Fitrə zəkatı
Fitr bayramı gecəsinin qürubundan qabaq həddi-büluğa çatmış, aqil və imkanlı olan bütün şəxslərə zəkatın fitrəsi vacibdir. Yəni gərək özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayatdir. İmkanlı şəxs dedikdə iş, alver yolu ilə özünün və ailəsinin illik xərclərini ödəyə bilənlər nəzərdə tutulur. Belə olmayan şəxs fəqirdir, ona fitrənin zəkatı vacib deyil və fitrə zəkatını ala bilər.
İnsan fitr bayramı gecəsinin qürubundan qabaq- böyük-kiçik, müsəlman- kafir, xərcləri özünə vacib olan şəxslər- xərcləri özünə vacib olmayan şəxslər olmasından, onun yanında yaşayıb-yaşamamasından asılı olmayaraq- ailə üzvlərindən sayılanların fitrələrini verməlidir. Başqa bir şəhərdə yaşayan ailə üzvlərindən bir şəxsi onun malından fitrəsini ödəməsi üçün vəkil etsə və onun bu işi görəcəyindən xatircəm olsa, kifayat edər. Qonaq ev sahibinin icazəsi ilə fitr bayramı gecəsinin qürbundan qabaq (evə) gəlib, onun çörək yeyəni sayılsa (yəni, bir müddət yanında qalmaq fikrində olsa) qonağın zəkatını vermək vacibdir. Lakin, yalnız bayram gecəsi üçün dəvət olunubsa, onun zəkatı ev sahibinə vacib deyil. Ev sahibinin razılığı olmadan (evə) gəlibsə, vacib ehtiyata əsasən, onun fitrəsini verməlidir. Onu, xərcini verməyə məcbur edən şəxsin hökmü də yuxarıdakı hökmlə eynidir. Əgər qürubdan qabaq uşaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir imkanlı olsa, gərək fitrənin zəkatını versin. Lakin, (yuxarıda qeyd edilən şərtlər) qürubdan sonra olsa, zəkatın fitrəsi lazım deyil. Amma, bayram gününün günortasından öncəyə qədər deyilən şərtlər olarsa, zəkat fitrəsinin verilməsi müstəhəbdir. Fəqir bir şəxsin yalnız 1 sa (təqribən 3 kq.) buğda və ona oxşar ərzağı olduğu halda, zəkat fitrəsini verməsi müstəhəbdir. Əgər ailəsinin də fitrəsini ödəmək istəsə, 1 sanı fitrə qəsdi ilə onların birinə və o da eyni məqsədlə onu ayrısına versin və (beləcə) sonuncu ailə üzvünə qədər (davam etsin). Sonradan onu özlərindən olmayan bir şəxsə vermələri yaxşıdır. Əgər onlardan biri kiçikdirsə (səğir), başçısı onun əvəzinə qəbul edib ayrı şəxsə versin.
Əgər fitr bayramı gecəsinin qürbundan sonra uşağı dünyaya gəlsə, yaxud bir şəxs onun çörək yeyəni olsa, onun fitrəsini verməsi vacib deyil, müstəhəbdir. Kiminsə çörək yeyəni olan bir şəxs qürubdan qabaq başqa birinin çörək yeyəni sayılsa, onun fitrə zəkatı ikinci şəxsin öhdəsindədir. Məsələn, qız qürubdan qabaq ər evinə köçərsə, zəkatını əri verməlidir. Əgər insanın zəkat fitrəsi başqasına vacib olsa, onun özünə vacib deyil. Lakin, əgər ona vacib olan şəxs ödəməsə, vacib ehtiyata əsasən, bacarırsa özü versin. İnsanın zəkat fitrəsi başqasına vacib olduğu halda özü onu ödəsə, üzərindən götürülməz. Əgər qarşı tərəfin icazəsi ilə baş tutsa, istisnadır.
Əgər əri tərəfindən xərcləri ödənilməyən qadın başqasının çörək yeyənidirsə, fitrəsi çörəyini yediyi şəxsin öhdəsindədir. Əgər qadın imkanlı olduğu üçün şəxsi malından xərcləyirsə, fitrəsini şəxsən özü verməlidir. Seyid olan şəxs qeyri-seyiddən zəkat ala bilməz. Ana və yaxud dayədən süd əmən körpənin fitrəsi, ana və yaxud dayənin xərclərini ödəyən şəxsin öhdəsindədir. Əgər körpənin şəxsi malından xərclərini götürürlərsə, onun fitrəsi nə özünə və nə də özgəsinə vacib deyil. Əgər bir şəxs ailəsinin xərclərini haram maldan verirsə, onların fitrəsini halal maldan verməsi vacibdir. Əgər insan bir kəsi əcir edib, xərclərini verməsini (bir xidmətçi kimi) şərt etsə, onun fitrəsini verməlidir. Lakin verdiyi xərclər fəhlələrin əmək haqlarının bir hissəsi sayılarsa, onların fitrəsi iş sahibinə vacib deyil. Habelə, mehmanxana və ona oxşar yerlərdə çalışan fəhlələr adət üzrə yeməklərini orada yeyir və bu, həqiqətdə, onların məvaciblərindən sayıldığı üçü, işçilərin fitrəsi iş sahibinə deyil, özlərinə vacibdir. Hərbi hissə və döyüş meydanlarında olan əsgərlərin xərcləri dövlətin öhdəsindədir. Lakin, onların fitrəsi dövlətə vacib deyil. Əgər (deyilən) şərtlər onlarda varsa, öz zəkat fitrələrini şəxsən verməlidirlər. Əgər bir nəfər ayın son gününün qürbndan sonra dünyadan getsə, gərək onun və ailəsinin fitrəsini malından versinlər. Lakin, əgər qürubdan qabaq ölsə vacib deyil. Ailəsi vacib fitrənin şərtlərinə malik olduğu halda, özləri fitrə zəkatlarını ödəməlidirlər.
“Şəri suallara cavablar”