Orucun hökmləri ilə bağlı sual-cavab
Sorğu-sual insan yaranışının başlanğıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəlmö`minin Həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:
Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.
Bəli, səmavi suallar verən hər bir insan cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri budur ki, bir tərəfdən pak qəlbli kamillik sorağında olan, həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdən çox dəyərli ayinlərimiz var. Bu ayinlərdəki uca maarif suallarına cavab axtaran təşnə qəlbləri sirab edir.
Elm və mədəniyyət mərkəzinin müşavirə və sorğu qurumu aktual sualları cavablandırmaq və yaşıl elm nihalını bara-bəhrəyə gətirmək üçün məclis təşkil etdi. Alim və düşüncəli gənclərimiz üçün səbir daşı ola bilsək iftixar duyarıq.
Qeyd olunmalıdır ki, dini mədəniyyətin genişlənməsi istiqamətində rəhbərlik məqamının nümayəndəliyi universitetlərdə elmi qruplarla həmkarlıq edərək əlli mindən çox tələbə sorğusunu cavablandırmışdır. Bu idarə səkkiz elmi və mütəxəssis qrupdan ibarətdir: Qur`an və hədis qrupu; əhkam qrupu; fəlsəfə qrupu; tərbiyə və psixologiya qrupu; siyasi təfəkkür qrupu; mədəni və ictimai qrup; tarix qrupu.
Qarşınızdakı kitabça dəyərli alim höccətül-İslam Seyyid Müctəba Hüseyni tərəfindən cavablandırılmış fiqhi suallar məcmusudur. Bu məcmuənin xüsusiyyətləri və tənzim üslubu aşağıda bəyan olunur.
a) Sualların cavabı mənbələr və sənədlərlə birlikdə qeyd olunmuşdur.
b) Eyni məzmunlu cavablar eyni tə`birlərlə və rəvan şəkildə tərtib olunmuşdur; bu səbəbdən də cavabların çoxu iqtibas edilmişdir.
v) Daha çox arxayınlıq üçün sənədlərə istinad etməkdən əlavə, böyük mərce alimlərin katibliyindən də cavab alınmışdır.
q) Kitabın tənzimində ilkin fətva kimi imam Xomeyninin nəzəri bildirilmiş, digər mərce alimlərin baxışı əlifba sırası ilə zikr olunmuşdur:
1. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Təqi Behcət.
2. Həzrət Ayətullah Hacı Şeyx Mirza Cavad Təbrizi.
3. Həzrət Ayətullah Hacı Seyyid Əli Hüseyni Xameneyi.
4. Həzrət Ayətullah Hacı Seyyid Əli Hüseyni Sistani.
5. Həzrət Ayətullah Hacı Şeyx Lütfullah Safi Gülpayiqani.
6. Həzrət Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani.
7. Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Nuri Həmədani.
8. Həzrət Ayətullah Hacı Şeyx Nasir Məkarim Şirazi.
9. Həzrət Ayətullah Hacı Şeyx Hüseyn Vəhid Xorasani.
Qeyd etməliyik ki, kitabın mətnində mərce alimlərin adı qısa şəkildə verilmişdir. Bu qısaltmaya görə onlardan üzr diləyir və Allah-təalanın dərgahından izzət və salamatlıq arzulayırıq.
Allahın tövfiqi ilə bu məcmuəni tədricən davam etdirib sizə təqdim etmək fikrindəyik. Sizin dəyərli təklifləriniz və tənqidləriniz bu qəbildən olan məcmuələrin tərtibində bizə yardımçı olacaq.
Sonda möhtərəm müəllif və müşavirə, sorğu qurumunun həmkarlarına, xüsusi ilə Höccətül-İslam Seyyid Məhəmməd Təqi Ələvi və Saleh Qənnadi cənablarına təşəkkür edirik. Bu insanlar məcmuənin hazırlanmasında xeyli təlaş göstərmişlər. Allah-təaladan bu əzizlər üçün daha çox tövfiq diləyirik. Onların Əhli-beyt məktəbinə və cəmiyyətin, xüsusi ilə də universitetlərin dini mədəniyyətinə daha çox xidmət edəcəyi ümidindəyik.
Mədəniyyət mərkəzi qurumunun məs`ulu
Seyyid Məhəmməd Riza Fəqihi.
Orucun fəlsəfəsi
Sual: Orucun faydalarını və fəlsəfəsini bəyan edin.
Orucun çoxsaylı hikmətləri və faydaları vardır. Onların mühümləri aşağıdakılardan ibarətdir:
1.Oruc insanın ruhunu lətafətli, iradəsini güclü edir, meyl və istəklərini nizamlayır, insana təqva və pəhrizkarlıq yolunda kömək edir.
2. Oruc kasıb və varlı arasında bərabərliyi tənzimləyir.
İnsanlar aclığı dadmaqla yoxsullar və məhrumlar haqda düşünüb onların hüquqlarını ödəyir.
3. Oruc qəlblərə rahatlıq verir.
4. Oruc sağlamlıq və müalicə baxımından böyük tə`sirlərə malikdir və bədənin sağlamlığına səbəb olur. Aleksey Soforin (rusiyalı alim) oruc tutmağı qan azlığı, uşağın zəif olması, revmatizm, göbələk xəstəlikləri, şəkər, böyrək və ciyər kimi bir çox xəstəliklərin müalicəsi yolu bilir.
«Ramazan»ın mə`nası
Sual: «Ramazan»ın mə`nası nədir?
«Ramazan», «rəmz» kökündən olub, qızmar isti və günəşin daşa və quma saçması mə`nasındadır. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı olduğu üçün bu adı almışdır. Bu ay hicri-qəməri təqvimində ilin 9-cu və yeganə ayıdır ki, adı Qur`anda çəkilmişdir və Allahın adlarından biridir. Bu baxımdan rəvayətlərdə bəyan olunmuşdur ki, «mah» kəlməsi «ramazan» kəlməsinə artırılsın və heç vaxt ayrıca işlənməsin. Ramazan ayının bütün aylardan üstünlüyü vardır. Çünki, bütün qiymətli səmavi kitablar (Tövrat, İncil, Zəbur, Suhuf və Qur`an) məhz bu ayda nazil olmuşdur. Qədr gecəsi və Həzrət Əlinin (ə) şəhadəti bu ayda baş vermişdir. Bəlkə bu xüsusiyyətlərə görə uyğun ay orucluq üçün seçilibdir.
Orucun mə`nası
Sual: «Sovm» (oruc) sözünün lüğət və terminoloji mə`nası nədir?
«Soum» (oruc) lüğətdə hər bir şeydən çəkinmək mə`nasındadır. Amma fiqh terminologiyasında «Allah əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər səkkiz şeydən çəkinmək mə`nasını bildirir.
Orucun tarixçəsi
Sual: Orucun tarixçəsi hansı zamandan başlayır?
Tarixdə bir çox dəlillər var ki, oruc yəhudilər, məsihilər və başqa millətlər və tayfalar arasında mövcud olmuşdur. Onlar qəm-qüssə ilə üzləşən zaman tövbə və Allahın razılığını əldə etmək üçün oruc tuturdular. Belə ki, bu yolla Onun qarşısında acizlik və təvazökarlıq göstərib, bu günahlarını e`tiraf edirdilər. İncildə oxuyuruq ki, Məsih qırx gecə-gündüz oruc tutmuşdur. Qur`ani-kərim açıq-aşkar bəyan edir: «Bu ilahi əmr əvvəlki ümmətlərdə də vacib imiş.»
Orucun dərəcələri
Sual: Mə`lum olduğu kimi, əxlaq alimləri orucu ümumxalq kütləsinin orucu, xüsusi adamlar və daha xüsusi adamların orucu növlərinə bölmüşlər. Bunun dini əsası varmı?
Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.»
İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»
Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»
Vacib olan oruclar
Sual: Vacib oruclar hansılardır?
Vacib oruclar aşağıdakılardan ibarətdir:
1. Ramazan ayının orucu;
2. Kəffarə orucu;
3. Qəza orucu;
4. Nəzir, əhd və and orucu;
5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu;
6. E`tikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu;
7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.
Haram oruclar
Sual: Haram oruclar hansılardır?
Haram oruclar aşağıdakılardan ibarətdir:
1. Qurban bayramı günü tutulan oruc;
2. Fitr bayramı günü tutulan oruc;
3. Minada olan şəxs üçün təşriq günlərinin orucu;
4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şə`banın axırıdır, ya ramazanın əvvəli)
5. Susmaq orucu;
6. Gecə-gündüz tutulan oruc;
7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu;
8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu;
9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc;
10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).
Sual 8: Müstəhəb oruclar hansılardır?
Haram və məkruh olan günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir; amma bə`zi günlərdə oruc tutmaq daha çox məsləhətlidir. Həmin günlər aşağıdakılardan ibarətdir:
1. Hər ayın birinci və axırıncı cümə axşamı;
2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü;
3. Hər ayın 13, 14 və 15-ci günləri;
4. Rəcəb və şə`ban aylarının bütün günləri, ya bu iki aydan bə`zi günlər;
5. Novruz bayramı günü;
6. Zilqədə ayının 25-ci, 29-cu günü;
7. Zilhiccə ayının 1-dən 9-na qədər;
8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i);
9. Məhərrəm ayının birinci və ikinci günləri;
10. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i);
11. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)
Məkruh oruclar
Sual: Məkruh (bəyənilməyən) oruclar hansılardır?
Məkruh oruclar aşağıdakılardan ibarətdir:
1. Aşura gününün orucu;
2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa);
3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması;
4. Övladın ata-ananın icazəsi olmadan müstəhəb orucu.
Oruc tutmamağa icazəsi olanlar
Sual: Hansı şəxslərə oruc vacib deyil?
Bütün müctəhidlərin rə`yi:
İnsanlardan bir qisminə oruc tutmaq vacib deyil:
1.Orucdan əziyyət çəkən qoca kişi və qadın;
2. Hamilə qadın; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
3. Süd əmizdirən qadının oruc tutmağı; (əgər uşaq və ya ana üçün zərərli olarsa)
4. Xəstənin oruc tutması; (əgər onun üçün zərərli olarsa)
5. Xəstəliyi olan elə bir şəxs ki, çox susaya və susuzluğa dözə bilməyə;
6. Həddi-büluğa çatmamış şəxs;
7. Heyz və nifas qanı görən qadın;
8. Səfərə gedən və bir yerdə on gün qalmaq qəsdi olmayan şəxs;
9. Bədəni zəif olan şəxs; (Oruc tutmaq ona dözülməz həddə əziyyətlidirsə)
10. Huşu olmayan və ya huşsuzluqla gün keçirən şəxs;
11. Dəlilər.
Oruc üçün niyyət
Sual: Orucun niyyəti necə olmalıdır?
Bütün müctəhidlərin rə`yi:
«Orucun» niyyəti, yə`ni insan Allah əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğribə qədər orucu batil edən işlərdən çəkinməyi qərara alsın; ürəkdən keçirmək və ya dilə gətirmək lazım deyil.
Sual: Adi halda oruc niyyətinin sonu və başlanğıcı nə vaxtdır?
Bütün müctəhidlərin rə`yi:
Ramazan orucu və nəzir orucunun niyyəti gecənin əvvəlindən sübh azanına qədərdir. Qəza və yalnız nəzir orucu kimi müəyyən olmayan orucun niyyət vaxtı gecənin əvvəlindən sonrakı günün zöhrünə (günorta) qədərdir. Müstəhəb orucun niyyəti gecənin əvvəlindən başlayaraq, günün sonunadək davam edir. Hətta məğribə (şama) bir niyyət qədəri qalmış olsa da.
Sual: Sabah oruc tutmaq üçün axşam qəsd etdim, amma yuxuya qaldım. Günəş çıxana yaxın vaxt oyandım və niyyət etməmişəm. Orucum düzgündürmü?
Bütün müctəhidlərin rə`yi:
Orucu batil edən əməllər etməmisinizsə, orucunuz düzdür.
Şə`ban ayının axırıncı gününün niyyəti
Sual: Sabah ramazan ayının əvvəli və ya şə`ban ayının axırı olmasını bilmirəm. Mənə oruc tutmaq vacibdirmi?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, o gün oruc tutmaq vacib deyil. Amma oruc tutmaq istəsəniz ramazan ayının niyyətini edə bilməzsiniz. Şə`ban və ya boynunuzdakı qəza orucu üçün niyyət etməlisiniz. Sonradan bilinsə ki, ramazan ayı imiş, tutduğunuz oruc ramazan ayından sayılacaq. Əgər günün yarısında bilsəniz, gərək tə`xirə salmadan öz niyyətinizi ramazan ayının orucuna çevirəsiniz.
Ramazan ayının niyyəti
Sual: Ramazan ayının hər günü üçün niyyət etmək lazımdır, yoxsa ayın əvvəlində bir niyyət etmək kifayət edər?
Bütün müctəhidlərin rə`yi:
Ramazan ayının birinci günü bir ay bütöv oruc tutmağı niyyət edərsə, kifayətdir. Amma ramazan ayının hər bir gecəsi onun sabahı günü üçün niyyət etməsi daha yaxşıdır. (Ehtiyati-müstəhəb)
Orucun niyyətini unutmaq
Sual: Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi və Vəhiddən başqa):
Orucu batil edən əməllər etməyibsə, niyyət etməlidir. Və orucu düzdür. Amma orucu batil edən əməllərdən birini edərsə, orucu batildir. Lakin (ramazan ayının hörmətinə xatir) şam azanına qədər batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra o günün qəzasını tutsun.
Təbrizi və Vəhid:
Orucu batil edən əməlləri etməyibsə, gərək niyyət edib oruc tutsun və vacib ehtiyata əsasən ramazan ayından sonra da həmin günü qəza etsin. Amma orucu batil edən əməllərdən birini etmiş olarsa, orucu batildir. Gərək ramazan ayının hörmətinə şam azanına qədər orucu batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra həmin günün qəzasını tutsun.
Sual: Əgər bir şəxs «hələ sübh azanı olmayıb» gümanı ilə yemək yeməyə məşğul olarsa və sonradan bilərsə ki, sübh azanının vaxtı keçmişdir, orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Ayətullah Behcətdən başqa):
Əgər fəcrin tülusu haqda axtarış etmədən yemək yeməyə məşğul olarsa, orucu batildir və gərək onu qəza etsin.
Ayətullah Behcət:
Əgər fəcrin tülusunda axtarış aparmadan yemək yeməyə məşğul olarsa, vacib ehtiyata əsasən, orucu batildir və onun qəzasını tutmalıdır.
Qeyd: Belə ki, qeyd etdiyimiz şəxsin orucu batildir və onun məğribə qədər orucunu açmağa və onu batil edən əməllər etməyə haqqı yoxdur.
Aylı gecələr
Sual: Aylı gecələrdə sübh namazı necə qılınmalıdır?
İmam Xomeyni: Aylı gecələrdə sübh namazını qılmaq üçün fəcr aydınlaşana qədər bir az gözlənilsin.
Bütün müctəhidlərin rə`yi (İmam Xomeynidən başqa):
Aylı və aysız gecələr arasında heç bir fərq yoxdur. Əsas məsələ fəcrin tülusu və namaz vaxtının daxil olmasına əminlikdir.
İftar vaxtı
Sual: Şam azanı başladıqda orucu açmaq olarmı?
