Главная » Müxtəlif

Oruc

11 августа 2010 Нет комментариев

İnsan nəfsinin saflaşdırılmasında, aludəliklərdən təmizlənməsində çox böyük rol ifa edən ibadətlərdən biri də oruc tutmaqdır. Orucun fəziləti barəsində çoxlu hədislər nəql olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Oruc cəhənnəm odundan qorunmaq üçün bir sipərdir.”

İmam Cəfər Sadiq (ə) buyurur: “Mütəal Allah buyurur: «Oruc Mənim üçündür və Mən özüm da oruc tutanın mükafatını verəcəyəm.»

O Həzrət (ə) yenə buyurur: “Oruc tutan şəxs behiştin bağlarında bəhrələnir, məlaikə də iftar vaxtına qədər ona dua edir.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Hər kəs savab üçün bir gün müstəhəb oruc tutsa, bağışlanmaq onun üçün vacib olur.”

İmam Cəfər Sadiq (ə) buyurur: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu təsbihdir, əməli qəbul olunmuş, duası yerinə yetirilmişdir.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Mütəal Allah belə buyurur: “Bütün yaxşı bəndələrimin əməllərinin on qatdan tutmuş yetmiş qata qədər savabı vardır. Amma oruc tutan şəxsin savabı Mənim öhdəmdədir, Mən onun savabını Özüm verəcəyəm.” Deməli, oruc tutan şəxsin savabını (nə qədər olduğunu) yalnız Allah Özü bilir.”

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) rəvayət edir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) merac gecəsində dedi: “Pərvərdigara! İbadətin əvvəli nədir?”   Buyurdu:  “İbadətin əvvəli oruc tutmaq və sükut etməkdir.”   Peyğəmbəri-Əkrəm (s.ə.v.v) dedi:  “Pərvərdigara! Orucun təsiri nədir?”   Buyurdu:  “Orucun təsiri hikmətdir və hikmət mərifətə səbəb olur, mərifət yəqin gətirir, insan yəqin mərhələsinə çatdıqda çətinlikdə, yoxsa asayişdə və rifahda olmasının onun üçün heç bir fərqi olmaz.”

Oruc iki yöndən – mənfi və müsbət yöndən təşkil olunan xüsusi bir ibadətdir. Birinci yön nəfsin yeməkdən, içməkdən, cinsi əlaqədə olmaqdan və sair qanuni ləzzətlərdən çəkinmək, Allaha və Peyğəmbərə (s.ə.v.v) yalan nisbəti verməmək, fiqhi kitablarda deyilən sair işlərdən çəkinməkdir. İkinci yön ixlas, niyyət və qürbət qəsdidir ki, bu da həqiqətdə ibadətin ruhu məsəli kimidir. Orucun həqiqəti qürbət qəsdi ilə nəfsin qarşısını almaq, maddi ləzzətlərdən çəkinməyə dair qərara gəlməkdir. Belə ki, cinsi əlaqədə olmaq, Allaha, Peyğəmbərə yalan nisbəti vermək, yemək-içmək kimi işlər onu batil edir.

Fiqhi kitablarda orucun barəsində deyilən tərif belədir: Əgər bir şəxs qürbət (Allahın əmrini yerinə yetirmək) qəsdi ilə qeyd olunan işlərdən, yəni yemək-içmək, cima etmək, istimna etmək, Allaha və Peyğəmbərə yalan nisbəti vermə, imalə etmək, başı suya batırmaq, sübh azanına qədər cənabət halında qalmaq kimi işlərdən çəkinərsə, ibadəti səhihdir və qəzası, kəffarəsi yoxdur. Bu, adi camaatın tutduğu orucdur.

Amma hədislərdə özünü saxlamaq daha geniş səviyyədə bəyan olunub, qeyd olunanlarla məhdudlanmır. Hədislərdə qeyd olunur ki, oruc tutmaq təkcə yemək-içməyi tərk etməklə deyildir. Həqiqi oruc tutan o kəsdir ki, bütün bədən üzvlərini günahdan saxlasın. Yəni gözünü, qulağını, dilini, əlini, ayağını və sair üzvlərini onlara aid olan günahlardan saxlasın. Bu, Allahın xüsusi bəndələrinin tutduğu orucdur.

