Orucun kəffarəsinin hökmləri
Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs, vacib ehtiyata əsasən, onun 31 gününü ardıcıl tutmalıdır. Lakin, qeyd etdiyimiz 18 günlük orucu ardıcıl olaraq tutması lazım deyil. Əgər ardıcıl oruc tutmalı olan günlər arasında üzürsüz olaraq fasilə salsa, orucların hamısını əvvəldən başlamalıdır. Lakin, heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan getdikdən sonra davam etdirə bilər və yenidən başlaması lazım deyil. Bir şəxs öz orucunu haram şeylə batil etsə, vacib ehtiyata əsasən, kəffarəsini cəm halda verməlidir. Yəni həm bir qul azad etməli, həm iki ay oruc tutmalı, həm də 60 fəqiri doyuzdurmalıdır (yaxud da onların hər birinə bir müdd-750 qram miqdarında olan yemək verməlidir). Əgər hər üçünü yerinə yetirmək imkanı olmazsa, mümkün olan qədərini yerinə yetirməlidir (İstər bu şey haram olsun şərab, zina kimi və istərsə də öz arvadı ilə heyz halında yaxınlıq etmək kimi olsun). Əgər oruc tutan şəxs Allah və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in adından yalan danışsa, cəm kəffarəsi deyil, bir kəffarə verməsi kafidir. Əgər oruc tutan şəxs ramazan ayının bir günündə bir neçə dəfə cima etsə, ona bir kəffarə vacibdir. Əgər onun ciması haram olsa, bir cəm kəffarəsi və həmçinin, əgər bir gündə bir neçə dəfə orucu batil edən başqa işləri yerinə yetirsə, hökmü eynidir.
Oruc tutan şəxs orucunu halal şeylə batil edib, sonra isə orucu batil edən haram bir iş görsə, vacib ehtiyata əsasən, hər biri üçün bir kəffarə verməlidir. Oruc tutan şəxs gəyirdiyi halda ağzına gələn şeyi udmamalıdır. Əks təqdirdə orucu batil olar, qəza və kəffarəsi var. Lakin, cəm kəffarəsi lazım deyil. Bir şəxs müəyyən gündə Allah yolunda oruc tutacağını nəzir etsə və həmin günü bilərəkdən oruc tutmasa və yaxud öz orucunu batil etsə, kəffarə verməlidir (Onun kəffarəsi ramazan ayının kəffarəsi kimidir). Əgər etimadsız bir şəxsin “qürub olmuşdur” deməsi ilə iftar etsə və sonra məlum olsa ki, qürub olmamışdır, ona qəza və kəffarə vacibdir. Orucunu bilərəkdən batil edib sonra səfərə çıxsa, kəffarə üzərindən götürülmür. Lakin, bilərəkdən orucunu batil etsə və sonradan heyz, nifas və yaxud xəstəlik kimi üzr qarşısına çıxsa, ona kəffarə vacib deyil. Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə və sonradan şəban ayının axırı olması məlum olsa, ona kəffarə vacib deyil. Həmçinin əgər bir şəxs ramazanın axırı, yaxud şəvvalın əvvəli olduğunda şəkk etdiyi halda qəsdən orucunu batil etsə və sonradan bayram günü olduğu məlum olsa, kəffarəsi yoxdur. Oruc tutan şəxs ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, əgər onu məcbur edibsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma əgər o cimaya razı olsa, hər birinə bir kəffarə vacib olur. Əgər orucu batil edən digər şeylərə məcbur etsə, günah etmişdir, amma kəffarə isə heç birinə vacib deyil. Lakin, orucunu yeyən şəxs qəzasını tutmalıdır. Oruc tutan qadın, oruc tutmuş ərini cimaya məcbur etdiyi halda yalnız bir kəffarə ona vacibdir və ərinin kəffarəsini verməsi lazım deyil. İlk halda cima etməyə məcbur edilən, lakin cima əsnasında bu işə razı olan qadının əri, vacib ehtiyata əsasən, iki kəffarə verməlidir. Qadına isə yalnız qəza vacib olur. Səfərdə olmaq və ya xəstəlik səbəbi ilə oruc tutmayan bir şəxs arvadını cimaya məcbur edə bilməz. Amma məcbur etsə günah etmişdir, lakin onun da kəffarəsini verməsi lazım deyil. Kəffarənin dərhal verilməsi lazım deyil. Lakin, “səhlənkarlıq edir” deyiminə səbəb olmamalıdır. Kəffarəni ödəməməyin üstündən neçə ilin keçməsinə baxmayaraq heç nə ona əlavə olunmaz. Orucun kəffarəsi üçün 60 fəqirə yemək verməyi seçən bir şəxs hər birinə bir müdd (təqribən, 750 qm) yemək verməlidir. Bir neçə nəfərə bir müdd- 750 qm (yemək) verə bilməz. Lakin, 60 fəqiri tapmadığı zaman bu işi görə bilər. Həmçinin, fəqirin yeməyi öz ailəsinə aparıb onlarla birlikdə yediyini yəqin etdiyi zaman ona ailə üzvlərinin hər biri üçün, hətta azyaşlı olsalar belə, bir müdd-750 qm yemək verə bilər. Ramazan ayının orucunun qəzasını tutan bir şəxsin zöhrdən sonra orucunu batil etməsi caiz deyil. Bu işi bilərəkdən gördüyü halda isə 10 fəqirin hər birinə bir müdd – 750 qm yemək verməlidir. Bunu bacarmadığı halda üç gün ardıcıl oruc tutmalıdır.
«Şəriət hökmlərin izahı»