oruc tutan qadınların bir qismi bəzənir, kosmetik vasitələrdən istifadə edir. Bu orucun pozulmasına təsir edə bilərmi?
— Kosmetik vasitələrdən istifadə etmək orucun pozulmasına gətirib çıxarmaz. Əgər boğazdan içəri yad cism getməzsə kosmetikadan istifadə etmək orucun batil olmasına səbəb olmaz.
— Ramazan ayında müxtəlif cür kolbasa və sosislərdən istifadə etmək mümkündürmü?
— Bu məhsulları seçərkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki, kolbasa və sosislərin hansının və nə dərəcədə halal olması sual altındadır. Çalışıb tərkibində çoxlu miqdarda ədvələr olan kolbasa və sosislərdən istifadə etməsinlər. Ümumiyyətlə belə məhsullardan çəkinmək yaxşı olardı.
— Bəs ətriyyatlardan istifadə necə, orucu batil edirmi?
— Xoş ətirlərdən istifadə etmək, xoş ətir iyləmək orucun pozulmasına səbəb olmaz.
— Dərman pereparatı qəbul edən insan oruc tuta bilərmi?
— İnsan dərman qəbul etməyə məcburdursa, onda Ramazan ayında oruc tutmaqdan azad olur. Lakin orucluq qurtardıqdan sonra sağalarsa, buraxdığı günlərin qəzasını tutmalıdır. Əgər təcili olmazsa Ramazan ayından sonra müalicəyə başlamaq da yaxşı olar. Lakin dərman axşam qəbul edilərsə, onda oruc tutmaq olar.
— Hamilə qadın oruc tutmaqdan azaddırmı?
— Adətən həkimlər hamilə qadınlara oruc tutmağı məsləhət görmür. Əgər hamilə qadının bətnindəki uşağa, qadının öz sağlamlığına mənfi təsir etmirsə onda oruc tutula bilər.
— Ağızı, burunu yaxalamaq orucu batil edirmi? İnsan tüpürcəyini udarsa bunun orucun pozulmasına hansısa təsiri olarmı?
— Əgər su boğazdan içəri keçməzsə, su udulmazsa, o zaman ağız yaxalamağın eybi yoxdur. İnsan əmin olacaqsa ki, ağız yaxalamaqla su onun boğazından keçməyəcək onda oruc pozulmaz.
Bəziləri elə zənn edir ki, oruc insan tüpürcəyini uda bilməz. Amma bu yalnış fikirdi. İnsan oruc olarkən tüpürcəyini rahat şəkildə uda bilər. Lakin kənardan rütubətin qəbul olunması və tüpürcəklə birgə boğazdan içəri keçməsi orucun batil olmasına səbəb olur.
— Mühüm məsələrdən biri də Ramazan ayında toy, bayram, şadyanalığın keçirilməsidir. Bu mövzuya toxunmağınız yaxşı olardı.
— Ümumiyyətlə Ramazan ayı ibadət ayıdır. Bu ayda yaxşı olar ki, daha çox ibadətə fikir verilsin. Xüsusilə də iftardan qabaq yemək verilə bilməz deyə, toyun keçirilməsi məsləhət deyil. Düzdür Ramazan ayı sırf yas ayı deyil. Lakin bu ayda bayramların keçirilməsi adət olmadığı üçün insanlar həmişə belə günlərdə şadyanalıqdan çəkiniblər. Bundan da əlavə Ramazan ayında Həzrət Əlinin (ə.s.) şəhid olduğu gün var. Onun hörmətini saxlamaq üçün bu ayda şadlıq mərasimlərindən çəkiniblər. Amma, şəriət nöqteyi-nəzərindən bu aylarda toy etmək qadağan deyil. Lakin tövsiyyə edilir ki, bu ayda şadlıq keçirmək bir qədər az olsun.
— Ramazan ayında təmir işləri necə dayandırılmalıdırmı?
— Bu ayda təmir işlərinin görülməsinin heç bir eybi yoxdur. İnsanlar orucluq ayında adi günlərdəki kimi həyatlarını davam etdirə bilər. Lakin bir az ibadətə çox yer verilməlidir.
www.faktxeber.com
Salam.Ramazanin son gununde sam namazinnan sora secdeye gedirsen,100defe 1kelme var onu diyirsen.o kelme nedir?menasi tovbe dimekdi.
Əleykə Salam. Ətubu iləyh və ya ətubu iləllah
allah razi olsun
oruclu insan basini butovlukle islada biler?
Xahiş edirəm sualınızı bura göndərəsiz: http://fetva.313news.net/sual
İftar duası
Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli.
İlahi sənə xatir oruc tuturam. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm.
Ey mərhəmətlilərin ən mərhəmətlisi məni bağışla.
Rubrikalar
Son yazılar
Son şərhlər
Ən çox şərh olunanlar