Главная » Müxtəlif

Müsafir şəxsin orucunun hökmləri

16 августа 2010 2 комментария

Müsafir şəxs oruc tutmamalıdır. Ümumiyyətlə, namaz yarı olan yerlərdə oruc tutulmamalıdır. Namazını bütöv qılan müsafir (məsələn, işi səfər olan, on gün qalmağı qəsd edən) isə səfərdə orucunu tutmalıdır. Ramazan ayında səfərə çıxmaq haram deyil, lakin, orucdan boyun qaçırmaq üçün səfərə getmək məkruhdur. Əgər ramazan ayının oruclarından əlavə, vaxtı müəyyən olan digər bir oruc insana vacib olsa (məsələn, şaban ayının 15-də oruc tutmağı nəzir edib), vacib ehtiyata görə, həmin gündə səfərə getməməlidir. Əgər səfərdədirsə, imkan varsa bir yerdə 10 gün qalmasını qəsd edib, həmin günü oruc tutmalıdır. Oruc tutmağı nəzir edib onun gününü müəyyən etməyən şəxs onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir günü oruc tutmağı nəzir etsə və yaxud səfərdə olub-olmamasından asılı olmayaraq, müəyyən bir günü oruc tutmağı nəzir etsə, vacib ehtiyata görə, o günü səfərdə olmasına baxmayaraq, oruc tutmalıdır. Müsafir, Allahdan hacətlərini istəmək üçün Mədinə şəhərində üç gün müstəhəb oruc tuta bilər (10 gün orada qalmağı qəsd etməsə belə). Lakin, ehtiyata görə üçüncü, dördüncü və cümə günləri oruc tutsun. Səfərdə olan zaman orucunun batil olduğunu bilməyən bir şəxs səfərdə oruc tutsa, orucu düzgündür. Amma gün ərzində məsələni başa düşsə, orucu batildir. Bir şəxs səfərdə olduğunu, yaxud səfərdə orucunun batil olduğunu unudub, bu halda oruc tutsa, vacib ehtiyata görə, orucun qəzasını tutmalıdır. Oruc tutan şəxs zöhrdən sonra səfərə getdiyi halda orucunu axıra qədər tutmalıdır. Zöhrdən qabaq səfər etdikdə isə orucu batildir. Lakin, tərəxxüs həddinə çatmamışdan qabaq iftar edə bilməz. Əgər o həddə çatmamışdan qabaq iftar etsə, ona kəffarə vacibdir (tərəxxüsdən məqsəd, azan səsinin eşidilmədiyi və camaatın nəzərində, şəhərin gözdən itdiyi yerdir). Əgər müsafir zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işləri yerinə yetirməyibsə, oruc tutmalıdır. Əgər (orucu batil edən işlərdən) görübsə, sonradan qəzasını tutmalıdır. Müstəhəbdir ki, bu şəxs günün qalmış hissəsində özünü orucu batil edən şeylərdən saxlasın. Lakin, zöhrdən sonra vətənə daxil olsa, oruc tuta bilməz. Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin, ramazan ayının gündüzündə doyunca yeyib-içməsi, habelə cima etməsi məkruhdur.

2 комментария »

  • AbdulKərim yazır:

    Əgər bir şəxs keçən ilin ramazan ayında qəzaları (23 gün) qalıbsa bu ramazanacan tuta bilməyibsə bunun hökmü nədi? nə etməlidi?

  • admin (author) yazır:

    Xahiş edirəm sualınızı bura yazın! Sizə cavab veriləcək: http://fetva.313news.net/sual