Bütün müctəhidlərin rə`yi:
Əgər vaxtın daxil olmasına yəqinlik olarsa, eybi yoxdur. Əgər şəkk və ya güman olarsa, orucu açmağa icazə verilmir.
Namaz və iftar vaxtı
Sual: Şam azanı vaxtı iftar etmək yaxşıdır, yoxsa məğrib və işa namazlarını qılmaq?
Bütün müctəhidlərin rə`yi:
Məğrib və işa namazını qılmaq yaxşıdır; amma onu bir şəxs gözləyirsə və çox aclıq nəticəsində namazı hüzuri-qəlblə (qəlbin iştirakı ilə) qıla bilmirsə, bu halda iftar etmək yaxşıdır.
Ramazan ayında səfər
Sual: Ramazan ayında oruc tutmamaq üçün səfərə çıxmaq olarmı?
Bütün müctəhidlərin rə`yi:
Ramazanda səfərə çıxmağın (oruc tutmamaq məqsədi ilə olsa belə) eybi yoxdur. Amma bu iş orucluğun 23-cü gününədək məkruhdur. (bəyənilmir)
Günortadan qabaq səfərə çıxmaq
Sual: Günortadan qabaq səfərə çıxmağı qərara alan şəxsin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi və Sistanidən başqa):
Günortadan qabaq səfərə çıxanın orucu batildir. Amma tərəxxüs həddinə çatmazdan qabaq orucunu aça bilməz.Təbrizi: Əgər gecənin əvvəlindən səfərə çıxmaq qərarı olsa və günortadan qabaq səfərə çıxsa, orucu batildir və tərəxxüs həddinə çatmamışdan qabaq orucunu aça bilməz. Günortadan qabaq səfərə çıxmaq fikri olsa vacib ehtiyata görə oruc tutmalıdır.
Sistani: Günortadan qabaq səfərə çıxsa, vacib ehtiyata əsasən orucunu açsın; amma tərəxxüs həddinə çatmamışdan qabaq orucunu aça bilməz.
Səfərə çıxan şəxsin orucunun qəzası
Sual: Ramazan ayında səfərə çıxan şəxs qəzadan əlavə kəffarə də (cərimə) ödəməlidirmi?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, təkcə orucların qəzası vacibdir və kəffarə ödəmək lazım deyil; amma orucların qəzasını növbəti ramazan ayına qədər tə`xirə salarsa, tə`xirə saldığı hər bir gün üçün bir mudd təam kəffarə ödəsin.
Səfərdə oruc
Sual: Səfərdə qəza oruclarını tutmaq düzgündürmü?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, caiz deyil.
Nəzir orucu
Sual: Ramazan ayında səfərdə olan şəxs nəzir edib oruc tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, icazə yoxdur.
Sual: Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin (ə)) bargahına daxil olduqdan sonra, orada nəzir edib oruc tuta bilərəmmi?
İmam Xomeyni, Təbrizi, Safi, Fazil, Nuri və Vəhid:
Səfərdə nəzir orucu tutmağa icazə yoxdur.Behcət, Xamenei və Sistani:
Bəli, səfərdə nəzir orucu tutmağa icazə var və bu oruc səhihdir. (Xamenei, Sistani və Behcətin katibliyi)Məkarim:
Səfərdə nəzir orucu tutmağın eybi var və nəzir etmiş olarsa, vacib ehtiyata əsasən, öz nəzrinə əməl etməlidir.
Sual: Öz vətənimizdə səfərdən qabaq nəzir edib müstəhəb oruc tutmağın hökmü nədir?
Bütün müctəhidlərin rə`yi:
Bəli, bu nəzir səhihdir.
Vətəndə nəzir orucu
Sual: Vətəndə nəzir edib, ramazan və ya onun qəza orucunu səfərdə tutmaq olarmı?
Bütün müctəhidlərin rə`yi:
Xeyr, bu oruc düzgün deyil.
Müəllim və şagirdlərin orucu
Sual. Yataqxanada və təhsil məhəllində on gündən az qalan müəllim və tələbələrin namaz və oruclarının hökmü nədir?
İmam Xomeyni:
Namazları qəsrdir (yarıdır) və orucları səhih deyil.Behcət, Safi, Fazil və Nuri:
Müəllim və tələbələr əgər on gündən daha az, ən azı bir dəfə vətən və universitet arasında get-gəl etsələr, bu iş bir müddət davam etsə və ürf baxımından «səfər» onlar üçün iş hesab olunsa, onların təhsil məhəlli və yol arasında namazları tamam, orucları da səhihdir.Qeyd 1: Ayətullah Safi səfərin sənət kimi tanınması üçün lazım olan vaxtı 4 ay bilir.
Qeyd 2: (Birinci səfər) Adı çəkilən müəllim və tələbələr vətənlərində on gündən çox qaldıqda birinci səfərdə təhsil məhəllində namazı qəsr qılmalı və oruc tutmamalıdırlar. Amma təhsil məhəllinə bir dəfə getdikdə və vətənlərinə qayıdandan sonra vəzifələrinə «kəsirus-səfər» kimi əməl edəcəklər. Namazı tam qılacaqlar və orucları da səhihdir.
Qeyd 3: Ayətullah Behcətin fətvasında birinci səfər 8 fərsəxlik səfər sayılır. Bu baxımdan vətən və təhsil yeri arasındakı məsafə 8 fərsəxdən çox olarsa, birinci səfərdə təhsil məhəllində namazları tam və orucları səhih hökmündədir.
Xamenei: Müəllimlər və təhsil göstərişi almış, təqaüdlə tə`min olunan tələbələr on gündən az müddətdə heç olmasa bir dəfə öz vətəninə və universitetə get-gəl edərsə, onların namazı bütöv, orucları səhihdir. Lakin digər tələbələrin namazı qəsrdir, orucları isə səhih deyildir. Əgər on gündən az, ən azı bir gün vətən və universitet arasında get-gəl etsələr, namazları tam və orucları səhihdir, amma digər şagirdlərin namazları qəsrdir və orucları səhih deyil.
Qeyd: Ayətullah Xameneinin eyni elmi səviyyədə olan mərcei-təqlidə müraciət edilməsini vacib ehtiyat saydığından şagirdlər bu məsələdə bərabər səviyyəli başqa müctəhidə təqlid edə bilərlər. (Amma bu şərtlə ki, yeni mərceyi-təqlid) elmdə bərabər olan müctəhidə müraciət etməyə icazə verildiyini və səfər edən tələbənin namazının tam, orucunun səhih olduğunu bilsin. (Ayətullah Behcət kimi)
Təbrizi: Tələbənin universitet və vətən arasında get-gəli on gündən az olarsa, ehtiyat etməlidir. Yə`ni namazlarını həm tam, həm də qəsr qılmalıdır. Oruc tutarlarsa səhihdir və qəzası yoxdur.
Müəllim tədris üçün hər həftə şər`i məsafə qədər yol gedərsə (tədris müddətinin iki və ya daha çox olmasına baxmayaraq) namazlarını tam qılsın və oruc tutsun.
Qeyd: Ayətullah Təbrizinin bu məsələdə nəzəri vacib ehtiyat olduğundan müqəllidləri (təqlid edənlər) elmdə bərabər və ya ə`ləm olan başqa müctəhidə müraciət edib namazlarını tam qıla və oruclarını tuta bilərlər.
Sistani: 1. Müəllim və tələbələrin təhsil və tədris müddəti ən azı iki il davam edərsə və müəyyən yerdə qalarlarsa (həftədə iki gecə-gündüz qalmalarına baxmayaraq onlara səfər edən deməsinlər) həmin yer onlara vətən hökmündədir və orada namazlarını tam qılıb, oruclarını tutsunlar.
2. Müəllim və tələbələr həftədə ən azı şər`i məsafədən çox get-gəl edərlərsə və ya səfərdə olarlarsa, həm də bu işi bir müddət (misal üçün bir ildə altı və ya təhsilin bir neçə ilində, ən azı üç ay) davam etdirərlərsə «kəsirus-səfər» (çox səfər edən) sayılırlar və namazlarını təhsil məhəlli və yol arasında tam qılmalı və oruc tutmalıdırlar.
Qeyd 1: İki haldan hər birində birinci ayda əgər on gün qalmağı qəsd etməzlərsə, gərək ehtiyat etsinlər. Yə`ni namazlarını tam və qəsr qılsınlar, oruclarını da həm tutub, həm də qəza etməlidirlər.
Qeyd 2: Ayətullah Sistani elmdə bərabər olan müctəhidə müraciət etməyə icazə verir. Onların müqəllidləri bu məsələdə namazı tam və orucu səhih bilən, elmdə bərabər olan digər müctəhidlərə müraciət edə bilərlər.
Məkarim: 1. Müəllim və tələbələr qeyd olunan vaxta qədər (məsələn, bir il və ya çox) tədris və təhsil yerində qalsalar, həmin yer vətən hökmündədir. Namaz və oruc orada tam şəkildə yerinə yetirilməlidir. Həmin yerdə fasiləsiz olaraq on gün qalmaq şərt deyil.
2. Hər gün və ya həftədə üç gün təhsil ocağına gedən şəxslər, yə`ni sübh gedib, axşama yaxın qayıdanlar «kəsirus-səfər» sayılırlar. Orucları orada və gedib-gələn zaman tam hökmündədir.
Vəhid: Vətən və universitet arasında həftədə ən azı dörd dəfə get-gəl edərsə və bu iş bir il davam edərsə, ora vətən hökmündədir, orada namaz tam və oruc səhihdir. Yol arasında isə ehtiyat etsin, yə`ni namazı tam və qəsr qılsın, oruc tutsun və onun qəzasını da yerinə yetirsin. Əgər get-gəl üç gün olarsa, bu surətdə də, ehtiyat etməlidir. (Bütün müctəhidlərin katibliyi)
Sual 31: Müəllim və tələbələr dərs və təhsil ocağında on gündən çox qaldıqda onların namaz və oruclarının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi:
Bu cür şəxslərin namazları tam, orucları səhihdir.Qeyd: Əvvəldən ciddi olaraq on gün qalmaq qəsdləri olarsa, və bir dörd rəkətli namaz qıldıqdan sonra vətənə qayıtmaq qərarına gələrlərsə, təhsil ocağında namaz və orucları tam olacaq.
Sual: Yataqxanada on gün, ya daha çox qalan şagirdlər yataqxana və təhsil ocağı arasında get-gəl edirlər və bu məsafə şər`i dörd fərsəxdən (yə`ni 22,5 km) az deyil. Onların namaz və oruclarının hökmü nədir?
İmam Xomeyni: Əgər on gün ərzində təkcə bir dəfə iki saatlıq yol qədər yataqxanadan universitetə getsələr, namazları tam, orucları səhihdir. Bundan başqa bütün hallarda namaz qəsr və oruc səhih deyil.
Xamenei: Əgər on gün ərzində hər gün (ya bir neçə gün ki, onun cəmi gecə və gündüzün üçdə biri qədər olsun) yataqxanadan universitetə bir-iki saatlıq yol gedərlərsə, namazları tam və orucları səhihdir. Bundan başqa hallarda namaz qəsrdir, oruc səhih deyil.
Təbrizi: Vacib ehtiyata əsasən, namazları həm tam, həm də qəsr qılsınlar. Oruc tutmuş olsalar səhihdir və qəzası da yoxdur. (Təbrizinin katibliyi)
Behcət, Sistani, Fazil, Safi, Məkarim, Nuri və Vəhid:
Qeyd olunmuş fərziyyədə namaz tam və oruc səhihdir.
Sual: Qəfildən təhsil ocağından başqa bir şəhərə səfər edən müəllim və tələbələrin namaz və oruclarının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Ayətullah Sistanidən başqa):
Namaz qəsrdir və oruc səhih deyil.Sistani: Namaz tam və oruc səhihdir.
Sual 34: Həftədə bir, ya bir neçə gün tədris etmək üçün şər`i məsafədən çox get-gəl edən müəllimin aşağıda qeyd olan iki surətdə tədris ocağında və yolda namaz və orucunun hökmü nədir?
a) Tədris ocağı bir şəhərdə olduqda;
b) Tədris ocağı müxtəlif yerlərdə olduqda.
İmam Xomeyni: Namaz qəsrdir, oruc səhih deyil.
Vəhid: Əgər həftədə dörd gün tədris ocağına get-gəl etsələr, onların namazları tam və orucları düzdür. Əgər səfərdə üç gün qalsalar, vacib ehtiyata əsasən, oruc tutsunlar və onun qəzasını da yerinə yetirsinlər. Amma üç gündən az qaldıqda namaz qəsr olacaq və oruc düzgün deyil.
Sistani: Əgər ayda on gün, ya daha çox səfərə çıxsalar və bu iş bir il müddətində altı ay və ya bir ildən çox müddətdə üç ay davam edərsə, namaz tam və oruc səhihdir. Əgər ayda doqquz və ya səkkiz gün səfərdə olsalar, gərək ehtiyat etsinlər. Yə`ni namazı həm tam, həm də qəsr qılsınlar. Həm oruc tutsunlar, həm də onun qəzasını yerinə yetirsinlər.
Safi: Əgər gedib-gəlmək ən azı dörd ay davam edərsə namaz tam və oruc səhihdir.
Behcət, Xamenei, Fazil və Nuri: Əgər gedib-gəlmək heç olmaya bir müddət davam edərsə (ürf bu işi sənət adlandırarsa) namaz tam və oruc düz hökmündədir.
Təbrizi: Əgər həftədə ən azı bir dəfə tədris üçün vətən və universitet arasında get-gəl edərsə, namaz tam və oruc səhihdir. Əgər 8, ya 9 gün ərzində get-gəl bir dəfə olarsa, gərək ehtiyat etsinlər; yə`ni namazı tam və qəsr qılsınlar. Oruc tutmuş olsalar səhihdir və qəza etmək lazım deyil.
Təhsil yeri
Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?
Bütün müctəhidlərin rə`yi (Sistani, Məkarim və Vəhiddən başqa):
Təhsil yeri vətən hökmündə deyil.Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir.
Məkarim: Bir il, ya da daha uzun müddət həftədə üç gün tam qalarsa, vətən hökmündə sayılır.
Vəhid: Bir il və ya daha uzun müddət həftədə dörd gün tam qalarsa, ora vətən hökmündədir. (Vəhidin katibliyi)
Birinci səfər
Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir?
İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir.
Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın.
Nuri və Safi: Namaz qəsr qılınmalıdır və oruc tutmaq düzgün deyil.
Fazil: Vacib ehtiyata əsasən bütün səfərlərdə namaz qəsrdir və oruc düzgün deyil.
Vəhid: Birinci və ikinci ayda gərək ehtiyat etsin, yə`ni namazı tam və qəsr qılsın. Əgər oruc tutarsa, qəza etsin. (Vəhidin katibliyi)
Məkarim: Gərək əvvəl bir neçə səfərdə ehtiyat etsin, namazı tam və qəsr qılsın. Oruc tutarsa, onu qəza etsin.
Behcət: Əgər birinci səfərdə məsafə 8 fərsəxdən çox olarsa, gərək namazı tam qılsın. Bu miqdardan az olduğu təqdirdə gərək qəsr qılsın.
Şəri məsafə
Sual: Şər`i məsafənin qədəri neçə km-dir?
İmam Xomeyni, Behcət, Xamenei, Fazil, Safi və Nuri: Şər`i məsafə təqribən 22,5 km-dir.
Məkarim: Şər`i məsafə təqribən 21,5 km-dir.