Bundan da yüksəkdə daha xüsusi olan adamların orucudur. O da bundan ibarətdir ki, oruc tutan şəxs yemək, içmək kimi adi halda halal olan şeyləri və bütün günahları tərk etməkdən əlavə, öz qəlbini də Allahı yadından çıxaran işlərdən saxlasın, daim Allahı yad etsin və Onu özünə hazır və nəzarətçi görsün, özünü Allahın qonağı bilsin və Allahın görüşünə hazır etsin.

İmam Cəfər Sadiq (ə) buyurur:  “Oruc tutmaq təkcə yemək-içməyi tərk etməklə hasil olmur. Oruc tutan zaman qulaq, göz, dil, qarın, övrətin də oruc olmalıdır. Oruc tutduğun zaman əlini və övrətini də günahdan saxla. Daim sakit ol. Yalnız xeyir və faydalı söz danış. Öz xidmətçilərin ilə xoş davran.”

O Həzrət (ə) yenə buyurur:  “Oruc tutan şəxsin vüqar və həyası hökmən səndə olsun. Bacardığın qədər sükuta riayət et. Yalnız Allahı zikr elə. Elə olmasın ki, oruc tutduğun gün elə oruc tutmadığın günlər kimi olsun.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bir xütbədə buyurdu:  “Hər kəs Ramazan ayını sükut halında oruc tutsa, qürbətən-iləllah məqsədi ilə qulağını, gözünü, əlini, övrətini və s. bədən üzvlərini yalandan, haramdan, qeybətdən qorusa, Allah-təala onu Özünün müqərrəb bəndələrindən edər və o, İbrahim Xəlilur-Rəhmanın həmsöhbəti olar.”

İmam Cəfər Sadiq (ə) buyurur: “Oruc tutmaq təkcə yemək-içməkdən çəkinmək deyil. Əksinə, onun xüsusi şərtləri vardır və onlara riayət etmək lazımdır ki, oruc tamam-kamal olsun. O da daxili sükut etməkdən ibarətdir. İmranın qızı Həzrəti Məryəmin sözünü eşitməmisən ki, camaatın cavabında deyir: “Mən Allah xatirinə oruc nəzir etmişəm. Bu gün heç kəslə danışmayacağam.” Yəni, oruc tutduğum üçün sakit olmalıyammı?! Deməli, oruc tutduğun zaman dilinizi yalandan saxlayın, qəzəblənməyin, (nalayiq sözlər deməyin və) söyüş söyməyin, acı dilli olmayın, yersiz mübahisə etməyin, zülm etməkdən, cəhalətdən, pis əxlaqlıqdan, bir-birini rədd etməkdən çəkinin, Allahın zikrindən və namazdan qafil olmayın. Sükuta, dərindən təfəkkür etməyə, səbr və düzlüyə, şər əhlindən uzaq olmağa səy edin. Batil, yalan və böhtan sözlərdən, düşmənçilikdən, bədgümanlıqdan, qeybətdən, söz gəzdirməkdən uzaq olun. Axirətə nəzər yetirin. Allahın vədələri gerçəkləşəcəyi günlərin gəlib çatmasını gözləyin. Allahla görüş üçün azuqə hazırlayın.

Öz sahibindən qorxan bir qul kimi aramlığa, vüqara, xüşuya, xüzuya riayət edin. Qorxu ilə ümid arasında olun. Əgər qəlbini eyiblərdən, batini çirkinliklərdən pak etsən, Allahdan başqa hər bir şeydən uzaq gəzsən, vilayətini oruc tutmaqla və zahirlə batinini Allahın çəkindirdiyi şeylərdən paklandırmaqla Onun vilayətini qəbul etsən onda bil ki, Allah dərgahında qəbul olunmusan, Allahdan qorxmaq haqqını zahirdə də, batində də yerinə yetirmisən. Oruc tutduğun günlərdə öz nəfsini Allaha bağışlamış, qəlbini Onun üçün hazırlamısan və Allah-Təalanın əmrlərinə əməl etmək barədə qəlbinə məmuriyyət vermisən. Əgər qeyd olunan surətdə oruc tutsan – sən doğrudan da oruc tutanlardansan və öz vəzifənə əməl etmisən. Nə qədər naqis natamam qoymusansa, həmin miqdarda orucundan azalacaqdır. Çünki oruc tutmaq təkcə yeyib-içməkdən çəkinmək deyil. Allah-təala orucu batil edən sair davranış və sözlərdə də orucu hicab qərar vermişdir. Nə azdır oruc tutanlar! Nə qədər də çoxdur ac qalanlar!”

«Nəfsin saflaşdırılması»

Şəhr yazma dayandırılıb.