Ramazanı qənimət sayaq
Həyat sürətlə keçməkdədir. İnsan isə sərmayəni əldən necə verdiyini düşünmür. Bəzən öz keçmişini xatırlamağa müvəffəq olduqda görür ki, bir ömür yaşayıb, qüvvələr sərf edib, çalışıb, lakin əldə heç bir şey yoxdur.
İl boyu həmişə elə bir fürsət axtarırıq ki, həyatımız, onun müqəddiməsi və yaşanması barəsində düşünək, bizə əbədi həyat verən bir yol seçək. Lakin belə fürsətlər çox az ələ düşür. Bu məqsədlə istifadə ediləsi ən münasib vaxt bəlkə də mübarək ramazan ayıdır. Həmişə özümüzə söz veririk ki, ramazan ayı çatanda digər vaxtlardan daha çox ibadət edəcək, dünya və dünyapərəstliyə bir qədər göz yumacaq, Allaha üz tutub kimliyimizi, haradan gəlib hara getdiyimizi və bu evdə nə etməli olduğumuzu düşünəcəyik.
Axır intizar sona çatır. Ramazan ayı yetişir! Lakin şeytan çalışır ki, keçmişdəki kimi, insan bu şərafətli vaxtlardan, dəyərli anlardan istifadə edib ilahi tövfiqatlara çata bilməsin. Onun gizli və aşkar əli hər yerdə işləyir ki, insan dünyəvi və nəfsani meyllərə aludə olsun, onun dua, münacat və ibadəti çətinləşsin, raz-niyaz halı ondan uzaqlaşsın. Şeytani və nəfsani amillərlə ilahi amillər arasında olan bu ziddiyyət və çarpışmada insan Allahdan tövfiq istəməli, qarşıya çıxmış fürsətləri qənimət saymalı, ibadət və duanı başqa vaxtlara saxlamamalıdır. İnsan çalışmalıdır ki, hər nə qədər mümkünsə, öz təkamül yolunda müsbət addım atsın və Allaha yaxınlaşsın. Mübarək ramazan ayında daha çox təkid olunmuş və bu ayın baharı sayılan əməllərdən biri də dua və münacatdır. Ramazan və dua bir-biri ilə qırılmaz əlaqədədir.
«Rəbbin dərgahında»