Təbrizi, Sistani və Vəhid: Şər`i məsafə təqribən 22-km-dir.
Yemək və içmək
Sual: Yeməyi dadmaq orucu batil edərmi?
Bütün müctəhidlərin rə`yi: Əgər onu udmazsa eybi yoxdur.
Damağın qanı
Sual: Damaq xəstə olduğuna görə ondan bir az qan gəlir. Bə`zən özündən ixtiyarsız onu udur. Orucu batildirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər bilmədən və özündən ixtiyarsız udarsa, orucu düzdür.
Sual: Bə`zən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda oruc batil olurmu?
Bütün müctəhidlərin rə`yi (Təbrizi, Safi və Nuridən başqa): Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir.
Təbrizi və Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən udmasın və tüpürsün.
Nuri: Ağız suyu ilə həll olarsa da onu udmağa icazə yoxdur.
Diş arasında qalan yemək
Sual: Gündəlik diş arasında qalan yeməyi udduğunu bilən və ya ehtimal verən şəxsə səhər çağı dişlərini fırçalamaq lazımdırmı?
İmam Xomeyni, Xamenei və Təbrizi: Əgər ehtimal həddində olarsa, eybi yoxdur. Amma gündə bir qırıntının udulmasını bilərsə, gərək dişlərini fırçalasın. Əgər bunu etməzsə və ondan bir qırıq udarsa, orucu batil olar. Əgər udmazsa, vacib ehtiyata əsasən, gərək onun qəzasını tutsun.
Behcət, Təbrizi, Sistani, Safi və Fazil: Ehtimal həddində olarsa, eybi yoxdur; amma gündə ondan bir qırıq udduğunu bilərsə, gərək dişlərini ya xilal, ya fırça ilə təmizləsin. Əgər bunu etməzsə orucu batildir. (Ondan bir qırıq udmasa da.)
Məkarim: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğunu bilərsə, vacib ehtiyata əsasən, gərək dişlərini fırçalasın və unudub bir şey udarsa orucu batildir, ramazan ayından sonra qəzasını tutmalıdır.
Vəhid: Əgər ehtimal edərsə, eybi yoxdur. Amma gündə ondan bir qırıq udduğuna əmin olarsa, gərək dişlərini təmizləsin. Bu işi etmədikdə və bir şey udduqda orucu batil olar.
Səhvən bir şey yemək
Sual: Oruc tutan şəxs unutmaq nəticəsində bir şey yeyərsə, onun yadına salmaq vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, ona demək vacib deyil.
Qarqara etmək
Sual: Oruc tutan şəxsin qarqara etməsinin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər qarqara edən zaman su boğazdan aşağı gedərsə, orucu batil olar.
Saqqız çeynəmək
Sual: Saqqız çeynəməyin oruc tutan şəxs üçün hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Eybi vardır.
Bəlğəmi udmaq
Sual: Bəlğəmi udmaq orucu batil edirmi?
Bütün müctəhidlərin rə`yi (Behcət və Sistanidən başqa): Bəlğəmi udmaq, nə qədər ki, ağızın fəzasına çatmayıb eybi yoxdur; amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.
Behcət: Bəlğəmi udmaq oruc olmayan günlərdə əgər adi bir iş olarsa və ağız fəzasına çatmazsa, eybi yoxdur, amma ağız fəzasına çatarsa, vacib ehtiyat budur ki, onu udmasın.
Sistani: Bəlğəmi udmağın (ağız fəzasına çatmasına baxmayaraq) eybi yoxdur, amma ağız fəzasına çatarsa, müstəhəb ehtiyat budur ki, onu udmasın.
Qeyd: Ağız və boğaz fəzasının səddi «x» hərfinin məxrəcidir.
Oruc tutan şəxs və diş həkimi
Sual: Ramazan ayında həkimin oruc tutan şəxsin dişini doldurmasının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Ramazan ayında diş həkimləri üçün diş doldurmaq, müalicə etmək və diş çəkməyə icazə vardır. Oruc tutan şəxs qanın və aparat vasitəsi ilə ağıza ötürülən suyun udulmamasına əmindirsə, bu iş caizdir.
Diş fırçalamaq
Sual: Oruc halında diş pastası ilə diş fırçalamağın eybi varmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, eybi yoxdur. Amma gərək ağız suyunun içəri daxil olmasının qarşısı alınsın.
Sual: Oruc halda tərkibində florayd və nanə tamı (dadı) olan diş təmizləyən sapdan istifadə etməyin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər ağız suyunu udmazsa, eybi yoxdur.
İynə vurdurmaq
Sual: Ramazan ayı oruc halda iynə vurdurmaq olarmı?
İmam Xomeyni, Behcət və Xamenei: Əgər iynənin gücləndirici və qidalandırıcı tə`siri olarsa, vacib ehtiyata əsasən, bu işi etməkdən çəkinməlidir. Amma əgər iynənin müalicəvi (dərman) və ya hansısa bədən üzvünü keyləşdirmə tə`siri olarsa, qəbul etməyin eybi yoxdur.
Fazil: Əgər iynənin gücləndirici və qidalandırıcı rolu olarsa, gərək onu qəbul etməkdən çəkinsin. Amma müalicəvi və bədən üzvünü keyitmək xassəsi olarsa, onu qəbul etməyin eybi yoxdur.
Məkarim: Əgər iynənin müalicəvi, gücləndirici və qidalandırıcı rolu olarsa, vacib ehtiyata əsasən gərək onu qəbul etməkdən çəkinsin. Amma keyidici rolu olarsa, eybi yoxdur.
Təbrizi, Sistani, Safi, Nuri və Vəhid: Müalicəvi, gücləndirici, qidalandırıcı və bu kimi başqa iynələr qəbul etmək orucu batil etmir.
Bədənə sistem köçürmək
Sual: Ramazan ayı oruc halda bədənə sistem köçürməyin hökmü nədir?
İmam Xomeyni, Təbrizi, Xamenei, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, gərək bədənə sistem köçürməkdən çəkinsin. İstər gücləndirici və qidalandırıcı, istərsə də müalicəvi tə`sirli iynə olsun.
Sistani, Safi, Nuri: Gücləndirici, qidalandırıcı və müalicəvi tə`sirinə baxmayaraq, bədənə sistem köçürmək orucu batil etmir.
Fazil: Bədənə sistem köçürmək əgər gücləndirici və qidalandırıcı olarsa, ondan çəkinməlidir. Amma müalicəvi və bu kimi başqa tə`sirə malik olarsa, eybi yoxdur.
Behcət: Bədənə sistem köçürmək orucu batil edir.
Göz dərmanı
Sual: Gözə dərman (göz dərmanı) tökmək orucu batil edirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər tökülən dərman həlqə (yeməyin ağızdan mədəyə keçdiyi hissəyə) çatsa və ya çatmasa, içəri daxil olmazsa, orucu batil etməz.
Ətir və şampun
Sual: Mübarək ramazan ayında şampun, vitaminli krem və pomadadan istifadə etməyə icazə varmı?
Bütün müctəhidlərin rə`yi: Qeyd olunan işlərdən heç biri orucu batil etmir. Amma pomadadan elə istifadə etməlidir ki, ağıza daxil olmasın və içəri ötürülməsin.
Sual: Ramazan ayında oruc tutan şəxsin ətirdən istifadə etməsinin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Ətirdən istifadə etmək oruc tutan şəxs üçün müstəhəbdir. Amma ətirli bitkiləri qoxulamaq məkruhdur.
Qan hədiyyə etmək
Sual: Oruc tutan şəxsin qan hədiyyə etməsinin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər qan vermək bədənin zəifləməsinə səbəb olarsa məkruhdur.
Başı suya salmaq
Sual: Oruc halda başı su kranının altında yumağın hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Başı suyun altına bir dəfə tam salmaq orucu batil edir. Amma duş və su kranının altında baş yumağın eybi yoxdur.
Ləl-cəvahirat əldə etmək üçün suyun altına batanların orucu
Sual: Su altına məxsus skafandrdan istifadə etməklə suya batan şəxslərin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Baş əgər sudan mühafizə edən bir örtükdədirsə, oruc batil olmur.
Oruc tutan şəxsin yeməyi qaytarması (qusması)
Sual: Əgər oruc tutan şəxs ürək bulanması səbəbindən qusarsa, onun orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər özündən ixtiyarsız olarsa, eybi yoxdur. Amma qəsdən olarsa, oruc batildir.
Tüstü və buxar
Sual: Oruc tutan şəxsin su buxarını nəfəs vasitəsilə udmasının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Hamam suyunun buxarı orucu batil etmir.
Siqaret çəkmək
Sual: Oruc halda siqaret və tənbəki çəkməyin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Vacib ehtiyat budur ki, oruc tutan şəxs siqaret və tənbəki tüstüsündən qorunsun.
Nəqliyyat vasitəsinin tüstüsü
Sual: Oruc tutan şəxsin boğazına nəqliyyat vasitəsinin tüstüsü daxil olarsa, onun orucu batil olarmı?
Bütün müctəhidlərin rə`yi: Əgər qalın tüstünün boğaza çatmaması inamı ilə nəqliyyat vasitəsinin kənarında durarsa və tüstü qəfil surətdə boğazına çatarsa, orucu düzdür.
Aerazol (çiləyici) dərman cihazı
Sual: Müalicə üçün aerazol cihazından istifadə etmək (yə`ni onu nəfəs vasitəsi ilə qəbul etmək) orucu batil edərmi?
(Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər buxar qatı halda olarsa, vacib ehtiyata əsasən, onu boğazına çatdırmamalıdır. Əgər buxar ağız fəzasına su şəklində toplaşarsa, gərək onu udmasın.
Behcət: Buxar qatı olarsa, gərək boğazına çatdırmasın. Əgər buxar ağız fəzasında su şəklində cəm olarsa, gərək onu udmasın.
Cənabət
Sual: Ramazan ayının gecəsi cənabətli olan şəxs bilir ki, yatsa sübh azanından sonra oyanacaq. Onun vəzifəsi nədir?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Bu şəxs gərək yatmazdan qabaq qüsl etsin. Əgər o qüsl etmədən yatarsa və sübh azanından sonra oyanarsa, orucu batildir və qəzadan əlavə kəffarə də verməlidir.
Məkarim: Əgər qüsl etmədən yatarsa və sübh azanından sonra oyanarsa orucunda nöqsan var. Vacib ehtiyata əsasən, onu ramazan ayından sonra həm qəza etsin, həm də kəffarə ödəsin.
Sual: Ramazan ayında sübh azanından sonra cənabətli halda yuxudan oyandım. Azandan qabaq cənabətli olduğumu bilirəm. Vəzifəm nədir?
Bütün müctəhidlərin rə`yi: Oruc düzdür.
Cənabət və qəza orucu
Sual: Ramazan ayının qəza orucunu tutmaq istəyən şəxs sübh azanından sonra oyanır və cənabətli olduğunu görür. Həmin gün oruc tuta bilərmi?
İmam Xomeyni və Nuri: Əgər sübh azanından sonra cənabətli olarsa, oruc tuta bilər. Amma əgər sübh azanından qabaq cənabətli olarsa, həmin gün oruc tuta bilməz.
Təbrizi Sistani və Vəhid: Həmin gün oruc tuta bilər.
Məkarim: Əgər orucun qəza vaxtı dar deyilsə, vacib ehtiyata əsasən, gərək başqa gün oruc tutsun. Amma vaxt olmazsa, (misal üçün beş gün qəza orucu olarsa və beş gündən də artıq ramazan ayına vaxt qalmadıqda) həmin günü oruc tutsun və orucu düzdür.
Safi və Fazil: Əgər orucun qəzasını tutmaq vaxtı dar deyilsə, gərək başqa bir gün oruc tutsun. Amma əgər vaxt dardırsa, (misal üçün beş gün qəza orucu boynunda vardır və beş gündən də artıq ramazan ayına vaxt qalmırsa) vacib ehtiyata əsasən, gərək həmin gün oruc tutsun və ramazandan sonra da qəza etsin. Amma vaxt dar deyilsə, orucu batildir və başqa bir gün oruc tutmalıdır.
Azandan qabaq cənabətli olmaq
Sual: Ramazan ayında sübh azanından qabaq cənabətli olan şəxs su tapa bilməzsə vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər sübh azanından qabağa qədər su tapa bilmirsə, qüsl əvəzi təyəmmüm etsin və orucu düzdür. Azandan sonra su tapılarsa, sübh namazı üçün qüsl etsin və digər hallarda həmin təyəmmümlə sübh namazını qılsın.
Sual: Bir şəxs ramazan ayında sübh azanından qabaq möhtəlim olub. (Yuxuda olarkən boynuna cənabət qüslü gəlib) Qüsl etmək istəsə, yemək üçün vaxt qalmayacaq. Vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər səhər yeməyini yemədən oruc tuta bilərsə, gərək qüsl etsin. Yemək yemədən oruc tuta bilmədikdə və ya zərər qorxusu olduqda yeməyini yeyib azandan qabaq təyəmmüm etsin.
Sual: Bir şəxs ramazan ayı gecələrində sübh azanından qabaq vaxt dar olduqda cünub olduğuna görə təyəmmüm edərsə, onunla namaz qıla bilər, yoxsa qüsl etməlidir?
İmam Xomeyni və Nuri: Vacib ehtiyata əsasən, gərək sübh namazı üçün qüsl etsin.
Behcət, Təbrizi, Sistani, Safi, Fazil və Vəhid: Sübh namazı üçün qüsl etməlidir.
Məkarim: Əgər təyəmmümü və üzrü qalarsa, həmin təyəmmümlə sübh namazını qıla bilər.
Sual: Əgər ramazan ayında cənabət qüslü etməyə vaxtın qalması inamı ilə qüsl etməyə başlaya və qüslün ortasında bilə ki, qüsldən bir hissəsi sübh azanı ilə üst-üstə düşüb. Bu şəxsin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu düzdür.
Sual: Sübh azanından qabaq möhtəlim halda yuxudan oyanan şəxs azana yaxın vaxta qədər qüsl verməyib, təyəmmüm edə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Əgər qüslü vaxt dar olan zamana qədər tə`xirə salarsa, günah etmişdir. Bu halda sübh azanından qabaq təyəmmüm etməlidir və orucu səhihdir.
Oruc tutan şəxsin cənabətli olması
Sual: Gündüz yatarkən, adətən, möhtəlim olan bir cavan ramazan ayında gündüz yata bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, gündüz yata bilər. Yuxuda möhtəlim olacağını bilsə də, orucu səhihdir.
Sual: Sübh namazından sonra möhtəlim olan və gün batana qədər qüsl etməyən şəxsin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Tələsik qüsl etməyi lazım deyil və orucu səhihdir. Amma namaz üçün gərək qüsl etsin.
Möhtəlim olmağı bilməmək
Sual: Bir neçə il cənabətli halda namaz qılıb, oruc tutmuşam. Hansı ki, «cənabətli şəxs qüsl etməlidir» hökmünü bilmirdim. Mənim vəzifəm nədir?
İmam Xomeyni, Behcət, Təbrizi, Məkarim və Vəhid: Cənabətli halda qıldığı namazları və tutduğu orucları gərək qəza etsin.
Sistani, Safi və Fazil: Əgər məsələləri öyrənməkdə səhlənkarlıq etməmisinizsə, oruclar düzdür və qəzası yoxdur. Amma cünub halda qıldığınız namazları qəza etməlisiniz.
