Mübarək ramazan ayının insan yetişdirmə proqramı
Ümumiyyətlə mübarək Ramazan ayı insan yetişdirmə proqramıdır. Proqram bundan ibarətdir ki, naqis insanlar bu ayda özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Mübarək Ramazan ayı nəfsin təmizlənməsi, eyb və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə qələbəsi, dua, Haqqın pərəstişi, Allaha doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır. Əgər Ramazan ayı girdikdən sonra, insan otuz gün aclıq, susuzluq və yuxusuzluq çəkib gecə yarısına kimi müxtəlif məclislərdə iştirak etməklə ayı başa vursa və Fitr bayramına çatdıqdan sonra Şəban ayının son günü ilə müqayisədə bir zərrə belə dəyişilməsə, həmin orucun ona heç bir təsiri yoxdur. İslam insanların quruca ağızlarını bağlamalarını istəmir. Çünki onların ağızlarını bağlamaları ilə bağlamamaları islam üçün fərq etmir. Məqsəd, insanların oruc tutaraq islah edilmələridir. Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan başqa bir şey deyil?! Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət, qeybət, yalan, söyüş və digər işlərdən qorumağı məşq etsin.
Bir gün oruc tutmuş bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər bir yeməli şey təklif edir. Qadın deyir: Ey Allahın peyğəmbəri, orucam. Peyğəmbər (s) ona deyir ki, yox sən oruc deyilsən, götür iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr edir. Qadın bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da öz fikrində oruc idi, amma bizim oruclarımız kimi zahiri oruc! Peyğəmbər ona belə buyurdu: «Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş və ya bacının ətini yeyirdin? (yəni onun qeybətini etdin). Ət yediyini sənə göstərimmi? Qus!» Qadın birdən qusdu və ağzından bir tikə ət düşdü. İnsanın oruc tutaraq qeybət etməsinin mənası budur ki, o, cismində olan ağzını halal yeməkdən uzaqlaşdıraraq ruhunun ağzını haram yeməyə açır.
Nə üçün bizə deyiblər ki, insan bir yalan deyəndə onun ağzından göyün 7-ci qatına çatan pis bir iy çıxır və həmin iy mələklərə əziyyət verir? Sonra da deyirlər ki, nə üçün cəhənnəmdə bu qədər üfunət olur? Cəhənnəmdə olan üfunətlər, bizim dünyada yaratdığımız üfunətlərdir, danışdığımız yalanlardır. Söyüşlər, qeybət və tənələr də belədir.
Töhmət vurmaq bütün bunların ən böyüyüdür. Çünki töhmət həm yalan danışmaq və həm də qeybət etməkdə olan rəzalətlərə malikdir. Qeybət edən şəxs düz söz danışır, amma pisliyə danışır. Yalançı da yalan danışır, amma pisliyə danışmır. özündən bir şey uyduraraq deyir. Amma töhmət vuran şəxs eyni zamanda həm yalan danışır və həm də qeybət edir, yəni iki böyük günahı birlikdə edir.
Ömrünüzdən keçən Ramazan ayında və ya digər aylarda bir-birimizə töhmət vurmağımız düzgündürmü? Ramazan ayı müsəlmanların daha çox bir yerə toplaşmaları, ictimai ibadətlərlə məşğul olmaları və məscidlərə yığışmaları üçündür, parçalanma vasitəsi olmaq üçün yox!
» Kamil insasn»