Allaha ümid barəsində Həzrət Əlinin (ə) sözü
Həzrət Əli (ə) bu növ ümidlər barəsində buyurmuşdur: “Öz gümanı ilə iddia edir ki, Allaha ümidvardır. Böyük Allaha and olsun ki, yalan deyir. Nə üçün onun ümidvarlığı əməlində görünmür? Hər kim ümidvardırsa, onun ümidvarlığı əməlində görünür. Böyük işlərdə Allaha, kiçik işlərdə isə bəndələrə ümid bağlamışdır. Bəndənin haqqını əda edir, Allahın haqqını isə o qədər də yox. Nə üçün Allahın haqqına qarşı səhlənkarlıq göstərib ona insanların haqqından daha az riayət edirsiniz?!” Həzrət buyurur: “İnsan nəyəsə ümidvar olduqda ona çatmaq üçün çalışır. Ümid insanı hərəkət və təlaşa vadar edir”. Təhsil alan cavan münasib sənətə yiyələnmək və cəmiyyətdə yaxşı mövqe tutmaq üçün illərlə zəhmət çəkir, gecə və gündüz, soyuqda və istidə, vətəndən uzaqda əziyyətə qatlaşır. Nə üçün? Çünki filan sənətə yiyələnməklə münasib mövqe tutacağına ümidvardır. Demək, ümid tənbəllik və süstlik yox, hərəkət səbəbidir.
Bəziləri Allaha ümid bəhanəsi ilə bütün vəzifələrdən boyun qaçırırlar. Müstəhəb işlər görməyə, səhv işlərdən çəkinməyə çalışmırlar. Onlardan soruşulduqda isə deyirlər: “Allahın rəhməti genişdir”; “Allah bizimlə öz rəhməti ilə rəftar edəcək, Onun fəzlindən məyus olmaq olmaz!” Məgər bu şəxslərin Allaha olan ümidi peyğəmbərlər və övliyaların ümidindən daha çoxdur? Peyğəmbərlər və övliyalar Allaha nəhayət dərəcədə ümidvar olsalar da, ən kiçik əməllərdə də səhlənkarlıq göstərmirlər.
Bizim ümidimiz onların ümidindən belə çoxdurmu ki, heç bir əməl etmədən Allahın bizi behiştin ən yaxşı qəsrlərinə aparacağına ümid bağlayırıq?!
Biz, adətən, Allaha çox ümidvar olduğumuzu güman edirik. Lakin Əmirəl-möminin (ə) hamının ovcunu açıb, rüsvay etdi; O buyurdu: “Sizin nə qorxunuz var, nə də ümidiniz. Əgər Allaha ümidvar olsaydınız, əməlləriniz öz təsirini göstərərdi. Hansısa bir şəxsin sizin üçün nəsə bir iş görməsinə ümidvar olduqda onunla necə rəftar edirsiniz?! Həmişə onun xətrinə dəyəcək bir rəftar etməkdən çəkinirsiniz, ona həmişə hörmət edirsiniz və sair. Məgər bircə dəfə ona pis söz deyib, onunla düşmənlik və müxalifətçilik etmisiniz? Bəs Allah ilə necə?”
Həzrət buyurur: “Bəndəyə olan ümidiniz kiçik bir işlə bağlı ikən onunla etdiyiniz rəftarı Allah ilə etmirsiniz; hansı ki, Allaha böyük və əzəmətli işlərdə ümid edirsiniz”.
İnsan başqa insana hansı işlərdə ümidvar ola bilər? Adətən, insan başqa insana çox cüzi və kiçik işlərdə ümid edir. İnsan hansısa bir insanın çətinliyinin aradan götürülməsində, onun üçün böyük bir iş görməkdə, ehtiyac zamanı onun həyasını qorumaqda, hətta təhlükə zamanı onun canını qoruyub bir müddət çox yaşamasında və sair işlərdə vasitə olarsa, yenə bütün bunlar məhduddur. Cavan bir tələbənin ömrünün ən gözəl illərini sərf edib aldığı diplom nə dərəcədə dəyərlidir? 100 milyon, 1 milyard, 100 milyard manat? Hər nə qədər böyük rəqəm olsa, yenə məhduddur. Bizim Allahdan istədiklərimiz isə əbədi və sonsuz bir həyatdır. Məgər biz belə bir istək və ümidə uyğun əməl edirikmi? Əgər ümidvarıqsa, nə üçün bunun təsiri əməllərimizdə görünmür? Demək, daha yaxşı olar ki, Allaha qarşı sadiq olaq və özümüzü aldatmayaq. Allah heç vaxt aldanmaz. Baxmayaraq ki, bəziləri Allahı aldadıb Ona hiylə gəlmək istəyir. Lakin onlar Allahın mütləq agahlığından xəbərsizdirlər: “Allahı və iman gətirənləri aldatmaq istəyənlər özlərindən başqasını aldatmırlar.”