Qeyd: Namazda təharət həqiqi şərtdir; bu baxımdan diqqətsizlik üzündən təharətsiz namaz qılarsa namazı batildir.
Sual: Bir şəxs bir müddət oruc tutub, namaz qılmışsa, sonradan cənabətli olduğunu bildikdə vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər cənabət məsələsindən xəbərsiz olubsa, orucları düzdür. Amma namazları gərək qəza etsin.
Cənabət qüslünü unutmaq
Sual: Əgər ramazan ayında cənabət qüslünü unutsaq və bir neçə gündən sonra yadımıza düşsə, vəzifəmiz nədir?
Bütün müctəhidlərin rə`yi: Gərək o bir neçə günün namaz və orucunu qəza edəsiniz. Amma kəffarəsi yoxdur.
Sual: Əgər bir şəxs gecə cənabətli olarsa və qüsl etməyi unudub, gündüz xatırlayarsa, bu halda orucu batildirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, bu fərziyyədə oruc batildir.
Qeyd: Orucun batil olmasına baxmayaraq, gərək şama qədər yemək, içmək və bu kimi işlərdən çəkinsin.
Cənabət qüslünü tə`xirə salmaq
Sual: Əgər bir şəxs ramazan ayı gecəsi cənabətli olsa və sübh azanına yaxın vaxtadək qüslü tə`xirə salsa və sonra təyəmmüm etsə, orucun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Safi və Vəhiddən başqa): Bu fərziyyədə (baxmayaraq qüslü tə`xirə salmaq günahdır) sübh azanından qabaq təyəmmüm edərsə, orucu düzdür.
Safi və Vəhid: Bu fərziyyədə (baxmayaraq ki, qüslü tə`xirə salmaq günahdır) vacib ehtiyata əsasən, təyəmmüm etsin, oruc tutsun və onun qəzasını da yerinə yetirsin.
Oruc tutan şəxsin qüslünün batil olması
Sual: Qüsl edərkən ayağının altını yumalı olduğunu bilməyən şəxs dəfələrlə bu qaydada qüsl etmişdir. Onun keçmiş namaz və oruclarının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Suyun ayağın altına çatmadığını bilirsə, gərək qıldığı namazları qəza etsin; amma orucların qəzası yoxdur.
Sual: Bir müddət səhv qüsl etmişəm və həmin qüsllə oruc tutub, namaz qılmışam. Bu halda oruc və namazlarımı qəza etməliyəmmi?
Bütün müctəhidlərin rə`yi: Orucların qəzası yoxdur, amma gərək namazları qəza edəsiniz.
İstimna
Sual: İstimna nədir?
Bütün müctəhidlərin rə`yi: İnsanın özü və ya başqası ilə gördüyü iş nəticəsində ondan sperma gələrsə, bu iş istimna sayılır. İstimna haramdır və sperma xaric olduqda cənabət qüslü vacib olur.
Oruc tutanın istimna etməsi
Sual: Əgər bir şəxs ramazan ayında orucunu qəsdən istimna etməklə batil edərsə, hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Xamenei, Sistani və Safidən başqa): Qəzadan əlavə, vacib ehtiyata əsasən, «cəm kəffarə» (60 gün oruc və 60 yoxsula təam vermək) ödəsin.
Safi: Qəzadan başqa, gərək cəm kəffarə ödəsin.
Xamenei və Sistani: Qəzadan əlavə kəffarə də vardır və müstəhəb ehtiyata əsasən, cəm kəffarə ödəməlidir.
Sual: Ramazan ayında, istimnanın haram olmasını bilən, amma orucu batil etməsini bilməyən şəxsin təklifi nədir?
Bütün müctəhidlərin rə`yi (Sistani və Məkarimdən başqa): Qeyd olunmuş fərziyyədə orucların qəzasından əlavə gərək kəffarə də versin.
Məkarim: Qeyd olunmuş fərziyyədə vacib ehtiyata əsasən, istimna etdiyi günlərin oruclarını qəza etsin və kəffarə ödəsin.
Sistani: Kəffarə ödəmək vacib deyil. Amma nadanlıq elə bir həddə olsa ki, orucun batil olmaması ehtimal edilsin, orucların qəzası da vacib deyil.
Büluğ (yetkinlik) zamanı istimna etmək
Sual: Cavanlıq dövründə bə`zən ramazan ayında istimna edirdim, amma onun haramlığından xəbərim yox idi. Orucu batil etməsini bilmirdim. Vəzifəm nədir?
İmam Xomeyni, Safi və Nuri: Əgər nadanlıq elə bir həddə olmuşsa ki, orucun batil olma ehtimalını verməmisiniz, kəffarə vacib deyil; amma vacib ehtiyata əsasən, istimna etdiyiniz günləri qəza etməlisiniz.
Təbrizi və Vəhid: Gərək istimna etdiyiniz günlərin orucunu qəza edəsiniz. Amma kəffarə vacib deyil.
Sistani: Kəffarə ödəmək vacib deyil. Əgər nadanlıq elə bir həddə olmuşsa ki, orucun batil olmasını da ehtimal verməmisiniz, həmin halda orucların qəzası da vacib deyil.
Behcət, Xamenei və Fazil: Əgər nadanlıq elə bir həddə olmuşsa ki, orucun batil olma ehtimalını verməmisiniz, onda kəffarə vacib olmaz. Amma istimna etdiyiniz günlərin orucunu qəza etməlisiniz.
Məkarim: Vacib ehtiyata əsasən, istimna etdiyiniz günlərin qəzasını yerinə yetirin. Amma kəffarə vacib deyil.
Sual: Bir şəxs ramazan ayında sperma xaric etmək qəsdi olmadan özü ilə oynayarsa və xəbəri olmadan ondan sperma xaric olarsa, orucu batildirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər öncədən ehtimal versə ki, bu işlə ondan sperma xaric olacaq, orucu batildir.
Sual: Əgər sperma xaric etmək qəsdi ilə özü ilə oynasa və sperma xaric olma həddinə çatmasa, orucu batildirmi?
İmam Xomeyni, Xamenei və Fazil: Xeyr, orucu batil deyil.
Behcət, Safi, Məkarim, Nuri: Əgər sperma xaric etmək məqsədi ilə özü ilə oynayarsa, sperma gəlməsə də, orucu batil olar.
Təbrizi: Əgər sperma xaric etmək məqsədi ilə özü ilə oynayarsa, ondan sperma gəlib-gəlməməsinə baxmayaraq gərək orucu tamamlasın və ramazan ayından sonra qəza etsin.
Sistani və Vəhid: Əgər sperma xaric etmək qəsdi ilə özü ilə oynasa (sperma gəlməməsinə baxmayaraq) vacib ehtiyata əsasən, orucu tamamlasın və ramazan ayından sonra qəza etin.
Ehtiraslı fikir
Sual: Əgər ramazan ayında ehtiraslı fikir və xəyal spermanın yerindən hərəkət etməsinə səbəb olarsa, amma xaric olmasının qarşısı alınarsa, oruc batildirmi?
İmam Xomeyni, Xamenei və Fazil: Etsə, sperma xaric olmayınca oruc batil olmur.
Bütün müctəhidlərin rə`yi (İmam Xomeyni və Fazildən başqa): Əgər bu işdə sperma xaric etmək məqsədi olmasa, orucu batil olmur.
Naməhrəmə baxmaq
Sual: Oruc tutan şəxsin naməhrəmə baxması orucu batil edirmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, batil etmir. Orucu düzdür.
Qeyd: Bu iş orucun savabını azaldır. Bu baxımdan göz, qulaq, dil, qəlb və bütün bədən üzvləri günahdan və qanuna zidd olan işlərdən çəkinməlidir.
Erotik (əxlaqsız) filmlər
Sual: Ramazan ayında ehtiraslı filimlərə baxmağın hökmü nədir? Bu iş orucu batil edirmi?
Bütün müctəhidlərin rə`yi: Şəhvət doğuran erotik filmlərə ramazan və digər aylarda baxmaq haramdır. Bu sayaq filmlərə baxmaqla sperma xaric olacağını ehtimal verərsə və sperma xaric olarsa, orucu batildir.
Ər-arvad əlaqələri
Sual: Oruc tuta bilməyən bir kişi oruc tutmuş arvadı ilə yaxınlıq edə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, icazə yoxdur.
Sual: Oruc şəxsin öz zövcəsi ilə arxadan yaxınlığı orucu batil edirmi?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli, orucu batil edir.
Məkarim: Vacib ehtiyata əsasən, orucu batil edir.
Sual : Cinsi yaxınlığın orucu batil etdiyini bilməyən ər-arvad yaxınlıq edərsə, vəzifələri nədir?
İmam Xomeyni, Safi və Nuri: Əgər nadanlıq elə bir həddə çatsa ki, orucun batil olması ehtimal edilməyə, kəffarə vacib deyil. Amma vacib ehtiyata əsasən, gərək orucları qəza etsinlər.
Təbrizi, Sistani və Vəhid: Gərək orucları qəza etsin, amma kəffarə vacib deyil.
Behcət, Xamenei və Fazil: Nadanlıq elə bir həddə olsa ki, orucun batil olması ehtimal edilməyə, kəffarə vacib deyil. Amma gərək orucu qəza etsinlər.
Məkarim: Vacib ehtiyata əsasən, gərək orucları qəza etsinlər. Amma kəffarə vacib deyil.
Həyat yoldaşı ilə mazaqlaşma
Sual: Oruc tutan qadınlardan ərləri ilə mazaqlaşan zaman xaric olan yaşlığın hökmü nədir? Onların orucu batil olurmu?
Bütün müctəhidlərin rə`yi: Nəzərdə tutulan yaşlıq pakdır və orucu batil etmir.
Sual: Ramazan ayında insan öz həyat yoldaşı ilə mazaqlaşa bilərmi?
Bütün müctəhidlərin rə`yi: Sperma gətirmək məqsədi olmadan həyat yoldaşı ilə mazaqlaşarsa, (sperma xaric olmayacağına əmin olsa) eybi yoxdur və hər ikisinin orucları düzdür. Gözlənilmədən sperma xaric olarsa, eybi yoxdur.
Sual: Yeni ailə həyatı qurmuş oğlan və qız ramazan ayında bal ayı üçün səfərə gedərsə, onların gün ərzində cinsi yaxınlığı haramdırmı?
Bütün müctəhidlərin rə`yi: Əgər müəyyən bir yerdə on gün qalmaq niyyəti olmasa, ramazan ayında səfərdə cinsi yaxınlıq haram deyil. Lakin bu məkruh (xoşagəlməz) bir iş sayılır.
Sual: Qadın həkiminin hamilə və oruc olan qadını müalicə etməsi (məsələn, əlini bətnə salması) orucu batil edirmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, orucu batil etmir.
Yalan danışmaq
Sual: Hansı növ yalan orucu batil edir?
Bütün müctəhidlərin rə`yi (Behcət, Sistani və Məkarimdən başqa): Allah, İslam Peyğəmbəri (s), imamlar, vacib ehtiyata əsasən, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Məkarim: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və Həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Behcət: Allah, İslam Peyğəmbəri (s), imamlar, sair peyğəmbərlər, onların canişinləri və həzrət Zəhranın (ə) adından yalan danışmaq orucu batil edir.
Sistani: Vacib ehtiyata əsasən, Allah, İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batil edir.
Sual: Əgər bir şəxs yalan yazmaqla onu İslam Peyğəmbəri (s) və imamlara aid edərsə, orucu batildirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, yazı da olmasına baxmayaraq, belə yalan orucu batil edir.
Qur`anı səhv oxumaq
Sual: Ramazan ayında Qur`an ayəsi və ya hədis səhv oxunarsa, orucun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu batil olmur, amma çalışıb, Qur`anı və hədisi düz oxumalıdır.
Xəstə şəxsin orucu
Sual: Əgər oruc tutmaq xəstəliyin gec sağalmasına səbəb olarsa, bu halda vəzifə nədir?
Bütün müctəhidlərin rə`yi: Gərək oruc tutmasın.
Sual: Əgər xəstə olan şəxs orucun zərərli olmasına inamla oruc tutarsa, hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər oruc tutarsa, orucu düz deyil və gərək ramazan ayından sonra qəza etsin.
Sual: Bir şəxs bilsə və ya ehtimal versə ki, tutduğu oruc mədə xəstəliyinə və ya sidiklikdə daş yaranmasına səbəb olacaq, oruc tutması vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər dərin ağıl və düşüncə ilə ehtimal versə, oruc vacib deyil.
Sual: Böyrəkdən narahatlığı olan və onun qarşısını almaq üçün gün ərzində bir neçə dəfə su və başqa mayelərdən istifadə edən şəxsin orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər böyrək xəstəliyinin qarşısını almaq üçün gün ərzində su və başqa mayelərdən içməyə ehtiyacı olarsa, ona oruc tutmaq vacib deyil.
Şiddətli təngənəfəslik xəstəliyi olan şəxsin orucu
Sual: Şiddətli təngənəfəslik xəstəliyi olan və gündə aerazol pereparatdan istifadə edən şəxsin orucunun hökmü nədir?
İmam Xomeyni, Fazil, Məkarim və Nuri: Xəstəliyi müalicə etmək üçün istifadə edilən (nəzərdə tutulmuş) dərman, yemək və içmək sayılmazsa, orucu batil etmir.
Xamenei: Əgər dərman buxar və ya toz halında boğaza çatarsa, vacib ehtiyata əsasən, orucu batildir. Əgər dərmandan istifadə etmədən oruc tutmağın zəhmət və əziyyəti olarsa, dərmandan istifadə etmək olar. Əgər ramazan ayından sonra dərmandan istifadə etmədən oruc tuta bilərsə, vacib ehtiyata əsasən, qəza etsin.
Safi: Əgər ciyərə hər hansı maddə daxil olarsa, oruc nöqsanlı olur. Əgər ondan istifadə etmədən oruc tutmağın çətinliyi olarsa və il ərzində dərmandan istifadə etməsi zəruridirsə, ramazan ayında oruc tutmalıdır. Vacib ehtiyata əsasən, hər bir gün üçün yoxsula bir mudd təam versin və qəzası yoxdur.
Təbrizi və Vəhid: Boğaza çatmazdan əvvəl dərman hava halındadırsa, orucu batil etmir.
Behcət: Qatı olmayan buxar halında boğaza daxil olarsa, eybi yoxdur və orucu düzdür.
Sistani: Əgər maye halında boğaza çatmazsa, eybi yoxdur, orucu düzdür.
Göz zəifliyi
Sual: Mənim gözüm zəifdir və qorxuram ki, oruc gözümə zərərli olsun. Mənim vəzifəm nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər orucun zərər qorxusu dərin ağıla əsaslanarsa, bu oruc vacib deyil. Əgər növbəti ramazan ilinə qədər xəstəlik davam edərsə, qəza da vacib deyil. Yalnız hər gün üçün yoxsula 750 qr buğda, arpa və ya un kəffarə versin.
Bədənin zəifliyi
Sual: İmtahanlar və dərslər səbəbindən məndə zəiflik yaranıb. Buna görə oruclarımı yeyə bilərəmmi?
Bütün müctəhidlərin rə`yi: Bə`zi oruc şəxslərdə qarşıya çıxan belə zəiflik adi haldır və bu zəifliyə görə orucu yemək olmaz. Lakin zəiflik çox çətin, dözülməz səviyyəyə çatarsa, orucu yeməyin eybi yoxdur.
Qeyd: İnsan bu hallarda səfərə çıxıb, (ən azı 22 km) orucunu yeyə bilər, sonra vətənə qayıdar. Bu halda şama qədər yemək və içməkdən çəkinməsi lazım gəlir. Ramazan ayından sonra onun qəzasını tutsun, kəffarə isə yoxdur.
Dərman üçün yemək
Sual: Gün ərzində dərman üçün yalnız bir neçə tikə yeməyə ehtiyacı olan və orucdan zərər görməyən xəstənin bir neçə tikə yeməsi orucu batil edirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, orucu batil olar.
Orucun zərərli olma meyarı
Sual: Orucun zərərli olması ehtimalı oruc tutmamaq üçün səbəb ola bilərmi? Zərərli olmasına əminlik lazımdırmı? Zərərin ölçü meyarı nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi, Sistani və Vəhiddən başqa): Orucun açılmasına dərin ağıla əsaslanan zərər qorxusu səbəb ola bilər. Zərərin ölçü meyarı üqəla (əql sahiblərinin) ürfüdür. Əql sahibləri orucu açmağa səbəb olan işi zərərli bilməlidir.
Həkim nəzəri
Sual: Orucun zərərli olmasında həkimin, yoxsa oruc şəxsin öz rə`yi əsasdır?
Bütün müctəhidlərin rə`yi: Xəstənin özünün müəyyənləşdirməsi əsasdır. Zərər qorxusu ağıl qəbul edəcək həddə olarsa, uyğun rə`y bə`zən mütəxəssis sözündən, bə`zən oxşar xəstələrin təcrübəsindən, bə`zən də insanın öz təcrübəsindən formalaşa bilər.
Sual: İnsan şəkk edərsə ki, oruc ona zərərlidir, amma həkim onu oruc tutmağa qadağan edərsə, bu halda onun vəzifəsi nədir?
İmam Xomeyni, Xamenei, Safi, Fazil və Nuri: Əgər həkimin sözündən onda qorxu yaranarsa və dərin ağıl əsasında ehtimal verərsə ki, oruc ona zərərlidir, gərək oruc tutmasın.
Təbrizi və Vəhid: Qeyd olunmuş fərziyyədə, əgər həkim mütəxəssis və e`tibarlı olarsa, onun göstərişinə əməl etsin.
Məkarim: Əgər həkimin sözündən orucun zərəri qorxusu yaransa və dərin ağılla ehtimal edilsə ki, orucun zərəri var, gərək oruc tutmasın. Əgər öz təcrübəsi ilə əldə etsə ki, orucun ona zərəri yoxdur, gərək oruc tutsun. Zərər olmasına şəkki olduğu halda edə bilər özünü 2-3 gün sınasın, sonra yuxarıdakı göstəriş əsasında əməl etsin.
Behcət və Sistani: Əgər həkimin sözündən qorxu yaransa və orucun zərərli olmasını dərin düşüncə ilə ehtimal etsə, oruc tutmaya bilər.
Hamilə qadın
Sual: Oruc tuta bilməyən hamilə qadının vəzifəsi nədir?
İmam Xomeyni, Xamenei və Nuri: Əgər orucun bətnində olan uşaq üçün zərəri olarsa, gərək hər gün üçün yoxsula bir mudd təam versin. Əgər ana üçün zərəri olarsa, vacib ehtiyata əsasən, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Hər halda orucları qəza etməlidir.
Behcət, Sistani və Fazil: Orucların qəzasından əlavə, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Oruc istər uşaq üçün zərərli olsun, istərsə də ana üçün.
Təbrizi, Məkarim və Vəhid: Əgər ananın orucu uşaq üçün zərərli olarsa, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər ana üçün zərərli olarsa, kəffarə ödəmək vacib deyil və hər iki halda gərək orucları qəza etsin.
Safi: Əgər ananın orucunun uşağa zərəri olarsa, vacib ehtiyata əsasən, gərək hər gün üçün yoxsula bir mudd təam versin və əgər ana üçün zərəri olarsa, kəffarə ödəmək lazım deyil. Hər halda gərək orucları qəza etsin.
Sual: Bətndəki uşaq üçün orucun zərərli olub-olmadığını bilməyən hamilə qadın oruc tutmalıdırmı?
Bütün müctəhidlərin rə`yi: Əgər oruc nəticəsində uşaq üçün zərər qorxusu olarsa, gərək oruc tutmasın.
Sual: Hamiləlik və süd vermə səbəbindən ramazan ayı və onun qəza oruclarını növbəti ilə qədər tuta bilməyən hamilə qadın qəza oruclarından azaddırmı? O, xəstə şəxs hökmündədirmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, orucları qəza etməyə qüvvəsi olan vaxt bu işi görməlidir. O, xəstə şəxs hökmündə deyil.
Süd verən qadının orucu
Sual: Süd verən qadının vəzifəsi nədir?
İmam Xomeyni, Xamenei və Nuri: Oruc tutmaq süd azlığına və uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ana üçün oruc vacib deyil və birinci halda gərək hər gün üçün yoxsula bir müdd təam versin. İkinci fərziyyədə (anaya zərərli olduqda) bu iş vacib ehtiyatdır, hər halda gərək orucları qəza etsin.
Behcət, Sistani və Fazil: Oruc tumaq süd azlığına, uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ona oruc vacib deyil və gərək yoxsula hər gün üçün bir müdd təam versin. Hər halda gərək orucları qəza etsin.
Təbrizi, Safi, Məkarim və Vəhid: Oruc tutmaq onun südünün azlığına, uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, oruc vacib olmaz. Birinci fərziyyədə gərək yoxsula hər gün üçün bir müdd təam versin. Hər halda gərək orucları qəza etsin.
Heyz olan qadın
Sual: Ramazan ayında sübh azanından qabaq heyzdən pak olan qadının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər qüsl vermək üçün vaxt varsa qüsl etməlidir, əgər vaxt geniş olmazsa, gərək təyəmmüm etsin və orucu düzdür. Qəsdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və gərək kəffarə ödəsin.
Sual: Oruc tutan qadın gündüz heyz olarsa, orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu batil olar və gərək ramazan ayından sonra qəza etsin.
Sual: Ramazan ayında heyz qüslü verməyi unudan və bir neçə gündən sonra yada salan haiz (heyz görən) qadın orucunu qəza etməlidirmi?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr, orucları düzdür və qəzası yoxdur.
Məkarim: Vacib ehtiyata əsasən, gərək orucları qəza etsin.
Behcət: Gərək orucları qəza etsin.
Qeyd: Qeyd olunmuş fərziyyədə yaxşı olar ki, orucları qəza etsin.
Heyz olan qadının nəzir orucu
Sual: Şə`ban ayının əvvəlindən bir neçə gün oruc nəzir edən və bu günlərdə heyz olan qadının orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Fazil, Məkarim və Vəhiddən başqa): Əgər nəzir üçün şəri siğə oxuyubsa, gərək heyz olduğu günlərdə oruc tutmasın və başqa vaxt oun qəzasını tutsun.
Fazil, Məkarim və Vəhid: Əgər nəzir üçün şəri siğə oxuyubsa, heyz günlərində tutmamalıdır və vacib ehtiyata əsasən, başqa vaxtda onun qəzasını yerinə yetirməlidir.
Heyz adətinin qarşısını almaq
Sual: Heyz günlərində heyzin qarşısını alan iynədən istifadə edən qdının orucu düzdürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər heyz olmasa, orucu düzdür.
Sual: Cavanlıqda yediyi orucların həddi-büluğ zamanından qabaq olub-olmamasını bilməyən şəxsə onların qəzası vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər bilmirsə, qəza da vacib deyil.
Gənc qızın orucu
Sual: Həddi-büluğ olmuş, lakin bünövrə zəifliyi səbəbindən oruclarını tutmayan və onların qəzasını 2-3 il müddətində tuta bilməyən gənc qızın hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Məkarim və Təbrizidən başqa): Orucun zərəri olarsa və ya ona dözmək əziyyəti və çətinliyi çox olarsa, oruc vacib olmaz. Amma bə`zi üzrlərə görə onu tərk etmək caiz deyil və onun qəzasını bacardığı vaxt yerinə yetirməlidir.
Məkarim: Qeyd olunmuş fəzriyyədə oruc ona vacib deyil, gərək hər gün üçün yoxsula bir müdd təam versin və bu orucların qəzası da ona vacib deyil.
Təbrizi: Əgər oruc ona zərərli olarsa və ya ona dözmək çox əziyyətli olarsa vacib deyil. Əgər növbəti ramazanadək onun zəifliyi aradan qalxarsa, gərək orucun qəzasını tutsun. Əgər bacarmazsa, hər gün üçün yoxsula bir müdd (təqribən 10 ac) təam versin və orucun qəzası lazım deyil. Amma yoxsula bir müdd təam vermək imkanı olmasa, gərək bacardığı vaxt orucları qəza etsin.
Orucun qəzası
Sual: Ramazan ayının orucunun qəzası və kəffarəsi fasiləsiz yerinə yetirilməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Orucun qəzasını fasiləsiz yerinə yetirmək lazım deyil. Amma kəffarə olaraq 2 ay oruc tutmaq qərara alınmışsa, onun bir ayı və o biri aydan bir günü ardıcıl fasilə vermədən oruc tutulmalıdır.
Qeyd: Ayətullah Məkarim orucun kəffarəsinin ardıcıl və fasiləsiz olmasını vacib ehtiyat sayır.
Orucun qəzasını tə`xirə salmaq
Sual: Xəstəlik səbəbindən ramazan ayının orucunu tuta bilməyən şəxs onun qəzasını bir neçə il tə`xirə saldıqda hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Əgər onun xəstəliyi il arasında sağalarsa, gərək orucları qəza etsin. Əgər növbəti ilə qalarsa, orucların qəzasından əlavə, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Amma onun xəstəliyi növbəti ilə qədər davam edərsə yalnız hər gün üçün yoxsula bir müdd təam verməlidir.
Qəza orucunu unutmaq
Sual: Ramazan ayında bir müddət oruc tutmayan və oruclarının sayını bilməyən şəxsin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Ən az bildiyiniz miqdarla kifayətlənə bilərsiniz; yə`ni qədərini bildiyiniz orucların sayı kifayətləndiyiniz miqdardan az olmasın.
Xəstə şəxsin oruc qəzası
Sual: Ramazan ayının qəza orucunu tutmaqda səhlənkarlıq edən və hazırda xəstəliyə görə onu yerinə yetirə bilməyən şəxsin vəzifəsi nədir?
(Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər orucları qəza etməkdə səhlənkarlıq etsə və növbəti ramazana qədər yerinə yetirə bilməsə, gərək yoxsula hər gün üçün bir müdd təam versin və bacardığı vaxt onları qəza etsin.
Sistani: Orucların qəzasında səhlənkarlıq edərsə və onların qəzasını növbəti ramazana qədər tuta bilməzsə, vacib ehtiyata əsasən, hər gün üçün yoxsula bir müdd təm verməlidir və bacardığı vaxt orucları qəza etməlidir.
Qəza orucunu yemək
Sual: Qəza orucu tutan şəxs hansısa səbəbdən onu batil edə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Günortadan qabaq orucu yemək olar. Amma günortadan sonra orucu yemək caiz deyil. Əgər günortadan sonra yeyərsə, gərək kəffarə versin. Kəffarə miqdarı yoxsula veriləsi 10 müdd (hər yoxsula bir müdd) təamdır.
Oruc tutan şəxsin namazı qəzaya verməsi
Sual: Oruc tutan şəxsin namazı qəzaya gedərsə, orucu düzdürmü?
Bütün müctəhidlərin rə`yi: Bəli, orucu düzdür və gərək namazını qəza etsin.
İnsanın boynunda qalmış oruc
Sual: Qəza orucu olub-olmamasını bilməyən şəxs «boynunda qalmış oruc» adı ilə oruc tuta bilərmi? Yə`ni, qəza orucu niyyət edib onu yerinə yetirsin, əgər orucu olmazsa, müstəhəb orucdan sayılsın.
Bütün müctəhidlərin rə`yi: Bəli, bu niyyətlə oruc tuta bilər.
Atanın orucunun qəzası
Sual: taətsizlikdən oruc tutmayan və dünyadan gedən atanın oğlunun vəzifəsi nədir?
İmam Xomeyni və Nuri: Ata orucları qəza edə bilərdisə, orucların qəzasını yerinə yetirmək və ya onun üçün əcir tutmaq böyük oğula vacibdir.
Sistani və Vəhid: Əgər ata orucları qəza edə bilərdisə, vacib ehtiyata əsasən, onları qəza etmək və ya onun üçün əcir tutmaq böyük oğula vacibdir.
Behcət, Xamenei, Safi və Fazil: Vacib ehtiyata əsasən, böyük oğul onları özü qəza etməli və ya onun üçün əcir tutmalıdır. Atası orucları qəza edə bilməmişsə də, hökm belədir.
Məkarim: Böyük oğula onları qəza etmək vacib deyil, amma müstəhəb ehtiyat budur ki, əgər atası orucları qəza edə bilərdisə, onun tərəfindən qəza etsin və ya orucları tutdurmaq üçün əcir tutsun.
Təbrizi: Ata orucları qəza edə bilərdisə, vacib ehtiyata əsasən, böyük oğula (əgər onun üçün çətinlik və xərc olmazsa) onları qəza etmək və ya əcir tutmaq vacibdir.
Sual: Atanın qəza orucu olub-olmamasına şəkk edən böyük oğulun vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Qeyd olunmuş fərziyyədə böyük oğula bir şey vacib deyil.
Sual129: Atamın bir neçə il qəza orucu var idi, amma onları yerinə yetirib-yetirmədiyini bilmirəm, bu barədə vəsiyyət də etməyib; böyük oğulun vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi (Fazil və Məkarimdən başqa): Əgər böyük oğulun atanın qəza orucu olmasına yəqinliyi olarsa, vacib ehtiyata əsasən, onları qəza etməlidir.
Fazil: Əgər böyük oğulun atanın qəza orucu olmasına yəqinliyi olarsa, onları qəza etməlidir.
Məkarim: Böyük oğula onları qəza etmək vacib deyil və məsələ yaxşılığa yozulmalıdır. Düşünməlidirlər ki, ataları oruc tutmuşdur.
Sual: Evin böyük oğlu atasından sonra vəfat edərsə, atanın orucu ikinci oğulun öhdəsinə düşərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, başqa oğlanlara bir şey vacib deyil.
Sual: Böyük oğul atanın oruclarını qəza etmədikdə, sair oğlanlara vəzifə varmı?
Bütün müctəhidlərin rə`yi: Başqa oğlanlara bir şey vacib deyil.
Sual 132: Böyük oğul dünyadan getmiş atasının mülkündən istifadə edib, onun qəza orucu üçün əcir tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, böyük oğul özü gərək atasının oruclarını tutsun və ya öz malından xərcləyib onun orucları üçün əcir tutsun. Onun meyyitin malından bir şey xərcləməyə haqqı yoxdur, yalnız atası vəsiyyət edərsə, mümkün olar.
Sual 133: Ata vəfat etdikdə onun qəza orucu olub-olmamasını bilməyən övladların vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Qeyd olunmuş fərziyyədə övladlara bir şey vacib deyil.
Sual: Həm böyük oğulun, həm də vəfat etmiş atanın qəza orucu olarsa, hansı oruc birinci yerinə yetirilməlidir?