Allah ilə sədaqətli olmalıyıq. Allaha qarşı zirəklik əslində fərsizlikdir. Allah qarşısında zirək o kəsdir ki, öz niyyətini xalis etsin və Allaha qarşı sədaqətli olsun. İman adı altında öz nəfs istəklərimizə əsasən etdiyimiz işlər xalqı aldada bilər. Lakin Allah aldanmaz. Əgər indiyədək belə olmuşuqsa, səbəb niyyət və əməllərimizin xalis olmamasıdır. Əgər özümüzü dəyişmək istəyiriksə, tam çevrilməliyik; ümidimiz yalnız Allaha olmalıdır. Yoxsa Allah bizi uzaqlaşdırar. Bununla da bir-birimizdən asılı qalıb, biçarə olar və bir yerə çıxa bilmərik. Yalnız Allahın etibarlı güvənc yeri olduğunu və Ondan başqa kimə ümid bağlasaq naümid qalacağımızı bilməliyik.
İmam Sadiqdən (ə) olan bir rəvayətdə nəql olunur ki, Allah-təala buyurdu: «And olsun izzət və cəlalıma, ərş üzərində əzəmətimə, Məndən başqasına ümidvar olan kəsin ümidini məyusluğa çevirəcək, xalq qarşısında ona zillət libası geydirəcək, onu özümdən uzaqlaşdıracaq, vüsalıma qovuşdurmayacam. Müşküllər mənim əlimdə olduğu halda çətinliyə düşdükdə Məndən başqasınamı ümid bağlayır? Bağlı qapıların açarı mənim əlimdə olduğu halda başqalarınınmı qapısını döyür? Mənim qapım Məni çağıranların üzünə açıq deyilmi? Çətinliyə düşdüyü vaxt Mənə ümid bağlayıb ümidsiz qalmış bir kəs tapılarmı? Mühüm bir işdə Mənə üz tutub məhrum qalmış birini tapmaq olarmı?!»
Beləliklə, yalnız və yalnız Allaha ümidvar olmalıyıq. Allaha ümidvar olmaq, yəni bütün qüvvələri Allahdan bilmək və bunları işə salmaq; Allahın iradəsi olmadan heç bir işin baş tutmamasına inanmaq. Həkim yanına gedib dərmandan istifadə etmək lazımdır. Lakin şəfa Allahın əlindədir. Əgər Allah istəməsə, həkim düzgün seçim etmədən başqa bir dərman göstərəcəkdir. Yaxud da bütün bu işlər qaydasında olsa belə, şəfa üçün vasitə olmayacaqdır. Bu o demək deyil ki, həkimə müraciət etməyə ehtiyac yoxdur. Allaha ümidvar olmaqla yanaşı həkimin göstərişlərinə də əməl etməliyik; çünki bu işlər Allahın feyz vasitələrindəndir. Bütün hallarda şəfa Onun tərəfindədir.
Allaha güvənmək, yəni bütün işlərin və bu işlərin vasitələrinin Allahın əlində olmasına inanmaq; insanın qəlbən Allahı düşünməsi, bütün işləri Onun sahmana saldığına və bütün vasitələri Onun yaratdığına inanması; hətta vasitələr olmayan yerdə də O səbəbkarlıq üçün aciz deyil və vasitəsi olmadan da hansısa bir işi görə bilər. Beləliklə, mömin insan heç bir halda ümidini Allahdan üzmür, istər adi vasitələr olsun, istərsə də olmasın. Əgər nəzərdə tutduğu vasitəyə çatmırsa, naümid olmur. Bu vasitələr istər pul olsun, istər şəfaətçi, istər doktor, istər dərman, istərsə də bu kimi başqa şeylər. Demək, Allahın bizim ehtiyaclarımızı hökmən qeyri-adi vasitələrlə aradan qaldıracağını gözləməməliyik. Adi vasitələrə məhəl qoymayıb Allahdan çətinlikləri qeyri-adi yolla həll etməsini istəmək özünəpərəstişdir; çünki adi vasitələrlə öz məqsədimizə çatmağımız Allahın iradəsidir. Buyurur: “Allah işlərin öz vasitələrindən qeyri vasitələrlə baş tutmasından çəkinər.” Bəli, Allah adi vasitələr olmayan yerdə qeyri-adi vasitələrlə öz işini görür; necə ki, Bəni-İsraildən bir dəstə üçün səmavi süfrə göndərdi, həzrət İbrahimi alovdan diri saxladı və s.
“Pərvərdigara, biz elə bir əzəmətli dövlətin iştiyaqındayıq ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın, nifaq və münafiqlər zillətə düçar olsun və həmin dövlətdə bizi itaətə dəvət edənləri öz yolunda rəhbər qərar verəsən, onun vasitəsi ilə dünya və axirətin böyüklüyünü bizə nəsib edəsən”.
«Rəbbin dərgahında»