Bütün müctəhidlərin rə`yi: Hər iki vəzifə vacibdir və önəmlilik baxımından eynidir.
Sual: Atanın yalnız qız övladı varsa onun ölümündən sonra oruclarının qəzası böyük qız üçün vacibdirmi?
(Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr, qız övladına atanın oruc qəzası vacib deyil.
Safi: Atanın oğlan övladı olmazsa, vacib ehtiyata əsasən, ölünün yaxınları arasındakı ən böyük oğlan orucları qəza etməlidir. Əgər oğlan övladı olmazsa, ən böyük qıza uyğun orucları qəza etmək vacibdir.
Ananın oruc qəzası
Sual: Ananın qəza orucları da böyük oğula vacibdir?
İmam Xomeyni, Təbrizi, Sistani və Vəhid: Xeyr, vacib deyil.
Behcət, Safi, Fazil və Nuri: Vacib ehtiyata əsasən, onları yerinə yetirməlidir.
Məkarim: Orucların qəzaya verilmə səbəbi itaətsizlik deyilsə və qəza etməyə bacarığı olubsa, onları qəza etmək böyük oğula vacibdir. Amma qəzalar itaətsizlik üzündən olarsa, onları qəza etmək vacib deyil.
Xamenei: Bəli, onları qəza etmək vacibdir.
Pul ilə oruc tutdurmaq
Sual: Qəza orucu olan və onları qəza edə bilməyən şəxs başqasına pul verib oruc tutdura bilərmi?
Bütün müctəhidlərin rə`yi: Həyatda ola-ola başqalarını oruc üçün əcir tutmağa icazə yoxdur və insan bacardığı vaxt onları qəza etməlidir.
Sual: Özünün qəza orucları olan şəxs başqası üçün qəza orucu tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, eybi yoxdur.
Orucun kəffarəsi
Sual: Üzürsüz yerə orucu açmağın kəffarəsi xəstə şəxsin kəffarəsindən fərqlidirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, bu kəffarələr iki baxımdan fərqlənir:
1. Miqdara görə; 2. Məsrəfə görə. Qəsdən orucu açmağın kəffarəsi ya hər gün üçün 60 yoxsulu doyuzdurmaq (ya hər birinə bir müdd təam vermək), ya iki ay oruc tutmaqdır. Amma xəstə şəxsin kəffarəsində xəstəlik növbəti ramazana qədər davam edəndə hər gün üçün yoxsula bir müdd təam verilir. Qəsdən orucu yeməyin kəffarəsində əgər 60 nəfər yoxsulu doyuzdura bilərsə, onların hər birinə bir müdd təamdan çox verə bilməz. Amma xəstə şəxsin kəffarəsində belə deyil.
Kəffarəni təxirə salmaq
Sual: Bir şəxs orucun kəffarəsini bir neçə il tə`xirə salarsa, kəffarənin miqdarı artarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, kəffarəni tə`xirə saldığına görə kəffarənin miqdarı artmır.
Sual: Boynunda oruc kəffarəsi olan şəxs kəffarəni tə`xirə sala bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, kəffarəni tə`cili ödəmək zəruri deyil. Amma onu tə`xirə salmaqda səhlənkarlıq və tənbəllik etmək olmaz.
Kəffarənin xərclənməsi
Sual: Orucun kəffarəsini «vacibun-nəfəqə» (övlada) ödəmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Orucun kəffarəsini vacibun-nəfəqəyə vermək olmaz. Amma kəffarəni qohumlara ödəməyin eybi yoxdur.
Kəffarə pulu
Sual: Kəffarə pulunu yoxsula vermək olarmı?
Bütün müctəhidlərin rə`yi: İstər xəstə şəxsin, istərsə də qəsdən orucunu açanın kəffarə pulunu yoxsula vermək kifayət deyil. Əlbəttə, kəffarə verən şəxs yoxsulun onun tərəfindən yeməklə tə`min olunmasına və pulu kəffarə adı ilə qəbul etməsinə yəqin etsə, kəffarə pulunu ona vermək olar.
Sual: Kəffarə pulunu xeyriyyə fonduna və yardım komitəsi kimi təşkilatlara ödəmək kifayət edərmi?
Bütün müctəhidlərin rə`yi: Əgər əminlik olsa ki, uyğun təşkilatlar kəffarə pulunu şər`i qaydalara riayət edərək yoxsullar üçün yemək-içməyə xərcləyirlər, kifayət edər.
Kəffarə və seyyidlər
Sual: Seyyid olmayan şəxs orucun kəffarəsini seyyidə verə bilərmi?
(Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Bəli, eybi yoxdur. Amma yaxşı olar ki, (müstəhəb ehtiyat) seyyidə verməsin.
Safi: Vacib ehtiyata əsasən, seyyid olmayan şəxs orucun kəffarəsini seyyidə verə bilməz.
Kəffarə və mədəni işlər
Sual: Orucun kəffarəsini bayram, toy kimi mədəni işlərə xərcləmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, onu bu işlərə xərcləməyə icazə verilmir və gərək yoxsulların yemək-içməyinə xərclənsin.
Kəffarə ödəyə bilməmək
Sual: Qəsdən orucunu yeyən şəxs orucunun kəffarəsini ödəyə bilməzsə (xəstəlik səbəbindən oruc tuta bilməzsə və ya maddi baxımdan qüvvəsi olmazsa) hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi, Xamenei, Safi və Vəhiddən başqa): Qüvvəsi qədərində yoxsula bir müdd təam versin. Əgər bu miqdarı da ödəməyə qüvvəsi çatmazsa, gərək ən azı bir dəfə «Əstəğfirullah» deməklə Allahdan bağışlanma diləsin.
Safi: Qüvvəsi qədər yoxsula bir müdd təam versin və istiğfar etsin. Əgər bu miqdarı da verməyə acizdirsə ən azı bir dəfə «Əstəğfirullah» deməklə bağışlanma diləsin.
Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən, gərək qüvvəsi qədərində yoxsula bir müdd təam versin və istiğfar etsin. Əgər bu miqdarı da verməyə qüvvəsi olmazsa, gərək ən azı bir dəfə «əstəğfirullah» deyib, bağışlanma diləsin.
Sual: Qəsdən orucunu açan və kəffarə ödəyə bilməyən şəxs gələcəkdə imkanı olarsa, kəffarəni ödəməlidirmi?
Bütün müctəhidlərin rə`yi (Xamenei və Məkarimdən başqa): Vacib ehtiyata əsasən, imkanı olan vaxt gərək kəffarə versin.
Xamenei və Məkarim: Kəffarə ödəmək vəzifəsi üzərindən götürülüb və kəffarə ödəməsi lazım deyil.
Həyat yoldaşının orucunun kəffarəsi
Sual: Qadın oruc kəffarəsini özü ödəməlidir, yoxsa onun əri?
Bütün müctəhidlərin rə`yi: Qadın oruc kəffarəsini özü ödəməlidir.
Övladın orucunun kəffarəsi
Sual: Gəliri olmayan və atasının himayəsində yaşayan övlad qəsdən orucu açsa, kəffarəni kim ödəməlidir?
Bütün müctəhidlərin rə`yi (Xamenei və Məkarimdən başqa): Vacib ehtiyata əsasən, imkanı olduğu vaxt gərək kəffarəsini ödəsin və bu iş atanın öhdəsinə deyil.
Xamenei və Məkarim: Kəffarəni ödəmək vəzifəsi onun üzərindən götürülüb və kəffarə ödəməsi lazım deyil. Bu iş atanın da öhdəsində deyil.
Qəsdən oruc tutmamaq
Sual: Qəsdən oruc tutmayan şəxsin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Tutmadığı orucları qəza etsin və ondan əlavə hər gün üçün də kəffarə versin. Yə`ni ya iki ay oruc tutsun, ya 60 yoxsulu doyuzdursun, ya da hər birinə bir müdd (təqribən 10 ac) təam (buğda, arpa və s.) versin.
Sual: Qəsdən və aşkar şəkildə orucunu yeyən şəxs üçün cəza varmı?
Bütün müctəhidlərin rə`yi: Qəza və kəffarədən əlavə, cəza da vardır. Onun miqdarı birinci və ikinci dəfə üçün 25 qamçıdır. Bir dəstə müctəhidin nəzərincə, onun üçün say, miqdar tə`yin edilməyib və hakimin nəzərindən asılıdır. Əgər birinci və ikinci cəzadan sonra təkrar üçüncü dəfə qəsdən yeyərsə, hökmü qətldir.
Həddi-büluğ yaşında oruc yemək
Sual: Təklif həddinə çatdığım ilk günlər oruc tutmamışam. Qəzadan əlavə kəffarə də ödəməliyəmmi?
Bütün müctəhidlərin rə`yi: Tutmadığı orucları qəza etsin və ondan əlavə hər bir gün üçün də kəffarə versin: Yə`ni, ya iki ay oruc tutmalıdır, ya 60 yoxsulu doyuzdurmalıdır, ya da hər birinə bir müdd (təqribən 10 ac) təam (buğda, arpa və s.) verməlidir.
Müstəhəb oruc
Sual: İnsan səfərdə müstəhəb oruc tuta bilərmi?
İmam Xomeyni, Xamenei və Nuri: Xeyr, səfərdə müstəhəb oruc tutmağa icazə yoxdur. Mədinə istisnadır. Orada duaların qəbul olmasından ötrü 3 gün müstəhəb oruc tutmağa icazə var və oruc tutmaq üçün 3-cü, 4-cü və cümə günləri seçilməlidir.
Behcət, Safi və Fazil: Xeyr, səfərdə müstəhəb oruc tutmağa icazə yoxdur, yalnız Mədinədə istəklərin qəbul olması üçün 3 gün müstəhəb oruc tuta bilər və oruc tutmaq üçün 3-cü, 4-cü və cümə günlərini seçmək yaxşıdır.
Təbrizi, Sistani, Məkarim və Vəhid: Xeyr, səfərdə müstəhəb oruc tutmağa icazə yoxdur; yalnız Mədinə istisnadır. İstəklərin qəbul olması üçün orada 3 gün müstəhəb oruc tutmağa icazə var və vacib ehtiyat budur ki, oruc tutmaq üçün 3-cü, 4-cü və cümə günləri seçilsin.
Sual: Qəza orucu olan şəxs müstəhəb oruc tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, qəza orucu olan şəxsin müstəhəb oruc tutmasına icazə verilmir.
Sual: Oruc kəffarəsi olan şəxs müstəhəb oruc tuta bilərmi?
İmam Xomeyni, Təbrizi, Xamenei və Nuri: Xeyr, oruc kəffarəsi olan şəxsin müstəhəb oruc tutmasına icazə yoxdur.
Safi, Fazil, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, oruc kəffarəsi olan şəxsin müstəhəb oruc tutmasına icazə yoxdur.
Behcət və Sistani: Bəli, oruc kəffarəsi olan şəxsin müstəhəb oruc tutmasının eybi yoxdur.
Müstəhəb oruc və cənabət halı
Sual : Cənabətli olan insan sübh azanından sonra qüsl edib müstəhəb oruc tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bu halda müstəhəb oruc tutmağın eybi yoxdur və belə oruc düzdür.
Sual: Dost yemək təklif edərsə, müstəhəb oruc tutan şəxsin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu açmaq müstəhəbdir.
Müstəhəb orucu açmaq
Sual: Müstəhəb orucu batil etmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Bəli, eybi yoxdur. Amma (zöhrdən) günortadan sonra olarsa məkruhdur.
Oruc tutmaq üçün ərin icazəsi
Sual: Müstəhəb oruc tutmaq üçün ərin icazəsi lazımdırmı?
Bütün müctəhidlərin rə`yi (Behcət, Safi və Məkarimdən başqa): Əgər qadının orucu ərin hüquqları ilə zidd olarsa, vacib ehtiyata əsasən gərək icazə alsın. Əgər ər onu oruc tutmaqdan çəkindirsə, ona itaət etməlidir. Hətta ərin hüquqlarına zidd olmasa da.
Behcət və Məkarim: Vacib ehtiyata əsasən, tutduğu oruc ərin hüquqlarına zidd olmasa da, gərək ərdən icazə alsın.
Safi: Ərin hüququna zidd olduğu təqdirdə ərdən icazə almalıdır. Zidd olmazsa, vacib ehtiyata əsasən, gərək icazə alsın. Əgər onu oruc tutmaqdan çəkindirərsə, gərək itaət etsin. Hətta onun hüquqlarına zidd olmasa da.
Nəzir orucu
Sual : Ramazan ayının qəza orucu boynunda olan şəxs oruc nəzir edə bilərmi?
İmam Xomeyni, Sistani və Məkarim: Xeyr, oruc nəzir edə bilməz.
Təbrizi, Behcət, Safi, Fazil, Nuri və Vəhid: Bəli, oruc nəzir edə bilər.
Fazil: Əgər elə bir günü nəzir edərsə ki, ramazan ayının qəza oruclarını ondan qabaq tutmaq mümkün olsun, eybi yoxdur.
Sual: Ərin icazəsi olmadan nəzir edib oruc tutan qadının orucu düzdürmü?
İmam Xomeyni, Xamenei və Nuri: Orucu batildir.
Təbrizi, Sistani, Fazil, Safi, Məkarim və Vəhid: Əgər ərin hüquqlarına zidd olarsa, batildir.
Behcət: Vacib ehtiyata əsasən, ərin icazəsi olmazsa batildir.
Ayı görmək
Sual : Ayın başlandığını sübut edən yolları qısaca bəyan edin.
Ayın əvvəli bir neçə yolla sübut olunur.
1. İnsanın özü ayı görərsə.
2. İki adil kişi ayı gördüyünə şəhadət verərsə.
3. Sözlərindən yəqinlik hasil olan bir neçə nəfər ayı gördüyünü deyərsə.
4. Şə`ban ayının əvvəlindən 30 gün keçmiş olarsa.
5. Camiuş-şərait müctəhid ayın başlandığını bildirən hökm verərsə.
Qeyd: Ayətullah Sistani və Ayətullah Vəhid bildirir ki, hakimin hökmü ilə ayın əvvəli sabit olmaz.
Müctəhidlərin fikir ayrılığı
Sual: Ramazan ayının əvvəli və fitr bayramının sabit olması ilə bağlı müctəhidlərin fikir ayrılığının səbəbi nədir? Keçmiş dövrlərdə bu sayaq fikir ayrılığı olmuşdurmu?
Ayın əvvəlinin sübutu ilə bağlı müctəhidlərin fikir ayrılığı yeni bir məsələ deyil. Keçmişdə də bu məsələ onların diqqət mərkəzində olub. Fikir ayrılığı üçün müxtəlif səbəblər vardır. Aşağıda ən mühüm səbəblər göstərilir:
1.Üfüq birliyini mö`təbər bilmək: Bə`ziləri inanır ki, əgər ay yer kürəsinin bir nöqtəsində görünərsə, üfüqü fərqli olsa da, müştərək gecəyə malik yerlərdə də ayın əvvəli sabit olar. Bu nəzəriyyənin qarşısında bə`zi fəqihlər üfüq birliyini mö`təbər bilir və inanırlar ki, əgər ay bir şəhərdə görünmüşsə, ayın əvvəli üfüqü fərqli ikinci şəhər üçün sabit olmur. Birinci nəzəriyyəyə əsasən, adətən, ayın əvvəli bir gün tez sabit olur.
2. Hakim hökmünün mö`təbərliyi: Fəqihlər arasında hakim hökmünün dəlil olması və nüfuz etməsi məşhur bir nəzərdir. Amma onlardan bə`ziləri ayı görmək məsələsində hakimin hökmünü mö`təbər bilmirlər.
3. Hakimin yanında şahidin şəhadəti: Bə`zən camiüş-şərait müctəhid ayı görmüş şəxslərin şəhadət verməsi ilə əmin olur və bu əsasla ayın əvvəlinin sabit olmasını e`lan edir. Mümkündür ki, bə`zi şərtlərin ödənməməsi səbəbindən başqa bir müctəhid üçün bu əminlik hasil olmasın.
Qeyd olunmuş məsələdə fəqihlərin fikir ayrılığının səbəbi bir sıra nəzəri mənbələrdə və göstərişlərdəki müxtəliflikdir. Fiqh ədəbiyyatındakı müxtəlif nəzərlər ayə və rəvayətlərdən fərqli nəticə çıxarılması rəvayətlərə və hədislərin sənədinə fərqli münasibət təbii şəkildə bə`zi fətvaların fərqli olmasına gətirib çıxarır.
Sual: Siz deyirsiniz ki, iki adil şəxsin şəhadəti kafidir. Bəs bir neçə müctəhidin bayramı e`lan etməsi həmin şəhadətlərdən e`tibarlı deyilmi?
Kimsə mərceyi-təqlidin ədalətini inkar etmir. Söz budur ki, iki adil şəxs ayı gördüyünə şəhadət verir, amma mərceyi-təqlidlər başqalarının sözü əsasında ayın görünməsi ilə bağlı əminlik tapırlar. Bu iki cəhət bir-birindən fərqlənir və şəhadətə şəhadətin (elmi şəhadət adlanır) bu yerdə şər`i e`tibarı yoxdur.
Sual : Hər il ramazan ayının əvvəlinin sabit olması ilə bağlı ixtilafa düşürük. Bəs qədr gecəsinin hökmü necə olsun?
Qədr gecəsinin əməllərini yerinə yetirmək üçün müctəhidin nəzəri, hakimin hökmü və ya şəxsi yəqinlik kifayət edir və üç gecəni əhya saxlamaq olar. Şübhəsiz, Allah mö`min bəndəsini tə`yin olunmuş savab və mükafatdan məhrum etməyəcək. Çox ehtimal ki, insan qədr gecəsini dərk edəcək. Amma qədr gecəsi onun feyz və bərəkətini tam şəkildə dərk etmək üçün 6 gecəni əhya saxlamaq daha yaxşıdır. Bu qayda ilə sirli və əzəmətli olan bu gecələr dərk olunur. Deyilənlər mə`sumlardan nəql olunmuş rəvayətlərə əsaslanır.
Sual: Əgər mərceyi-təqlidlərin fitr bayramı ilə bağlı fikirləri fərqli olarsa, mükəlləfin vəzifəsi nədir? Hər müqəllid öz müctəhidinə müraciət etməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Ayın əvvəli təqlid yolu ilə müəyyən edilmir. Əgər mərceyi təqlidin sözü və nəzərində ayın görünməsi ilə bağlı əminlik yaranarsa, insan orucunu açmalı, şəkdə qalarsa, həmin günü oruc tutmalıdır.
Ramazan ayının sabit olması (müəyyənləşməsi)
Sual: Günortadan qabaq ramazan ayının əvvəli e`lan olunarsa, həmin günün orucunun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi və Vəhiddən başqa): Orucu batil edən əməlləri etməmişsə, gərək niyyət edib oruc tutsun. Orucu batil edən əməllərdən birini etmişsə, orucu batildir, amma ramazan ayının hörmətinə xatir şam azanınadək orucu batil edən əməllərdən çəkinməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır.
Təbrizi və Vəhid: Əgər orucu batil edən əməlləri etməyibsə, gərək niyyət edib oruc tutsun və vacib ehtiyata əsasən, ramazan ayından sonra qəza etsin. Əgər orucu batil edən əməllərdən birini edərsə, orucu batil olar. Amma (ramazan ayının hörmətinə xatir) gərək şam azanına qədər orucu batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra həmin günü qəza etsin.
Təqvim hesablamaları
Sual: Ayın əvvəli astronomların hesablamaları əsasında tərtib olunan təqvimlərlə sabit olurmu?
Bütün müctəhidlərin rə`yi: Xeyr, sabit olmur. Amma astronomların sözündən insanda əminlik hasil olsa ayın əvvəli sübuta yetər.
Səfərdə ayın görünməsi
Sual: Fars körfəzi ölkələrinə iş ardınca getmiş şəxslərin, orada ayın bir gün tez e`lan olunmasını nəzərə alsaq, oruclarının hökmü nədir? Ramazan ayı və fitr bayramı hansı yer əsasında götürülməlidir?
Bütün müctəhidlərin rə`yi: Əgər ayın əvvəli orada şər`i və mö`təbər yollarla sabit olarsa, ay görünən yerin qaydasına əsasən əməl etsin.
Üfüq ayrılığı
Sual: Ərəbistanda ay görünəndə, İranda da ayın əvvəli sayılırmı?
Bütün müctəhidlərin rə`yi (Təbrizi, Safi və Nuridən başqa): Xeyr, iranlılar üçün ayın əvvəli sabit olmaz.
Təbrizi, Safi, Nuri və Vəhid: Şər`i və mö`təbər yollarla sabit olarsa, iranlılar üçün də ayın əvvəli sayılar.
Qeyd: Təbrizi, Safi, Nuri və Vəhid kimi böyük alimlərin nəzərincə, müxtəlif məntəqələrdə gecələrin eyni olması həmin məntəqələrdə ayın əvvəlinin sabit olması üçün kifayət edir və üfüqlərin bir olması lazım deyil.
Sual: Əgər ramazan və ya şəvval ayı bir ölkədə görünsə ki, onların üfüqü bizdən bir, ya iki saat fərqlidir, bizim üçün də ayın əvvəli sabit olar?
İmam Xomeyni, Behcət, Xamenei, Safi, Məkarim və Fazil: Əgər ayın göründüyü şəhərlər və ya ölkələr şərq şəhərlərindəndirsə, ayın əvvəli başqa şərq şəhərində və ölkələrində də sabit olar. Amma şərq ölkələrindən olmazsa, (Ərəbistan kimi) ayın əvvəli sabit olmaz.
Təbrizi, Safi, Nuri və Vəhid: Əgər gecədə müştərək olsalar, üfüqdə ayrı olsalar da, şərq şəhəri olmasalar da sabit olar.
Qeyd 1: Məsələn, Əfqanıstan İranın şərqində yerləşir, əgər ay orada görünərsə, İran üçün də sabit olar. Əgər ay Məşhəd şəhərində görünərsə, Tehran əhalisi üçün də ayın əvvəli sayılar.
Qeyd 2: Həmin məntəqədə ayın görünməsi şər`i və mö`təbər yollarla sabit olsa, bizim üçün də ayın əvvəli, sayılar.
Sual: Ay İraqda görünərsə, Tehran əhalisi üçün ayın əvvəli sabit olurmu?
İmam Xomeyni, Behcət, Sistani, Xamenei, Məkarim və Nuri: Bu iki yer arasında üfüq fərqinin az olmasını nəzərə alsaq, Tehran sakinləri üçün də ayın əvvəli sabit olar.[206]
Təbrizi, Safi, Nuri və Vəhid: Bəli, ayın əvvəli onlar üçün də sabit olar.
Hakimin hökmü
Sual: Şəriət hakimi ayın əvvəlinin sabit olmasını hökm edərsə, onun hökmü müqəllidi olmayanlara da aiddirmi?
Bütün müctəhidlərin rə`yi (Sistani və Vəhiddən başqa): Bəli, şəriət hakimi ayın əvvəlinin sabit olmasını təsdiq edib hökm verərsə, onun hökmü hamıya aiddir və gərək onun hökmünə əməl etsinlər. Şəriət hakiminin səhv hökm verdiyi hal istisnadır.
Sistani: Şəriət hakiminin hökmü ilə ayın əvvəli sabit olmur.
Vəhid: Vacib ehtiyata əsasən, ayın əvvəli şəriət hakiminin hökmü ilə sabit olmur.
Adil şəxsin xəbər verməsi
Sual: Əgər bir neçə adil şəxs iki adil şəxsin ayı gördüyünə şəhadət versə, ramazan, ya şəvval ayının əvvəli sabit olarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, iki adil şəxs ayı gördüyünə özü şəhadət verməlidir. Əgər ayın görünməsini vasitə ilə nəql etsələr kifayət etmir. Onların sözündən ayın görünməsinə əminlik hasil olması istisnadır.[210]
Sual: Ayın teleskop və astronomik cihazlarla görünməsi mö`təbər sayılırmı?
Bütün müctəhidlərin rə`yi (Xamenei və Fazildən başqa): Xeyr, lakin insan bu yolla yəqin etsə, ayın əvvəli sübut olunar.
Xamenei və Fazil: Bəli, texniki gözlə, astronomik cihazlar vasitəsi ilə ay sabit olur.
Zənn və güman
Sual: Bir qrup insanın sözündən sabah fitr bayramı olması gümanı yaransa, həmin günü oruc tuta bilərikmi?
Bütün müctəhidlərin rəyi: Bir şəxsdə sabahın fitr bayramı, ya şəvval ayının əvvəli olmasına əminlik yaranmazsa, orucu aça bilməz.
Fitrənin fəlsəfəsi
Sual: Fitrə ödəməyin fəlsəfə və faydaları nədir?
«Fitrə zəkatı» şiə və sünnilərin yekdil nəzərinə əsasən vacibdir. Dini mətnlərdə fitrə zəkatının bir çox fəlsəfə və faydaları sadalanmışdır:
1. İslam Peyğəmbəri (s) həzrət Məhəmmədə (s) salavat göndərmək namazı tamamladığı kimi fitrə zəkatı da orucu tamamlayır.
2. Mübarək ramazan ayının orucunun qəbul olmasına səbəb olur.
3. Həmin il insanı ölümdən qoruyur.
4. Bədən sağlamlığını və insanın ruhunu çirkinlikdən qoruyur.
5. Malın zəkatını kamilləşdirir.
Fitrənin mə`nası
Sual: Fitrə zəkatında «fitrə» kəlməsi hansı mə`nada işlənir?
Lüğətdə «fitrə» sözünün bir neçə mə`nası vardır. Onların ən mühümü «İslam» və «xilqət» mə`nalarıdır. Terminoloji mə`na bundan ibarətdir:
Fitrə dedikdə hər bir müsəlmanın öz himayəsində olan şəxs üçün ödədiyi müəyyən zəkat başa düşülür. Fitrə zəkatının verilmə vaxtı ramazan ayının sonuncu günün məğrib vaxtından fitr bayramının günorta çağına qədərdir. Bu növ maddi ödəniş insanın ruhunun və cisminin sağlamlığına səbəb olduğundan ona bədən zəkatı və ya fitrə deyilir. Bu mə`nanın İslam mə`nası ilə uyğunluq səbəbi fitrə zəkatının İslamda şərt qoyulması ola bilər. Elə buna görə də fitr bayramı axşamı qürub vaxtından qabaq İslam dinini qəbul edən şəxs də fitrə zəkatı ödəməlidir.
Tələbənin fitrəsi
Sual: Yataqxanada qalan təbələbənin fitrə zəkatı verməsi vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Onun yaşayış xərcini ata-anası ödəyirsə, onların çörəyini yeyən sayılırsa, fitrə də onların öhdəsindədir. Amma tələbə özü müstəqil olarsa, fitrə də öz öhdəsindədir.
Sual: Yataqxanada yaşayan, universitetin yeməklərindən pulsuz istifadə edən tələbələrin fitrəsini kim ödəməlidir?
Bütün müctəhidlərin rə`yi (Safi, Məkarim və Nuridən başqa): Özü ödəməlidir. Əgər imkanı olmazsa, öhdəsindən götürülür.
Nuri: Qeyd olunmuş fərziyyədə fitrə zəkatını ödəmək kimsəyə vacib deyil.
Məkarim: İmkanı olarsa, vacib ehtiyata əsasən özü ödəməlidir.
Safi: İmkanı olan hər kəs ehtiyata əsasən, özü ödəməlidir.
Qeyd: «Tələbələr fitrə zəkatı ödəməməlidir» deyənlərin nəzəri budur ki, imkanı olan kəs müstəhəb ehtiyata əsasən, özü ödəsin.
Sual: Əqdi oxunmuş qızın fitrəsini kim ödəməlidir?
Bütün müctəhidlərin rə`yi: Atasının çörəyini yeyən sayılsa, atası ödəməlidir.
Ərin sözünə baxmayan qadının fitrəsi
Sual: Ərinin sözünə baxmayan qadının fitrə zəkatını ödəmək ərinin boynundan götürülürmü?
Bütün müctəhidlərin rəyi: Xeyr, qadın başqa şəxsin çörəyini yeyən sayılmırsa, gərək ər onun fitrə zəkatını ödəsin.[225]
Ananın bətnində olan körpənin fitrəsi
Sual : Ana bətnində olan və hələ doğulmamış uşağın fitrə zəkatını ödəmək lazımdırmı?
Bütün müctəhidlərin rə`yi: Ana bətnində olan körpənin fitrə zəkatını ödəmək vacib deyil. Amma fitr bayramı gecəsi qürubdan qabaq dünyaya gələrsə vacibdir.
Ana və övladın fitrəsi
Sual: Fitrə zəkatı ödəməyən şəxsin arvad və uşaqlarının hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Sistani və Məkarimdən başqa): Onlara vəzifə yoxdur və fitrə ödəmələri lazım deyil.
Sistani və Məkarim: Vacib ehtiyat budur ki, imkanları olarsa, özləri ödəsinlər.
Sual: Əgər qadın əri ehtiyaclı olduğundan yaşayış xərcinin tə`min edilməsinə kömək edərsə, fitrə zəkatını kim ödəməlidir?
Bütün müctəhidlərin rə`yi: Əgər qadın ərin çörək yeyəni hesab edilərsə, kişi imkanı olanda özünün və arvadının fitrə zəkatını verməlidir. Əgər qadın əri və ya başqa bir şəxsin çörək yeyəni sayılmazsa, öz fitrə zəkatını özü verməlidir.
Qonağın fitrəsi
Sual: Şam azanından sonra gəlmiş qonağın fitrəsini kim ödəməlidir?
(Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Onun fitrəsi ev sahibinin öhdəsinə deyil.
Sistani: Əgər onun çörək yeyəni sayılarsa, vacib ehtiyata əsasən, onun fitrəsini ev sahibi ödəməlidir.
Sual: Qonaq öz fitrəsini verdikdə ev sahibinin boynundan vəzifə götürülürmü?
Bütün müctəhidlərin rə`yi: Ev sahibinin icazəsi ilə onun adından qonaq öz fitrəsini verərsə, ev sahibinin üzərindən vəzifə götürülür.
Sual: Bir şəxsin fitr bayramı axşamı qonağı olarsa və sübh vaxtı bayram olduğunu bilsə, qonaqların fitrəsi ev sahibinə vacib olarmı?
Bütün müctəhidlərin rə`yi: Ayın görünməsindən xəbərsizlik fitrə ödənişi hökmünə tə`sir göstərmir.
Sual: Qonağın iftar edib-etməməsinin fitrə zəkatının ev sahibinə vacib olmasına tə`siri varmı?
Bütün müctəhidlərin rə`yi (Behcət və Safidən başqa): Xeyr, me`yar qonağın ev sahibinin çörək yeyəni sayılmasıdır və orucu açmağın fitrənin vacib olmasına heç bir tə`siri yoxdur.
Safi: Qonaq ev sahibinin çörək yeyəni sayılarsa və ya iftar edərsə, (çörək yeyən sayılmasa da) onun fitrə zəkatı ev sahibinə vacibdir.
Behcət: Əgər qonaq ev sahibinin çörək yeyəni sayılarsa, iftar etmək məqsədi ilə gələrsə, (hansısa səbəbdən yemək yeyə bilməsə də) onun fitrə zəkatını ödəmək ev sahibinə vacibdir.
Bir neçə saatlıq gələn qonaq
Sual: Fitr bayramı axşamı gün batmamışdan qabaq bir-iki saatlıq gələn və iftar yedikdən sonra gedən qonaqların fitrəsi kimin öhdəsindədir?
Bütün müctəhidlərin rə`yi (Safi və Nuridən başqa): Qeyd olmuş fərziyyədə qonaqların fitrəsi ev sahibinin öhdəsinə deyil.
Safi və Nuri: Qeyd olunmuş fərziyyədə qonaqların fitrəsi ev sahibinin öhdəsindədir.
Yoxsul şəxsin fitrəsi
Sual: İmkanı olmayan şəxsin fitrə zəkatı ödəməsi vacibdirmi?
Bütün müctəhidlərin rə`yi: Yoxsul olarsa, fitrə ödəməsi vacib deyil. Əgər 3 kq buğda və ya onun qiymətində bir şeyi varsa, onu fitrə zəkatı adı ilə verməsi müstəhəbdir. Əgər himayəsində bir neçə nəfər varsa, onu fitrə niyyəti ilə ailə üzvləri arasında bir-birinə ötürsünlər. Sonuncu ailə üzvü isə aldığı fitrə zəkatını ailə üzvü olmayan başqa bir şəxsə versə yaxşı olar.
Fitrə kimə verilməlidir?
Sual: Yaşayış xərcini ata-anası tə`min edən şəxsə fitrə zəkatı vermək olarmı?
İmam Xomeyni: Ehtiyaclı olarsa, başqaları ona zəkat verə bilər.
(İmamdan başqa) Bütün müctəhidlərin rə`yi: Ehtiyaclı olarsa, ata-anası onun xərcini ödəməzsə, başqaları ona zəkat verə bilərlər.
Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.
Sual: Dindar olmayan yoxsul ailəyə fitrə zəkatı vermək olarmı?
(Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə (böyük) günahlara yol verən şəxsə fitrə zəkatı verilməməlidir.
Behcət: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə günaha yol verən şəxsə fitrə zəkatı vermək olmaz. Yalnız onun və ailəsinin zəruri ehtiyacı həddə vermək olar.
Sual: Ata fitrə zəkatını ehtiyaclı olan tələbə övladına verə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Övladlar yoxsul olarlarsa ata-ana onların zəruri yaşayış xərclərini ödəməlidir. Amma fitrə zəkatından onlara verə bilməzlər.
Fitrə və qohumlar
Sual: Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəqq olan qohumlara vermək olarmı?
Bütün müctəhidlərin rə`yi: Bəli, hədiyyə ünvanında vermək olar və fitrə zəkatı olduğunu bildirmək zəruri deyil. Amma zəkat vermək məqsədi ilə verilməlidir.
Fitrə və borclu şəxs
Sual: Borclu şəxsə fitrə zəkatı vermək olarmı?
İmam Xomeyni, Təbrizi, Behcət, Fazil və Nuri: Borcunu ödəyə bilmirsə ona fitrə verməyin eybi yoxdur.
Sistani, Safi, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, fitrə yoxsula verilməlidir. Əgər borclu şəxs yoxsul sayılarsa, ona fitrə vermək olar.
Fitrə və mədəni işlər
Sual: Mədəni və məzhəbi işlərdə, İslam maarifinin yayılmasında fitrə zəkatından istifadə etməyə icazə varmı?
İmam Xomeyni, Behcət, Təbrizi, Xamenei, Fazil və Nuri: Dini maarifin yayılması üçün fitrə zəkatından istifadə etməyin eybi yoxdur. Amma yaxşı olar ki, onu yoxsula versinlər.
Sistani, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, fitrə zəkatı yoxsula verilməlidir.
Fitrə və seyyidlər
Sual: Seyyid olmayan şəxs fitrə zəkatını seyyidə verə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, icazə yoxdur.
Fitrə ödəmək
Sual : Bir neçə fitrəni bir yoxsula vermək olarmı?
İmam Xomeyni, Fazil, Məkarim və Nuri: Vacib ehtiyata əsasən, yoxsula onun bir illik xərcindən çox fitrə verilməməlidir.
Bir yoxsula onun bir illik xərcindən çox fitrə verilməməlidir.
Təbrizi, Sistani, Safi və Vəhid: Bəli, eybi yoxdur.
Fitrəni ayırmaq
Sual: Fitrəni ayıran şəxs ondan istifadə edib yerinə (əvəzinə) başqa mal və ya pul qoya bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, gərək ayırdığını fitrə versin.
Sual: Fitrə verməyən və onu ayırmayan şəxsin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Behcət, Təbrizi və Xameneidən başqa): Günah etmişdir və vacib ehtiyat budur ki, gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni versin.
Təbrizi və Xamenei: Günah etmişdir və gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni verməlidir.
Behcət: Günah etmişdir və müstəhəb ehtiyat budur ki, gələcəkdə onu qəza etsin.
Fitrə ödəmək vaxtı
Sual: Fitrə nə vaxt ayrılmalı və nə vaxt ödənməlidir?
Bütün müctəhidlərin rə`yi: Fitr bayramı namazı qılırsa, vacib ehtiyata əsasən, gərək namazdan qabaq versin və ya ayırsın. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı vardır.
Sual: Fitrəni yoxsula ramazan ayından qabaq vermək olarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, amma onu borc ünvanında verib fitr bayramı günü fitrə hesab etmək olar.
Sual: Fitrə zəkatı adi, yoxsa şər`i qidadan verilməlidir?
Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatı üçün buğda, arpa xurma, düyü və bu kimi şeylərdən vermək kifayətdir.
Fitrənin qədəri
Sual: Hansı miqdarda fitrə verilməlidir?
Bütün müctəhidlərin rə`yi: İnsan özü və onun çörəyini yeyən sayılan hər bir şəxs üçün camaatın yediyindən 3 kq (buğda, arpa, xurma, kişmiş, düyü və bunlar kimi) və ya bunlardan birinin pulunu müstəhəq şəxsə versin.
Sual : Fitrəni başqa şəhərin sakinlərinə vermək olarmı?
(Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər öz məhəlləsində və şəhərində müstəhəq tapılmazsa, onu başqa şəhərin müstəhəqlərinə verə bilər.
Behcət: Öz şəhərində müstəhəq olsa da başqa şəhərin müstəhəqlərinə verə bilər.
Xəstə şəxsin oruc qəzası
Sual: Ramazan ayı və onun qəza orucunu xəstəlik səbəbindən bir neçə il tuta bilməyən şəxsin vəzifəsi nədir?
Bütün müctəhidlərin rə`yi: Sağaldığı il əgər növbəti ramazana qədər qəza etmək qədərində vaxt olarsa, gərək axırıncı dəfə qəzaya verdiyi ilin qəzasını tutsun. Keçmiş illərin qəzası lazım deyil və yalnız hər gün üçün yoxsula bir müdd təam verilməlidir.
«Müdd» və «Təam»
Sual: Oruc kəffarəsində «müdd» və «təam» dedikdə nəzərdə nə tutulur?
«Təam» dedikdə məqsəd buğda, un, çörək, arpa, xurma və sairdir. «Müdd» dedikdə məqsəd təqribən 750 qr və ya 10 acdır.
Kəffarə
Sual: Kəffarə nədir?
«Kəffarə» «küfr» sözündən olub örtmək mə`nasını bildirir. Dini terminologiyada «kəffarə» ibarətdir: baş vermiş müəyyən günaha görə sədəqə vermək, qurban kəsmək və ya bu kimi digər şər`i bir iş görmək.
Kəffarə günahın tə`sirini aradan qaldırıb, onu insandan uzaqlaşdırdığı üçün ona «kəffarə» deyilir. Kafir insan da Allah, qiyamət, nübüvvət və bu kimi həqiqətləri inkar etdiyi və özündən uzaqlaşdırdığı üçün «kafir» adlanır. Kəffarə bütün şəriətlər və dinlərdə ilahi üsullara zidd hərəkətlərin qarşısını almaq üçün həyata keçirilir. Onun mühüm tə`sirlərindən biri də Allah-təalanın razılığını qazanmaq və Onun qəzəbini soyutmaqdır.
Kəffarə bir neçə növə bölünür: müəyyən, müxəyyər, mürəttəb, və müxəyyər, həmçinin cəm kəffarə. Bunların hər birinin mə`nası və aid olduğu sahələr qarşıda açıqlanacaqdır.
Cəm kəffarəsi
Sual: Cəm kəffarəsi nədir?
Bir qul azad etmək, iki ay oruc tutmaq, altmış yoxsulu yedirtmək kəffarələrinin hər üçünü yerinə yetirmək cəm kəffarəsi adlanır. Bu kəffarə iki yerdə həyata keçirilir: İnsan öz orucunu haram bir işlə batil etdikdə və günahsız müsəlmanı qəsdən öldürdükdə.
Qeyd: Dövrümüzdə qul və quldarlıq olmadığı üçün yuxarıda qeyd olunmuş iki kəffarə birgə həyata keçirilməlidir.
Oruc kəffarəsinin növləri
Sual : Oruc kəffarəsi neçə növdür?
Oruc kəffarəsi 4 növdür:
1. Ramazan ayında qəsdən orucu yemək kəffarəsi; qul azad etmək; iki ay oruc tutmaq və altmış yoxsulu yedirtmək.
2. Zöhrdən (günortadan) sonra ramazan ayının qəza orucunu qəsdən pozmağın kəffarəsi; on yoxsulu yedirtmək və imkan olmadıqda üç gün oruc tutmaq.
3. Müəyyən nəzir orucunun kəffarəsi: ramazan ayında qəsdən oruc yemək kəffarəsi kimi. Bə`ziləri (Təbrizi və Vəhid) onun kəffarəsini and kəffarəsi bilirlər və bu kəffarə qul azad etmək, on yoxsulu yedirtmək və ya on yoxsulu geyindirməkdir. İmkan olmadıqda isə üç gün oruc tutmaqdan ibarətdir.
4. E`tikaf gününün oruc kəffarəsi: ramazan ayında qəsdən oruc yeməyin kəffarəsi kimi.
Şəkk gününün orucu
Sual: Şəkk gününün orucu nə deməkdir?
İnsanın şə`ban ayının axırı və ya ramazan ayının əvvəli olması ilə bağlı şəkk etdiyi gün «şəkk günü» adlanır. Bə`zi vaxtlar xalq arasında ayın görünüb-görünməməsi ilə bağlı danışıqlar yarandığından, həmçinin lazımi şərtlərə malik olmayan şəxslər bu barədə şəhadət verdiyindən insanlarda şəkk-şübhə yaranır. Buna görə də belə bir gün şəkk günü adlanır. Belə bir gündə oruc tutmaq vacib deyil. Hətta belə bir gündə ramazan ayının niyyəti ilə oruc tutmaq haramdır. Şəkk günündə oruc tutmaq istəyən şəxs şə`ban ayının niyyəti, qəza orucu olan şəxs qəza niyyəti ilə oruc tutmalıdır.[266]
Sükut orucu
Sual: Sükut orucu nədir?
Sükut orucu dedikdə orucu batil edən səkkiz iş və danışmaqdan çəkinmək nəzərdə tutulur. Belə bir oruc Musa peyğəmbərin şəriətində mövcud olmuş və Bəni-İsrail arasında yerinə yetirilmişdir. Həzrət Məryəm Allah-təalanın məsləhəti ilə müəyyən müddətədək danışmaqdan pəhriz etmişdir. Bununla belə, sükut orucu İslam şəriətində haram sayılmışdır.[267]
Şər`i yoxsul
Sual: Şəriət baxımından kim yoxsul sayılır?
Bütün müctəhidlərin rə`yi: Özü və ailəsinin illik xərcini orta həddə tə`min edə bilməyən şəxs yoxsul sayılır.[268]
Üfüq birliyi
Sual: Üfüq birliyi dedikdə nə nəzərdə tutulur?
Astronomiya elmi baxımından vahid bir coğrafi uzunluqda (meridionda) yerləşən şəhərlər eyni üfüqlü şəhərlər adlanır. Buna görə də bu şəhərlərin birində ay göründükdə (havanın buludlu olması kimi maneələr mövcud olmadıqda) onunla eyni üfüqdə olan digər şəhərlərdə də ay görünür.[269]
Hökm və hakim
Sual: Ayın görünməsi məsələsində hakim və hökmün rolu nədir?
Hökm dedikdə bütün şərtlərə malik müctəhidin şər`i ölçülər əsasında cüz`i mövzularda «inşası» nəzərdə tutulur. Ayın əvvəlinin sübutu, hami tə`yin olunması xalq arasındakı çəkişmələrin həlli bu qəbildəndir. Bu sayaq hökm bütün yetkin insanlara, hətta müctəhidlərə dəlildir. Uyğun hökmə hamı itaət etməlidir. Heç bir müctəhid bu hökmü əsas olmadan rədd edə bilməz. Hökm dedikdə təkcə xəbər və e`lan nəzərdə tutulmur, «həkəmtu» yə`ni «hökm etdim» sözünün deyilməsi zəruridir. Əməliyyə risaləsində hakim dedikdə fətva verən cameüş-şərait müctəhid nəzərdə tutulur.
www.al-shia.org
SALAM MEN BILMEK ISTERDIM NAMAZ QILARKEN DESTEMAZ POZULDUGU HALDA NECE DEFE DESTEMAZ ALMAQ OLAR BU MENE COX VACIBDI XAIW EDIREM CAVABLANDIRASIZ TWKRLER ALLAH RAZI OLSUN SIZLERDEN
ALLAHIN SALAMI OLSUN.
MEN ORUC TUTARKEN ,
ORUCU ACANDA VE BAGLAYANDA DEYILECEK SOZLERI BILMEK ISTIREM. XAHIS EDIREM KOMEKLIK EDERDIZ
Allah razi olsun.
Salam.Ifrari gozlemek yeni iftar ucun telesmek orucu pozur. Birde neyise qoxlamaq yeni bile bile vê ya bilmeden iylemek orucu pozur.
Yazdığınızın ikisi də səhvdir.
Salam men oruc tutmusam ve seher oyandim günorta azanina hele qalir yuxuda tanimadığım adamla cinsi elaqede olmusam menden sperma xaric olub men ne etmeliyem xaiş edirem tecili cavab verin, orucum Düzdür?
Salam. Düzdür.
orucu gunurta azaninda acmq duzgundur??
Xeyr! Orucu axşam, məqrib azanından sonra açırlar.
Salam.Birisi yemeyi bilerekden qoxlayıb orucu batil olub?
İftar duası
Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli.
İlahi sənə xatir oruc tuturam. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm.
Ey mərhəmətlilərin ən mərhəmətlisi məni bağışla.
Rubrikalar
Son yazılar
Son şərhlər
Ən çox şərh olunanlar